Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

Polis rəsinin müavinini güllələyən şəxs: "Məni təhqir etdi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla cinayət törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Lətifov Gülağa Ağaxan oğlunun məhkəmə prosesi davam etdirilib. Prosesə hakim Rahib Salmanov sədrlik edir.

Prosesdə sərbəst ifadə verən Gülağa Lətifov hadisədən bir müddət öncə Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərovla aralarında konflikt yarandığını dedi: “Həmin yerdə xeyir-şər evi tikmək niyyətində idim. Cəncəlli yer idi, əvvəl getmək istəmədim. Amma sonradan Sabunçu Rayon İcra Hakimiyyətindən icazə aldım, pul ödədim. Əraziyə mişar daşı tökdürdüm. Akif məni bu məsələ ilə bağlı yanına çağırdı, üstümə silah çəkdi. Dedi ki, mən olan yerdə sən kimsən. O vaxt elə buna görə ilk dəfə aramızda mübahisə yarandı. O vaxt ona dedim ki, məscid, xeyir-şər evi tikilən yerdə söz-söhbət olmamalıdır.

Hadisə baş verən gün yeznəm İslam mənə zəng vurub daşlarımın oğurlandığını dedi. Hadisə yerinə gəldim. Orada 20 nəfərdən çox adam var idi, daşları yığıb stadionun ərazisinə tökürdülər. Akifin oğlu Asif də orada idi, çiynində tüfəng vardı. Məni qorxutmaq üçün silahla gəlmişdi. Bir az sonra Akif gəldi. Mənə “daşların ölənlərinə ehsan oldu” dedi. Sonra isə məni nalayiq söyüşlərlə söyüb təhqir etməyə başladı. Əl atıb tapançasını çıxarmaq istəyəndə ayağından vurdum. Akifə sarı əyildim “indi burda səni öldürümmü” dedim. O da yalvarıb dedi ki, məni öldürmə. Daha sonra ətrafdakıları qorxutmaq üçün başlarının üstündən güllə atdım, dağılışdılar. Akifi vurandan sonra maşına qoyub xəstəxanaya apardım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə zamanı dünyasını dəyişən şəxsləri öldürmək niyyətində olmayıb: “Mən camaatın üstünə getməmişəm. Mənim mübahisəm Akiflə olub. Biz o birilərlə çox yaxın qonşu olmuşuq. Dünyasını dəyişən Fərid Qədirov mənə “əmi” deyib, rəhmətlik Yusif Alpaşayevlə bir yerdə işləmişik. Düz eləməmişəm, özümə bəraət qazandırmıram. Kaş əlim quruyaydı, güllə atmazdım. Mənim qərəzçiliyim Akiflə olub. Fəridin, Yusifin yaralandığını bilməmişəm. Əgər bilsəydim, onları elə özüm aparardım xəstəxanaya. Daha Akifi niyə aparırdım? Fəridin azyaşlı uşaqları var. Xahiş eləyirəm mənim adımdan hesab açılsın, o uşaqlara pul ödəyim, maddi yardım göstərə bilim”.

Zərərçəkmiş Rəşad Alpaşayev atasının ölüm xəbərini ona qonşuların xəbər verdiyini dedi: “Hadisə zamanı mən şəhərdə olmuşam. Atam Yusifin Gülağa tərəfindən vurulduğunu mənə qonşular zəng vurub dedilər. Xəstəxanaya yanına gedəndə hələ sağ idi. Gülağagil tərəfdən heç hüzr yerinə gələn olmadı. Məhkəmə prosesi başlayandan sonra arvadı gəlib maddi köməklik göstərməyi təklif edib. Xeyir-şər evini belə adamlar tikə bilməz”.

Zərərçəkmiş Lətifə Qədirova ifadəsində mərhum oğlu Fəridin Sabunçu bələdiyyəsinin üzvü olduğunu bildirdi: “68 saylı məktəbin direktor müaviniyəm. Əvvəldən bu işin içində olmuşam. Məktəbimizin həyətinə daş, qum tökmüşdülər. Məktəbin ərazisi olduğundan direktorla birlikdə gedib maraqlandıq görək ki, bunları bura kim, hansı məqsədlə töküb. Gülağa direktoru söyüb təhqir elədi. “Əcəb eləyirəm, mən Gülağayam, nə istəyirəmsə, onu da tikəcəm burada” dedi.

Aralarında mübahisə yarandı. Direktor Sabunçu Rayon İcra Hakimiyyətinə zəng vurdu. Oğlum Fərid Sabunçu bələdiyyəsinin üzvü idi. O da bələdiyyəyə bildirmişdi. Gülağanın qardaşı oğlu da deyirdi ki, əmim məktəbin həyətində qeyri-qanuni çay evi tikdirir”.

Lətifə Qədirovanın sözlərinə görə, güllə səsinə küçəyə çıxanda Gülağanın Akif Nəzərovun başı üstündə dayandığını görüb: “Silahı Akifin başına dirəmişdi. “Səni öldürümmü, nəslini kəsimmi?” deyə qışqırırdı. Gülağa deyirdi ki, mən icraya pul vermişəm, pulumu qaytarsınlar, əl çəkim. Fərid yolda dayanmışdı. Oğlumu arxadan kürəyindən vurub. Gülağa Fəridin əmisinin evində illərlə çörək yeyib, burnundan gəlsin. Fəridin özünü yetimçiliklə böyütmüşdüm. İndi balamın iki balası yetim qalıb. Mən onun balalarına nə deyim? Mənim oğlumu vurdu, Yusifi vurdu, amma heç birini aparmadı xəstəxanaya. Təkcə Akifi apardı. Çünki Akifdən qorxurdu. İndi məhkəmədə deyir ki, havaya atəş açmışam. Havaya açılan atəş adamın kürəyindən dəyərmi? Sənin necə əlin gəldi Fəridi vurmağa? Niyə məni oğulsuz qoydun?”

Bu yerdə təqsirləndirilən şəxs Gülağa Lətifov L.Qədirovanın sözünü kəsərək “mən Fəridi vurmamışam” dedi və hönkür-hönkür ağlamağa başladı.

Lətifə Qədirova isə ona məhəl qoymayaraq çıxışına davam etdi: “Sənin Akiflə, Asiflə intriqan var idisə, Yusiflə Fəridin nə günahı var idi?”

Daha sonra hakim zərərçəkmiş Akif Nəzərovun və onun Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olan oğlu Asif Nəzərovun növbəti məhkəmə iclasına qatılmaları ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacağını bidirdi: “Artıq dördüncü məhkəmə iclasıdır ki, Nəzərovlar məhkəmə iclasına gəlmirlər. Onların məhkəməyə gətirilmələri üçün tədbir görüləcək”.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. G.Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.

İttihama görə, Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında xeyir-şər evinin tikilməsi adı altında tikinti işləri aparmağa başlayıb. Həmin torpaq sahəsinə özbaşına xeyli miqdarda mişar daşı və qum tökdürüb. Onun bu hərəkətləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Tikinti işləri başlanan zaman qəsəbə sakinləri Fərid Qədirov, Akif Nəzərov, Asif Nəzərov və Yusif Alpaşayev ondan bu hərəkətlərinə son qaymağı tələb ediblər. Onun tökdürdüyü mişar daşlarını meydançanın kənarına yığarkən Gülağa Lətifov özünə məxsus “Nissan-Juke” markalı 90 SK 207 dövlət nömrə nişanlı avtomaşınla ora gəlib. Tikinti işləri aparmasına imkan vermədiklərinə görə onlarla mübahisə edib. Yaranmış münaqişədə G.Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Atəş nəticəsində Fərid Qədirovla Yusif Alpaşayev hər ikisi dünyasını dəyişiblər. Akif və Asif Nəzərorlar ağır dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə Gülağa Lətifovun Sabunçu qəsəbəsi, Tofiq Bünyadov küçəsi, ev 9-da yerləşən mənzilinə baxış zamanı 19 ədəd patron aşkar edilib.

Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı - Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşıdır.

Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya imumi təhlükəli üsülla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur./virtualaz/
999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP