Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

Azər Əsgərovu da ilişdirdilər

Mülkünü AXCP-yə qərargah kimi vermiş şəxs saxlanıldı

Azər Əsgərov xırda xuliqanlıqda və hakimiyyət nümayəndəsinə tabe olmamaqda suçlanır; obyekti dağıdılan sahibkara cinayət işi açılacağı da istisna edilmir
Azər Əsgərov xırda xuliqanlıqda və hakimiyyət nümayəndəsinə tabe olmamaqda suçlanır; obyekti dağıdılan sahibkara cinayət işi açılacağı da istisna edilmir.
AXCP-nin qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl partlayış baş verdikdən sonra sökülən mülkün sahibi Azər Əsgərov avqustun 24-də saxlanılaraq polisə aparılıb. Bu barədə musavat.com-a onun yaxınları məlumat verib. Xəbərdə bildirilir ki, A.Əsgərov səhər saatlarında 18-ci polis bölməsinə çağırılıb. Orada ona bildiriblər ki, inzibati hüquq pozma ilə bağlı barəsində protokol tərtib olunacaq. O, 18-ci polis bölməsində saxlanılıb: “Bizə qeyri-rəsmi şəkildə məlumat çatıb ki, onun həbs edilməsi planlaşdırılır”.
Mənbə deyib ki, A.Əsgərov polis bölməsində bir neçə saat saxlanıldıqdan sonra o, Nərimanov Rayon Məhkəməsinə aparılıb.
Hüquqşünas Namizəd Səfərov musavat.com-a açıqlamasında bildirdi ki, avqustun 24-də günorta saat 13 radələrində A.Əsgərov ona telefon açaraq saxlanıldığını və Nərimanov Rayon Məhkəməsinə aparıldığını deyib: “Mən məhkəməyə getdim, orada məlum oldu ki, Azər Əsgərov xırda xuliqanlıqda, polisə tabe olmamaqda ittiham edilir. Mənə bildirdilər ki, Vəkillər Kollegiyasının üzvü olmadığım üçün bu işdə Azər Əsgərovun hüquqlarını müdafiə edə bilmərəm. Söhbət zamanı o da məlum oldu ki, Əsgərovun barəsində həbslə bağlı olmayan inzibatı cəza tədbiri görülə bilər. Ancaq sonradan onun haqqında heç bir məlumat ala bilmədik, telefonu da söndürülüb.
18-ci polis bölməsindən deyirlər ki, həmin şəxsi onlar saxlayıb sonra buraxıblar, məhkəmədən də heç bir informasiya ala bilmirik. Əsgərovun yaxınlarına da heç bir informasiya verilməyib. Qeyri-rəsmi informasiya isə ondan ibarətdir ki, onun məhkəməsi avqustun 25-ci saat 10-a təyin olunub. Görünür, ortada nəsə qaranlıq məqamlar var, yəni mümkündür ki, onu sutkalıq həbs etsinlər, sonradan Azər Əsgərovun barəsində cinayət işi də başlanılsın, nə desən gözləmək olar. Hesab edirəm ki, Azər Əsgərova qarşı bu ittihamlar uydurmadır, sadəcə o, dağıdılan mülkünə görə mübarizə apardığı üçün başına bu oyunu gətirirlər”.
Axşam saatlarına qədər Azər Əsgərovun taleyindən bir xəbər yox idi.
Xatırladaq ki, uzun illərdir Türkiyədə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.Əsgərov Nərimanov rayonu ərazisində yerləşən mülkünü AXCP-yə qərargah kimi icarəyə vermişdi. Partiya orada yerləşəndən bir neçə ay sonra orada partlayış baş verdi və bunun ardınca həmin mülk söküldü. Mülkiyyətinin sökülməsi ilə bağlı Türkiyədən Bakıya gələn Əsgərov uzun müddətdir ona dəyən ziyanın ödənməsini tələb edir, ancaq indiyədək mülkünün sökülməsinə görə kompensasiya verilməyib.
Onu da qeyd edək ki, A.Əsgərov mülkünün dağıdılmasından sonra sosial şəbəkələrdə hakimiyyətə qarşı radikal çıxışlar edirdi. İstisna deyil ki, onun saxlanılması daha çox bu amillə bağlıdır.
İş günü olmadığı üçün Daxili İşlər Nazirliyindən hər hansı açıqlama ala bilmədik.
885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02