Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Gəncədə şərab festivalı, Bakıda Məhərrəm qadağası

Son günlərin xəbərləri içərisində ikisi daha çox diqqət çəkdi. Birinci xəbər Gəncədən gəldi və məlum oldu ki, qədim Gəncənin yeni başçısı Elmar Vəliyev bu şəhərdə şərab festivalı keçirib. Daha doğrusu, keçirmək istəyib, ancaq azerinfo saytının məlumatına görə, “təbiətin sayəsində” festival baş tutmayıb.

Belə ki Gəncədə havanın pisləşməsi festivalın təxirə salınmasına səbəb olub. Hava şəraitinin qəflətən pisləşməsindən dolayı Bakıdan Gəncəyə uçan təyyarənin uçuşu iki dəfə təxirə salınıb. Rəsmi ziyafət saat 12.00-da başlayacağı halda, Bakıdan gələcək qonaqların hava şəraitindən dolayı günortadan sonraya təxirə salınıb.

Niyə Gəncə və niyə şərab? Axı Azərbaycan heç zaman şərabçılıq ölkəsi olmayıb? Yalnız sovet dönəmində qərb regionunda üzümçülük və buna uyğun olaraq bir neçə şərab zavodu tikilib. Ancaq hətta sovet illərində belə nəinki Gəncə, ümumilikdə Azərbaycan şərabçılıq ölkəsi olmayıb. Neft ölkəsi olub, pambıq ölkəsi olub, amma şərabçılıq olmayıb. Əgər sovet illərində böyük üzümçülük təsərrüfatının zamanında olmayıbsa, indi necə olur bəs?

Aydın məsələdir ki, söhbət heç də Azərbaycanın, Gəncənin aşıb-daşan şərab məhsullarının dünyaya tanıdılması, beynəlxalq bazar axtarması məqsədindən getmir. Ortada iki mümkün versiya var. Birincisi, Gəncənin başçısı Elmar Vəliyev icra başçıları arasında geniş yayılmış və özünüreklama xidmət edən tədbir keçirmək məqsədilə Gəncə üçün şərab festivalı təşkil edib.

İkinci versiya isə Gəncə hakiminin ənənəvi din düşmənçiliyidir. Məhərrəm ayında əza mərasimlərini qadağan edən, Ramazanda iftar məclislərinə icazə verməyən Vəliyevin Azərbaycanın dindar bölgələrindən olan Gəncədə şərab bayramı keçirməsinin arxasında dinə münasibət dayanır.

Amma başçının unutmaması lazımdır ki, bir festivalla din aradan getməz, hətta sovet hakimiyyəti illərində Gəncə dinini, imanını qoruyan şəhər olubsa, indi şərab reklamları ilə heç nəyə nail olmaq mümkün deyil.

İkinci xəbəri paytaxt Bakıdan gəldi. Məlum oldu ki, paytaxt yol polisi Məhərrəm ayı zamanı avtomobillərdə reklam yazılarının yerləşdirilməsini qadağan edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bəyan edir ki, nəqliyyat vasitələrində reklam yazılarının yerləşdirilməsi reklam haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Belə ki, avtomobillərdə hər hansı reklamın yerləşdirilməsi yol polisi ilə razılaşdırılmalıdır. Yol polisi əməkdaşları Məhərrəm ayında hər hansı yazı olan avtomobili aşkarladığı zaman həmin avtomobil saxlanılacaq və sürücüdən reklama icazə verən sənəd tələb olunacaq. Əgər belə sənəd olmasa, sürücü və ya avtomobil sahibi inzibati qaydada cəzalandırılacaq və barəsində protokol tərtib olunacaq.

Cənablar, bu nə deməkdir? Məhərrəm ayı əməlləri nə zamandan reklam qanunları ilə icra olunub? Bu, nə bu gün, nə də dünən yaranmış ənənə deyil, min illərdir insanlar bu ənənələri yaşadıb. Əlbəttə, avtomobilə dini şüar yazmaq nəyisə sübut etmir, kimsə “yanlışdır, həqiqi İslam belə deyil” deyə bilər, amma milli və ya dini adət-ənənələr nə zamandan polis və reklam qanunları ilə nizamlanıb? Daha çox “olmaz”ların arasından məhz dini adətlərə qarşı qanun, özü də polis vasitəsilə tətbiq etməyin izahı yalnız sifarişli məhdudiyyətdir.

Əlbəttə, nə Gəncənin şərab festivalı, nə də Bakı polisinin avtomobillərdə yazılan “Ya Hüseyn!” şüarını qadağan eləməsinə (adətən avtomobillərə belə şüarlar yazılır) Azərbaycanda “İslam dininə təhlükə ”deyəcək halımız yoxdur. Ancaq ortada bir acı qənaət var: hər iki hadisə Azərbaycanda hökumətin dinə münasibətinin yumşaq desək, yaxşı olmadığını göstərir.

Əgər bu gün ölkədə dindarlar narkotik ittihamı ilə tutulursa, dini mərasimlərin qeyd olunmasına irili-xırdalı qadağalar qoyulursa, şərab festivalları keçirilirsə bu vəziyyətdə iqtidarın dinə, dindarlara qayğısından danışmağa dəymir.

KƏNAN/müsavat
2027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber