Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

Naxçıvan Şimali Koreyanı xatırladır

Vasif Talıbovun tarixi missiyası

Bəlkə də sizə qəribə görünəcək, ancaq mən Naxçıvan hökmdarı haqda tamamilə başqa fikirdəyəm. O, Azərbaycan üçün hava və su kimi vacib olan bir ideyanın gerçəkləşməsində müstəsna, hətta deyərdim ki, tarixi rol oynadı. Çox güman ki, o bunu fərqinə varmadan edir, amma nə olsun ki? Əsas məsələyə keçməzdən əvvəl Vasif Talıbovun siyasi portretinə nəzər salaq.

Bəli, bu gün Naxçıvan hardasa Şimali Koreyanı xatırladır, fərqli düşünənlər amansız şəkildə təqib edilir, başda “Azadlıq” qəzeti olmaqla, tənqidi mətbuat, demək olar, qadağan edilib, insanların ən primitiv formada toplaşması imkansızdır və s.

Ölümcül şəkildə döyülən yerli hüquq müdafiəçisı Ilqar Nəsibovun tükürpədici fotosunu yəqin ki, görmüsünüz. Hətta bəzi saytlar bu görüntüləri “+18" uyarısı ilə yerləşdirdilər. Yəni yetkinlik yaşına çatmayanlar və ürəyi zəif olanların baxması məsləhət deyil. Xatırladaq ki, bundan əvvəl də Tural Zeynalov adlı gəncin faciəli ölümü də ölkəni sarsıtmışdı. Yerli hüquq mühafizə orqanları, daha doğrusu Naxçıvan MTN-nin bu hadisəni ört-basdır etmək üçün nələrə əl atdığını yəqin ki, xatırlayırsınız.

Naxçıvanda bu gün kommunist rejimi ilə müstəmləkə idarə üsulunun qarşışığından ibarət bir sistem hakimdir. Bir tərəfdə məcburi iməciliklər, müxtəlif ad altında töycü və biyar sistemi, digər tərəfdə isə, məhdud bir kastaya (tayfaya) tanınmış ağlasığmaz üstünlüklər. Yəni yuxarıda bəhs etdiyim hər iki idarəetmənin ən mürtəce, amansız metodları Naxçıvana hakimdir.

Və heç kim Vasif Talıbova “gözün üstə qaşın var” deyə bilmir. Əksinə, onun tətbiq etdiyi bəzi metodlar avanqard nümunə kimi ölkədə tətbiq edilir. Məsələn, götürək elə yas mərasimlərində yemək verilməsinə qoyulan qadağanı. Bunu ilk dəfə Vasif Talıbov Naxçıvanda tətbiq etmişdi. Hazırda bütün Azərbaycanda bu qadağanı tətbiq etmək istəyirlər. Vasif Talıbov bunu hansı məqsədlə etmişdi, deyə bilmərəm, amma fikrimcə, bunun ölkədə tətbiqi ölü sahibindən pul qoparmaq məqsədi ilə edilir. Bu, dəfn mərasimində rüşvətsiz həyata keçirilən yeganə epizod idi. Onu da Vasif Talıbovun sayəsində aradan qaldırdırdılar. Cəsarətlə bəyan edirəm ki, ölü sahibi bundan sonra ehsan vermək üçün “bürokratik əngəl”i aşmalıdır. Azərbaycanda bunun necə edildiyi yəqin ki, hamınıza məlumdur.

Gələk əsas məsələyə, yəni Vasif Talıbovun missiyasına. Naxçıvan Azərbaycanın ən siyasiləşmiş və mühafizəkar bölgəsidir. Istənilən hakimiyyət dəyişikliyini bu bölgənin iştirakı olmadan həyata keçməsi, razılaşın ki, mümkün deyil. Təsadüfi deyil ki, SSRI kimi qapalı, hər tərəfdən tikanlı məftillərlə əhatə edilmiş avtoritar rejimə qarşı siyasi etiraz aksiyası məhz Naxçıvanda başladı. Insanlar ilk dəfə məhz Naxçıvanda əllərinə kəlbətin alaraq, Azərbaycanı ikiyə bölən tikanlı məftilləri sökməyə başladılar. O gündən Naxçıvandan “arxayın olan” Bakıda hökmranlıq edir. Bölgə bu günə qədər siyasi cəhətdən aktiv olmasa da, hakimiyyətdən o qədər də narazı deyildi. Digər bölgələrə nisbətən rejimə qarşı “dözümlülük” göstərirdi. Mərhum Heydər Əliyevin vaxtında bölgəyə xüsusi diqqət göstərilirdi. Türkiyəyə asan-gediş gəliş, sadə vətəndaşlara oraya yanacaq satmaq imkanı və digər imtiyazlar mövcud idi.

Naxçıvan əhli, bir az kobud şəkildə ifadə etsək, muxtariyyəti özləri ilə Bakıya da daşımışdılar. Təxminən on il öncə bir Naxçıvan toyunda iştirak etmişdim. Rəqs edənlərin əksəriyyəti “Badamlı” mahnısını sifariş edirdi. Toyun axırına yaxın mən bu mahnının sözlərini əzbər bilirdim.

Vasif Talıbovun tarixi missiyasi ondan ibarət oldu ki, bütün bu “neqativ sterotipləri”(!) aradan qaldırdı. Sadə Naxçıvan əhalisinin digər bölgə əhalisin arasında olan bu “kiçik fərqi” nəinki aradan götürdü, hətta yuxarıda bəhs etdiyim vəziyyəti yaratdı. Yəni bugünkü Naxçıvan camaatı digər bölgələrimizə nisbətən daha ağır şərtlərlə yaşamağa məhkum edildi.

Yəqin siz də hiss edirsiniz ki, bu gün Azərbaycanda imtiyazlı naxçıvanlı və digərləri söhbəti yoxdur. Əksinə, haqsızlıqlara məruz qalan sadə naxçıvanlı obrazı hamımızın yaralı yerimizə çevrilib.

“Vasif Talıbov faktoru, obrazlı desək, Azərbaycanı rejimə qarşı birləşdirdi”.

Xaqani Əliyev/azadlıq
1001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09