Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

Masallıda meşədə yaşayan ailənin sərgüzəşti... - Fotolar

Masallı rayonunun Lürən kənd sakini Abdulla Şükürov 3 aydır ki, ailəsi ilə birgə meşədə yaşayır. Özü və həyat yoldaşı İfadə Şükürovdan başqa azyaşlı uşaqları - 8 yaşlı Təhmasib və 6 yaşlı Cahan da bu acınacaqlı şəraitə dözməli olur. Abdulla Şükürov həm də ikinci qrup vərəm xəstəsidir.

Onların qaldığı meşənin yaxınlıqdan Bakı-Astara yolu keçir. Bu yoldan nazirlər, yüksək vəzifəli məmurlar da keçib. Lakin acınacaqlı vəziyyətdə yaşayan ailənin dadına çatan olmayıb. Ailə gecəni şam işığında, açıq səma altında keçirir.

Ailə başçısı Abdulla Şükürov deyir ki, onun evi yoxdur və atasına məxsus torpağı mənimsəyiblər. Odur ki, meşəyə sığınmaq məcburiyyətində qalıb: "Məni o kəndən çıxardıblar. Nə orada ev var, nə yurd var, nə də yaşayış var. Biz üçüncü aydır burdayıq. Təzə gəlmişdik, işıqları söndürdülər ki, biz gecə qorxaq. İndi də deyirlər sökün buranı, gedin. Hara gedək? Mən öz rayonumdan hara gedim?"

Yerdə xalçalar sərilib. Bir tərəfdə qablar tökülüb. Bir az kartof və şüşə qabda şəkər gördük. Abdulla Şükürov deyir ki, yaxınlıqda olan küçə işıqları meşəyə də düşür. Həmin işığı da onlara çox görürlər.

Abdulla Şükürovun həyat yoldaşı İfadə Şükürova bildirir ki, oğlu bu il ikinci, qızı isə birinci sinfə gedəcək. Məktəb ləvazimatlarını almaq üçün imkanları yoxdur: "Uşaqlardan heç birinin paltarı yox, çantası yox, dəftəri yox, qələmi yox. Necə məktəbə getsinlər? Keçən il başqası paltar alıb. Balaca bir ev istəyirəm, uşaqlarımı ora aparım. Uşaqlarım qaranlıqdan qorxur".

Abdulla Şükürov ilə onun doğma kəndi Lürənə üz tuturuq. Lürənə gedən yola asfalt çəkilib. Abdulla Şükürovun ata-babasının evinə baş çəkdik. Ev dağılmaq üzrədir. Üstü tökülür, divarlarda çatlar var. Hiss olunur ki, bu evdə uzun müddət adam yaşamayıb. Abdulla Şükürov deyir ki, deputat Elmira Axundova burada olub. Ona 2 min manat yardım təklif edib. Lakin bu pulu qəbul etməyib.

Lürən ərazi icra nümayəndəsi Zakir Əbilovla da görüşə bildik. Onunla birlikdə Abdulla Şükürovun ata-babasının evinə qayıtdıq.

İcra nümayəndəsinin deməsinə görə, Abdulla Şükürov meşədə yaşamaqla tərslik edir. O qeyd edir ki, Abdulla Şükürov bu kəndə doğulub və 1999-cu ilə kimi bu evdə yaşayıb: "Ordudan geri qayıtsa da burada yaşamayıb. Rəhmətlik qardaşı Samir də burada yaşayıb. O da vərəm xəstəsi olub. 22 sot həyətdir. Atası 2010-cu ildə bu evdə vəfat edib. Evdə heç kəs olmayıb. Onun ölümü bir gündən sonra məlum olub. Bu övlad bir dəfə də atasına baş çəkməyib ki, ata nə vəziyyətdədir. Ata da vərəm olub. Belə bir adam deyir ki, mənim heç bir torpağım yoxdur. Düz deyil".

İcra nümayəndəsinin deməsinə görə, bu evin də, torpağın da faktiki sahibi Abdulla Şükürovdur: "Ev babadan ataya, atadan oğula qalır. Dörd ildir burada heç kəs yaşamır. Yaşanmayan həyət necə olar? Neçə vaxtdır ona deyirəm gəl, yaşa burada. İcra aparatında da deyirlər gəlsin yaşasın burda, gömək edək. İmtina edib. Deputat Elmira xanım da bu həyətə gəlib, deyib təmir edirəm, yaşa".

Abdulla Şükürov isə adında olmayan evi istəmədiyini, meşədə yaşayacağını bildirir... ("Azadlıq" radiosu).
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı