Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Səfər Əbiyevin özəlləşdirdiyi obyektlər əlindən alınır

Sabiq müdafiə naziri üçün əsl təhvil-təslim başladı

MN-in keçmiş şefinin ələ keçirdiyi hər şeyə əl qoyulur; general-polkovnikin nazirliyin tenderləri vasitəsilə dövlətin milyonlarını öz müəssisələrində necə yuması haqda şok faktlar aşkarlanıb; silahlı qüvvələr üçün həyata keçirilən bütün əməliyyatlar yoxlanılacaq


Hələ vəzifədə olarkən barəsində çoxsaylı korrupsiya və rüşvətxorluq, qanunsuz özəlləşdirmələr, pul köçürmələri, saxta tenderlərlə bağlı ittihamlar  səsləndirilən sabiq müdafiə naziri Səfər Əbiyev görəvindən alındıqdan sonra onunla bağlı daha ciddi faktlar ortaya çıxmaqdadır. Prezident İlham Əliyevin oktyabrın 22-də hökumətin yeni tərkibini müəyyənləşdirən sərəncamı ilə 18 il tutduğu müdafiə naziri postunu itirməsindən sonra S.Əbiyevin ordudakı bütün kadrları və Müdafiə Nazirliyi sistemindəki böyük yeyintilərdə ciddi rolları olan  yüksək vəzifəli hərbçilər silahlı qüvvələrdən ya uzaqlaşdırılır, ya da aşağı vəzifələrə keçirilir. Bugünlərdə Müdafiə Nazirliyi sistemində total yoxlamaların başlayacağını və nəticəsinin necə olacağını bilən bir sıra yüksək vəzifəli hərbiçilər isə istefa verərək canlarını qurtarmağa çalışırlar. Belələrinin arasında hətta generallar da var.

Bütün bunlar S.Əbiyevdən sonra Müdafiə Nazirliyi sistemində baş verən, gözlə görünən açıq və rəsmi proseslərdir. S.Əbiyev və onun Müdafiə Nazirliyindəki adamları ilə bağlı baş verən qeyri-rəsmi hadisələrin miqyası isə daha geniş və daha ciddidi. MN-in sabiq şefinin ələ keçirdiyi və vaxtilə nazirliyə məxsus bir sıra obyektlərin, eləcə də vəzifəsindən istifadə edərək özəlləşdirdiyi başqa böyük  obyektlərin başının üzərini  qara buludlar alıb. İstefaya göndərildiyi qısa müddət ərzində aparılan ilkin araşdırmalar zamanı S.Əbiyevin həmin obyektlərin bir çoxunu qanunsuz ələ keçirərək böyük müəssisələr qurduğu və həmin müəssisələrin Müdafiə Nazirliyinin təchizatı ilə bağlı elan olunan əksər tenderlərin qalibi elan olunduğu, bu yolla da dövlətin milyonlarının mənimsənildiyi aşkarlanıb.
Məlum olub ki, belə obyektlərdən biri də Bakıda Qarabağ küçəsində yerləşən “Bakı Əyirici Toxucu” ASC-dir. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda S.Əbiyevin həmin müəssisəni 10 il əvvəl vəzifəsindən və hakimiyyətdəki mövqeyindən istifadə edərək 13 milyon manata özəlləşdirdiyi bildirilir. Həmin müəssisədə baş prokurorun sabiq birinci müavini, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan İsa Sadıqovun da müəyyən payının olduğu iddia olunur.


Əldə etdiyimiz məlumatda bildirilir ki, 10 ilə yaxın müddətdə Müdafiə Nazirliyinin geyim təchizatı ilə bağlı bütün tenderlərin  yalançı qalibi olaraq “Bakı Əyirici Toxucu” ASC göstərilib və S.Əbiyevin bu müəssisəyə təyin etdiyi direktorların vasitəsilə büdcədən ayrılan pullar öz cibinə axıb: “Əvvəllər Səfər Əbiyevin qardaşı Rüstəm Əbiyev bu müəssisənin direktor müavini idi. Bütün məsələlərə birbaşa o nəzarət edirdi.  Ancaq sonradan bununla bağlı ciddi qalmaqal yarandı. Səfər Əbiyev ”Bakı Əyirici Toxucu" ASC-nin ona məxsus olduğunu gizlədirdi.  Amma Rüstəm Əbiyevin orada direktor müavini olması Səfər Əbiyevin gizli əməliyyatlarını və dövlət büdcəsindən ayrılan pulların necə mənimsənilməsini ifşa edirdi. Buna görə də qardaşını oradan uzaqlaşdırdı. Bu müəssisənin direktorları isə hər zaman Səfər Əbiyevin əlində bir vasitə olublar və faktiki olaraq onların ASC üzərində heç bir yetkisi olmayıb.


Son 10 ildə bu müəssisənin Müdafiə Nazirliyinin tenderlərində qalib gəlməsi adı ilə onun bank hesabına  o qədər böyük məbləğdə pullar köçürülüb ki, artıq onların sayı-hesabı da itib. Bunların əksəriyyəti də malsız, yəni Müdafiə Nazirliyi üçün heç bir ləvazimat istehsal edilməyən əməliyyatlar olub. Bundan başqa, Müdafiə Nazirliyinin ərzaq təminatı da başqa müəssisələr vasitəsilə bu formada həyata keçirilib".

Bu barədə aldığımız məlumatlarda bildirilir ki, S.Əbiyevin ölkə rəhbərliyindən gizlətdiyi bu və digər bank əməliyyatlarının üstü hələ bir müddət əvvəl, o vəzifədə olarkən açılıb. Buna görə də məxfi araşdırmalar aparılıb. Məlum olub ki, həm “Bakı Əyirici Toxucu” ASC, həm də əvvəllər Müdafiə Nazirliyinin balansında olmuş bir sıra obyektlər ya qeyri-qanuni ələ keçirilib, ya da həmin obyektlər sənədləşdirilərkən ciddi qanun pozuntularına yol verilib. Üstəlik də həmin müəssisələr vasitəsilə dövlətin Müdafiə Nazirliyinə ayırdığı pullar mənimsənilib.

Buna görə də “Bakı Əyirici Toxucu” ASC başda olmaqla, bir sıra obyekt və müəssisələrin S.Əbiyevdən ayrılmasına qərar verilib. Xəbər qaynaqlarımız artıq bu qərarın icrasına başlandığını bildirirlər.

Qeyd edək ki, S.Əbiyevin ölkənin müdafiə nazirləri üçün nəzərdə tutulan yaşayış sahəsini də özəlləşdirdiyi bildirilir. Məlumatlara görə,  yeni müdafiə naziri Zakir Həsənovun həmin mənzili də Müdafiə Nazirliyinin balansına qaytarmağa çalışdığı deyilir. Ordudakı kadr islahatlarının bugünlərdə başa çatdırılması nəzərdə tutulan ilkin mərhələsi yekunlaşdıqdan sonra isə Müdafiə Nazirliyi sistemində total yoxlamaların olacağı xəbəri var. Bu yoxlamaların nəticələrinin S.Əbiyev başda olmaqla, bir çoxları üçün ağır olacağı ehtimal edilir.

Mövzu ilə bağlı əlavə məlumatlar da almağa çalışacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./musavat/
1801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı