Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Rusiya həkimləri Ebolaya çarə tapdılar

Rusiya Səhiyyə Nazirliyi ölkə həkimləri tərəfindən Ebolaya qarşı eksperimental vaksinin icad olunduğunu bəyan edib

Minlərlə insanın həyatına son qoyan və dünyanı şiddətliyi ilə lərzə salan Ebola virusunun çarəsi Rusiya həkimləri tərəfindən tapılıb. Rusiya səhiyyə naziri Veronika Skvortsova bəyan edib ki, yeni eksperimental vaksin artıq ilk müsbət nəticələr göstərib.

“Qvineyadan aparıcı həkimlərimizin bir qrupu qayıdıb. Biz Ebola virusuna yoluxmasının səbəbini və onun xarakteristikasını artıq bilirik. Yeni eksperimental vaksin hazırladıq və həmin preparatın klinik prosedurlardan öncəki təcrübəsi müsbət nəticələr verib”, - deyə nazir bildirib.

O əlavə edib ki, rusiyalı həkimlər və təbabət sahəsində çalışan elm adamları ölkədə bu dəhşətli xəstəliyin peydə olmaması uğrunda mübarizə aparırlar – Qərbi və Mərkəzi Afrikadan gələn reyslərdəki sərnişinlər ciddi yoxlamalardan keçir, Rusiyanın ali təhsil ocaqlarında tətillərdən dönən afrikalı tələbələr yoxlanılır.

“Rospotrebnadzor”un rəhbəri Anna Popova isə əlavə edib ki, 2400 nəfərin həyatına son qoymuş və Afrika ölkələrində tüğyan edən Ebolaya qarşı artıq dərman icad edilib və yaxın zamanlarda könüllülər onu təcrübədən keçirlə biləcəklər.

Eksperimental vaksinin adı açıqlanmasa da, onu icad edənlər inanırlar ki, bu dərman Ebola virusunun yayılmasını dayandıracaq, virusa yoluxmuş xəstələri isə sağaldacaq.

Yaponiya da Ebolaya qarşı “Favipiravir” adlı preparatı icad etdiyini bildirib. ABŞ və Kanada həkimləri isə “ZMapp” dərmanını artıq təcrübədən də keçiriblər. Güman edilir ki, “ZMapp” iki amerikalı həkimi Ebola bəlasından qurtarıb, lakin liberiyalı Abraham Borbor bu dərmanı qəbul etməyinə baxmayaraq xilas oluna bilməyib./interaztv.com/
1068 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber