Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

Azərbaycanda siyasi şiddətin səbəbi nədir?

Bu, birdən-birə baş verməyən və geosiyasi hadisələrdən qidalanan aqressiyadır

Hər kəs Azərbaycandakı repressiyaların səbəbini araşdırır. Birdən-birə, vətəndaş cəmiyyəti üzərinə bu qədər aqressiv hücumun səbəbləri hər kəsi maraqlandırır. Bir balaca, sadəlövhlük elementləri də var, amma hər halda, Azərbaycanda avtoritarizmin tədrici dərinləşməsi prosesində birdən-birə sürətin artırılması hansısa əlavə arqumentlərlə bağlı olmalıdır.

Strasburq pərtliyi

Azərbaycanda hökumətə yaxın olan hüquq müdafiəçilərindən biri etiraf edib ki, indiki hücumun əsas səbəbi Strasburqda mühacirlərin Ilham Əliyevə qarşı təşkil etdiyi aksiya olub. Amma bu, həmin hüquq müdafiəçisinin arqumentidir. Bu adamlar, əslində, öz fəaliyyətlərində hökumətlə yaxınlaşmanın arqumentlərini təkrar ediblər. Onlar həmişə vurğulayırlar ki, hüquq müdafiəçiləri hökumətlə əməkdaşlıq etməsələr, dustaqları və ya hüququ pozulan başqalarını müdafiə etmək olmaz. Bu, hüquq müdafiəçiliyi sahəsində yeni tapıntıdır. Normalda hüquq müdafiəçiliyi hökumətlə təmaslara deyil, cəmiyyətlə əlaqələrin dərinləşdirilməsinə hesablanır.

Vətəndaş cəmiyyəti niyə təslim olurdu?

Başqa səpkidə izah etsək, bizim ölkəmizdə avtoritarizmlə kompromisə gedənlərin hamısının arqumentləri budur ki, bu zamana qədər əldə edilən hansısa uğur faktlarını qorumaq üçün hökumətlə anlaşmaq və onun müəyyən şərtlərini qəbul etmək lazımdır. Bu şərtlərin isə hamısı qanunsuz şərtlərdir. Bu şərtləri qəbul etdikcə, biz avtoritarizmin güclənməsinə xidmət etmiş oluruq. Azərbaycandakı diktatura, əslində, vətəndaş cəmiyyəti strukturlarının, müxtəlif siyasi partiyaların və müstəqil media vahidlərinin ayrı-ayrılıqda və eyni motivlərlə həmin şərtləri qəbul etməsi nəticəsində güclənib. Müqavimət göstərməyənlər də öz tərəflərindən ictimai-siyasi mənzərənin tədricən dəyişməsinə xidmət ediblər, əslində.

Yəni, diktaturanın indiki hücumu AŞ PA-dakı aksiya ilə birbaşa bağlı deyil. AŞ PA-dakı aksiya zamanı Strasburqda olan hüquq müdafiəçilərindən biri, konkret olaraq, Rəşid Hacılı mənə demişdi ki, proseslər ağlagəlməz şəkil alıb və bizim hamımızı həbs edəcəklər. Bu isə o deməkdir ki, indiki aqressiyanın səbəbi AŞ PA-dakı aksiya ilə bağlı deyil və əvvəlcədən planlaşdırılmış hücum əməliyyatıdır.

Ukrayna inqilabının beyləqanlılara təqdimatı

Məncə, bu, birmənalı olaraq, Ukrayna hadisələri ilə bağlıdır. Əgər Ukraynadakı proseslər uzanmasaydı, Rusiyanın müdaxiləsi bu qədər aşkar şəkil almasaydı, Ilham Əliyev vətəndaş cəmiyyətinə divan tutmağa risk etməyəcəkdi. Üstəlik, Azərbaycanın AŞ PA Nazirlər Komitəsinə başçılığı qəbul etdiyi dönəmdə ölkədə vətəndaş cəmiyyətinin bütün strukturlarının məhv edilməsinə hesablanan addımların atılması Avropanın Rusiya-Ukrayna münaqişəsindəki tərəddüdləri ilə birbaşa bağlıdır.

Ukrayna inqilabı sovet coğrafiyasında siyasi dəyərlərin kökündən dəyişilməsinə səbəb ola biləcək hadisələrin əsasını qoyub. Amma proses Ukraynanın özündə başa çatmadığından sonrakı mərhələlər davam etmir. Bu coğrafiyada olan avtoritar rejimlərin hamısı bunun fərqindədir. 2000-ci ilin əvvəllərindən mövcud olan Gömrük Birliyi, Avrasiya Birliyi kimi siyasi ideyalara məhz, Ukrayna inqilabından sonra təkan verilməsi də təsadüfi deyil.

Ilham Əliyevin vətəndaş cəmiyyəti üzərinə hücumu iki nəticəyə hesablanıb. Ukraynada anti-rus kampaniyası qalib gəlsə və inqilabın nəzərdə tutduğu siyasi layihə başa çatsa, Azərbaycanda revanş götürə biləcək sosial güclər qalmasın. Ukraynada bu proseslər yarımçıq qalsa və Rusiyanın diqtəsi ya tamamilə, ya da qismən həyata keçsə, Avropadakı mövqelərini qoruyub saxlamaq şərtilə Putin rejiminin müttəfiqi kimi “balans siyasəti”nə davam etsin. Məsələ burasındadır ki, ruslar Ukrayna kampaniyasında qalib gəlsələr, Avropanın Şərqə doğru genişlənmək üçün siyasi arqumentləri tükənmiş olacaq. Arqumentlərin tükəndiyi yerdə isə heç bir örnəkdən söhbət gedə bilməz. Bu yerdə, avtoritar liderlərin arqumentləri başlayır. Ilham Əliyev Beyləqan “zəhmətkeşlərinə” bunu demək istəyirdi. Xatırlayırsınızmı, bu sözləri: “Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib çıxardığı da gözümüzün qabağındadır...”

Bir millət, iki dövlət

Maraqlıdır ki, Türkiyə müxalifəti də Ukrayna kampaniyasında Rusiyanın qalib gəlməsini istəyir. Orada belə hesab edirlər ki, Amerikanın Yaxın Şərq proqramının həyata keçirilməsinin qarşısını yalnız Rusiyanın qalibiyyəti ilə önləmək olar. Türklər düşünürlər ki, Yaxın Şərq projesi adlanan bu proqram Türkiyənin ərazi bütövlüyünün pozulması hesabına həyata keçirilə bilər.

Şimali Koreyaya doğru...

Beləliklə, Azərbaycanda diktaturanın zəfər yürüşü Ukrayna hadisələrinin sonuna qədər davam edəcək. Bundan sonra isə Azərbaycan ya Şimali Koreya yoluna, ya da Qərb modelli inkişaf yoluna qədəm qoymağa başlayacaq.

Bütün hallarda isə indiki həbslər Azərbaycan rejiminin mahiyyətinə uyğundur. 20 ildən artıqdır ki, Azərbaycandakı rejim ölkəni siyasi məhbuslar düşərgəsinə çevirməklə həm xalqı, həm də dünya ictimaiyyətini bu fakt qarşısında qoymaqla ömrünü uzadır. Siyasi repressiyalar onun mövcudluğunun şərtidir. Istənilən başqa faktordan isə bu repressiyaların şiddətini artırmaq üçün istifadə edir.

Azad Akifoğlu/azadlıq
922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber