Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Bakıda direktor müəlliməyə əxlaqsız təklif edib

Hadisə Türkiyə mediasında işıqlandırılıb; müəllimə başına gələnləri danışdı; direktor necə cavab verdi?

Bu günlərdə Türkiyə mətbuatında Azərbaycanla bağlı iki sensasion yazı dərc edilib. Yazılarda Bakıdakı orta məktəblərin birində direktorun gənc müəlliməyə əxlaqsız təkliflər etməsindən söz açılır. Yazıların müəllifi türkiyəli jurnalist Süleyman Güdüldür.

“Müəllimənin göz yaşları” başlıqlı birinci məqaləsində müəllif yazır:

“Sizlərə gözlərimlə şahid olduğum, qulaqlarımla eşitdiyim bir olaydan - 13 illik pedaqoji təcrübəsi olan azəri müəllimənin göz yaşlarından yazmaq istəyirəm.

Azərbaycandan ayrılmazdan bir gün öncə həmin müəllimə ilə təsadüfən rastlaşdıq. Həyat yoldaşımın müəlliməyə “İki gün sonra məktəblər açılır. Uşaqlar sizi gözləyir, xeyirli olsun” dedi. Qadın ağlamağa başladı və məktəbdə ona qarşı haqsızlıq edildiyini, işdən çıxarıldığını söylədi”.

Müəllif daha sonra “müəllimənin məruz qaldığı haqsızlığı anlatmağa əxlaqım yol vermir” yazır və sözünə belə davam edir: “Mənim burada o müəllimənin məruz qaldığı haqsızlığı yazmağa əxlaqım yol vermir. Həm də bir qadına, iki oğul anasına və müəlliməyə hörmət edirəm. Üstəlik müəllimə mənim jurnalist olduğumu bilmədiyindən ondan heç nə soruşmadım. Ancaq onun həyat yoldaşıma söylədiklərinin bir hissəsini oxucularımla bölüşürəm.

Edilən haqsızlıqlara göz yummaq mənim kitabımda yer almayıb. Bir dövlətin daxili işlərinə qarışmağa da ixtiyarım yoxdur. Amma bir insan olaraq da o dövlətdə törədilən haqsızlığı dövlət rəsmilərinə çatdırmaq mənim borcumdur.

Məsələnin araşdırılması üçün Azərbaycanın dövlət başçısına, bu ölkənin Təhsil Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna müraciət edərək mənim burada yaza bilmədiyim hadisələrin araşdırılmasını istəyirəm. O qadın Azərbaycan dövlətinə iki oğlan verib, onları dövlətə əsgər olaraq yetişdirir.

Bu müəllimə 13 illik məslək həyatının 11 ilini Şəmkirdə, sonradan isə Bakıya gələrək 2 ilini Bakıda davam etdirib. Həyat yoldaşından ayrılıb. Azərbaycan dövlətinə iki oğul əsgər yetişdirir.

Azərbaycanda analıq məzuniyyəti yerinə işə göndərilən müəllimələr işlə təmin edilirlər. İşlə təmin olunmazdan əvvəl isə onlar imtahan verirlər. Bu müəllimə də həmin imtahanda oğlunun başına iki gün əvvəl gələn bir hadisədən həyəcanlanmış vəziyyətdə iştirak edib. Depressiya vəziyyətində qatıldığı imtahanda testdən lazımi keçid balını toplaya bilməyib. Bu müəllimənin hansı səbəblərdən sarsıntı keçirdiyi rəsmi məlumatlarda qeyd edilib. Keçid balını toplaya bilmədiyi üçün 13 illik təcrübəsi olan müəllimənin işsiz qalması yolverilməzdir. Bu, bir dul qadının iki oğlan uşağı ilə aclığın, yoxsulluğun ağuşuna atılmasıdır.  Məncə, bunun tək günahkarı məktəb müdiridir. Əgər araşdırma aparılsaydı, bu faktlar bəlli olardı.

Hələ istefa verməmiş və maaş almamış bir müəllimənin maaş almaması faktını araşdırmayan Təhsil Nazirliyini qınayıram. İnşallah, əlaqədar qurumlar iki övladı ilə birgə aclığa məhkum olunmuş müəllimənin göz yaşlarını dinləyəcək, beləcə də dövlət olaraq müəlliməyə sahib çıxdıqlarını dünyaya duyuracaqlar”.

S.Güdül “Müəllimənin göz yaşları” başlıqlı yazıdan bir neçə gün sonra “Sizin namus anlayışınız bumu” başlıqlı ikinci məqaləsini də dərc etdirib. Türk yazar həmin məqalədə daha dəhşətli məqamlara toxunur.

“Mən ölkə qadınlarına hörmət qoyaraq iki öğlan övladı olan qadının adını yazımda vermədim. Sadəcə faktla maraqlananlardan mənə müraciət edəcəklərini gözləyirdim. Məqsədim qadını inciltmədən hadisənin araşdırılmasına nail olmaq idi. Halbuki Azərbaycanın Təhsil və Ədliyyə nazirliklərinə, prokurorluğa müraciət etmişdim.

Lakin göndərdiyim məlumata cavab verən olmadığından müəllimə ilə görüşüb vəziyyəti araşdırmayıblar. Əxlaqsız təklif edən şəxsə rəsmən dəstək olublar.

Yəni bu müəlliməyə əxlaqsız təkliflər edən məktəb direktorunun dediyi kimi: “Sən istədiyin yerə şikayət edə bilərsən. Mən pul verib bu hadisəni ört-basdır etdirərəm. Amma sonrasını sən düşün”.

Deməli, rüşvət verib istənilən hadisənin üstünü örtmək olar bu ölkədə?  Yəni pulu olan hər kəs sərbəstdir, pulu olmayan isə qanuni haqqını tələb edə bilmir?

Təbii ki, bu hadisənin araşdırılmasından sonra pul verməklə faktın gizlədiləcəyinin, yoxsa sözlə və əllə təcavüzə məruz qalan azərbaycanlı müəllimənin namusunun üstün gələcəyinin şahidi olacağıq.

Müəllimənin 13 illik iş təcrübəsi var. Sadəcə bir hadisədən təsirlənərək imtahan verə bilməyib. Bundan istifadə edən məktəb direktoru müəlliməyə sözlə və əllə təcavüz edib. Onun cinsi istəyi ilə razılaşmayan müəllimə işdən kənarlaşdırılıb.

Namus bu qədər ucuzdurmu?  Namus bu qədər ucuzdur ki, məktəb direktoru səlahiyyətlərindən yararlanaraq 13 illik müəlliməni onun şəhvət arzularına qarşılıq vermədiyi üçün qapıdan qovur?

Namus bu qədər ucuzdur ki, pul verərək hadisənin üstünü örtmək mümkün olsun? Bunu Azərbaycan yetkililərindən soruşuram.

Bu qadın Azərbaycan millətindən olduğu üçün o ölkənin namusunu daşıyır. Azərbaycan pulu çox olan, əxlaqdan kənar, namus anlayışını heçə sayan bu məktəb direktoruna həddini bildirməklə iki oğul anasına sahib çıxmalıdır.

Günahsız olan müəllimə dərdini kimsəyə söyləyə bilmir, qorxu yaşayır. “Mənə pislik edərlər, məni öldürərlər, uşaqlarıma zərər vurarlar” - deyir. Çünki məktəb direktoru müəlliməni qorxudub. Hüquq-mühafizə orqanları bunu da dəyərləndirməlidir.

Təpik vurub küçəyə atmaq asandır, namusu qorumaq isə çətindir. İnsanlar namus üçün yaşayırlar. Birilərinin seks arzu və ehtiyaclarını qarşılamaq üçün namuslarından vaz keçməzlər. Üstəlik bir azərbaycanlı və iki oğul anasıdırsa...

Azərbaycanın yetkililəri unutmasınlar ki, namus bu qədər ucuz deyil və bu namus onlarındır”. 

*** 
"Virtualaz.org" saytı Türkiyə mətbuatında dərc edilmiş və sosial şəbəkədə geniş müzakirəyə səbəb olmuş bu hadisədə adı keçən müəlliməni tapıb. Q.R adlı (sayt müəllimənin ad-soyadını etik normalara görə yazmadığını qeyd edir - red.), 36 yaşlı müəllimə başına gələnləri danışıb.

- Neçə ildir o məktəbdə çalışırsınız?
- O məktəbdə 2 il ibtidai sinif müəlliməsi işləmişəm. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi imtahana qatılandan sonra analıq məzuniyyətinə çıxmış müəllimənin yerinə məktəbdə işə götürüldüm.  Bu ilin avqustunda isə təkrar imtahan verdim.

- Bu iki il ərzində direktorla probleminiz olub?
- Yox, amma ara-sıra niyyətini bildirirdi. Ona görə də çalışırdım ki, onunla üz-üzə gəlməyim. Amma uşaqlarıma görə dözürdüm. İmtahana girməzdən əvvəl otağına girib vaxt istədim. Məsələ burasındadır ki, imtahandan iki gün əvvəl oğlumla bağlı problem yaranmışdı, sarsıntı keçirirdim. Xahiş etdim ki, problemi həll edəndən sonra imtahan verməyimə yardım etsin.

- Yardım etdimi?
- Dedi ki, məni evinə qonaq çağırmırsan. Dedim mənim evimə yalnız atam gələ bilər. Mən həyat yoldaşımdan ayrılmışam. O da bunu bilirdi. Dedi ki, oğlanların evdə olmayanda dəvət elə. Razılaşmadım. Sonra imtahana getdim.

- Təkrar görüşünüz oldu?
- İmtahanda keçid balını toplaya bilmədim. Doğrusu, 300 manat götürüb direktorun yanına getdim. Pulu masanın üstünə qoyub dedim ki, bu pul şirinlikdir. Təkrar söz atdı. Ayağa qalxdım, qolumdan tutub məni özünə tərəf çəkməyə çalışdı, pulu götürüb sinəmə basmaq istədi. Amma imkan vermədim. Dedi ki, niyə nazlanırsan. Özümü təhqir olunmuş hiss edirdim. İşdən çıxdım. Yəqin ki, onu evimə “qonaq” çağırsaydım, mənə də sinif verərdi. Deyim ki, mənimlə bir illik müqavilə bağlanmışdı. Sonradan bir il yenə işlədim. Bəzi müəllimələr var ki, onlara 3 sinif verirlər. Müəllimələrdən biri sözarası dedi ki, “direktorun qəlbinə dəyməsəydin, sənə də sinif verərdi”.  

- Niyə Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən kömək istəmədiniz?
- Təhsil Nazirliyinə məktub yazdım. Direktora da dedim ki, təhsil idarəsinə gedəcəm. Cavabında qayıdıb dedi Nailə xanımı (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyevanı nəzərdə tutur-red.) da işdən çıxaracaqlar, nazirliyə də şikayət edirsən et. Sonradan bildim ki, mənim az bal topladığımı əsas gətirərək işdən çıxarıblar, amma yerimə iş təcrübəsi olmayan, imtahanda bal toplaya bilməyən birisini götürüblər.

- Söhbətin hansı məktəbdən getdiyini niyə açıqlamaq istəmirsiniz?
- Düzü, qorxuram, oğlanlarım böyüyür, qohumlarım var. Amma edilən haqsızlığa da göz yummaq istəmirəm. Elə məsələlər var ki, onu mətbuata deyil, ancaq nazirə açıqlamaq istəyirəm. Əgər məni qəbul edib dinləyərlərsə, dediklərimi araşdırıb çox mətləbləri öyrənə biləcəklər.

- Məktəbin adını yenə də açıqlamadınız...
- Deyim də. Sabunçu rayonunda yerləşən 69 saylı orta məktəbdə işləmişəm. Haqqında danışdığım direktor isə Xalqverdi Abbasovdur. Mənə edilən haqsızlığın araşdırılmasını istəyirəm.

- Bəs Türkiyə mətbuatı bundan necə xəbər tutub?
- Həmin ərəfədə yazının müəllifi Bakıda olub. Mən onun jurnalist olduğunu bilmədən başıma gələnlərdən həyat yoldaşına danışmışam. Bundan sonra zəng edərək  Türkiyə mətbuatında yazı getdiyini dedilər. Mən onun jurnalist olduğunu bilsəydim, yoldaşı ilə bu mövzuda danışmazdım.

*** 

"Virtualaz.org" adı çəkilən məktəb direktoru Xalqverdi Abbasovun da məsələyə münasibətini öyrənib:

- Xalqverdi müəllim, Türkiyə mətbuatında sizin məktəblə, konkret olaraq sizinlə bağlı yazı verildiyindən xəbərdarsınızmı?
- Yox. Nə yazıldığından xəbərsizəm.

- O yazıda məktəbinizdəki bir müəllimənin haqsızlıqla üzləşdiyi və ona əxlaqsız təklif etdiyiniz barədə danışılır...
- O müəllimə müqavilə əsasında analıq məzuniyyətinə çıxmış müəlliməni əvəzləyirdi. Analıq məzuniyyətində olan müəllimə geri qayıdandan sonra o xanım işdən çıxdı. Mən onu işdən saxlaya bilməzdim axı.

- Bəs ona əxlaqsız təklif etməyinizlə bağlı iddialar necə olsun?
- Bu məsələ araşdırıla bilməz. O qadın çox söz deyə bilər. Onun deməyinə kim inanır axı? Qadındır da, deyir. Ona kim inanacaq? Kimin yanında olub? Niyə bu işlər həmin müəllimənin işlədiyi 3 ildə yox, sonra açıldı? Bu nə dəlilikdir?

Məsələyə rəsmi qurumların münasibəti olsa, yazıya əlavə ediləcək,

2282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37