Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Quzuların səssizliyi

Bizim eldə belə bir ifadə var: “Quzu kimi sakit!”

Bir də belə bir “müdrik” öyüd var: “Başını sal aşağı, sakitcə həyatını yaşa!”

Yəni, qoyun-quzu ol, sənə lütf olunan uca insanlıq məqamından bir-iki pillə gerilə, quzulaş, otunu, suyunu ye, iç, arada bir-iki ağız mələ də. Amma amanın günüdür, insanlıq vəzifənin icrası barədə düşüncəyə dalma, bu yöndə addım atma. Məsələn, yanında haqsız yerə baş kəsə bilərlər, yetimin malını basıb yeyərlər, sənin nə işinə gərəkdi, sus, dön, o biri tinə, uzaqbaşı bir ağız “məəə” de.

Allaha çox şükürlər olsun ki, hakimiyyətlə onun çuğullarının bir yerdə həyata keçirmək istədikləri bu xain plan hələ nəticə verməyib. Hər gün bu qoyun yerinə qoymaq istədikləri cəmiyyətin içərisindən mərd, mübariz insanlar çıxır və onlar ölkəmizdə gedən haqq savaşını davam etdirir, həqiqətin, ədalətin alovunu sönməyə qoymurlar. Şübhə də ola bilməz ki, bu gün yaşanılanlar nə qədər ağır və iyrənc olsa da, onlar keçəcək, heç zaman tiranlıq, istibdad əbədi olmayıb, olmayacaq da.

Bəzən, insanları “məəə” şüarı ilə silahlanmağa çağıranların göstərdiyi yol ürəyə yatımlı görünür. Bu, xüsusən o halda olur ki, məsələn, “məəə” deməyən yoldaşlarımızın cibinə nəşə atıb tuturlar, tutanda döyürlər, haqsız məhkəmə hökmləri ilə azadlıqdan məhrum edirlər, cərimələyirlər və s.

Əlbəttə, “məəə” deməyən ictimai-siyasi fəalların başına belə müsibətlər gəlir, bəs o biriləri? Axı niyə özümüzü aldadırıq, o quzu susqunluğuna sadiq qalanlar daha betər həyat yaşayır, bilmirsiz bunu? Zülm iş başında olduğu vaxtda, sizi nə “məəə” xilas edə bilər, nə də başını yerə dəyənə qədər əyib yaşamaq.

Neçə vaxtdır, türmənin qarşısına gələn insanarı müşahidə edirəm, onları danışdırıram. Sadəcə, dəhşətdir. Azərbaycan insanı ilə təcrübə siçanlarından da betər davranırlar. Polisdə, saxlanma yerlərində, gizli zirzəmilərdə adamlar ölümünə döyülür, müflis edilir, ləyaqətləri alçaldılır. Və ən əsası, onların çoxunun siyasətə, ictimai fəallığa zərrəcə dəxli yoxdu.

Burda bir kənaraçıxma etmək istəyirəm. Sovet dövründə Yazıçılar Birliyində sosrealizmi tərənnüm edə bilməyən yazıçılar barədə qərar çıxarılaraq, onları xalqla yaxınlaşdırmaq, həyati əsərlər yaratmaq üçün məcburi kolxoz və sovxozlara ezam edirdilər. Indi belə bir qorxulu səlahiyyət Yazıçılar Birliyində yoxdur. Amma çox gözəl olardı ki, kimsə bizim kəklikotu içməyindən poeziya, roman düzəldən yazarlarımızı yığıb Kürdəxanı türməsinin qabağına məcburi ezam edəydi.

Yoldaşlar, başa düşürük, siyasi publisistikada sözünüzü deməyə çətinlik çəkirsiz, daha kəklikotunu neynirsiz, gedin, roman, oçerk mövzuları tökülüb türmənin qabağına, adamları dinləyin, eşitdiklərinizi köçürün də kitablarınıza...

Quzu susqunluğunun faydasızlığına daha bir parlaq nümunə. Bilirsiniz, Milli Şuranın rəhbərlərindən olan Eldəniz Quliyevi daxili işlər naziri şəxsən məhkəməyə verib. Eldəniz bəyin məhkəməyə düşmə səbəbindən necə, xəbərdarsınızmı? O, quzu kimi susanların ucbatından dəyərli vaxtını məhkəmələrdə keçirəcək və realdır ki, Kürdəxanı da onu salamlayacaq.

Heç nə, Eldəniz bəy yolda müşahidə aparıb görüb ki, yol polisləri quzu kimi susqun həyat keçirənləri yolur, pulun alır, təhqir edir. O insanlar sussa da, görün vəziyyət necə şiddətli olub ki, Eldəniz bəy susmayıb, danışıb və buna görə peşman da deyil.

Başa düşülürmü, quzu kimi başını aşağı salıb dolanmaq rahat olsaydı, Eldəniz bəyin ən azı, indiki məsələyə görə məhkəməlik olması mümkün deyildi.

Insanın missiyası ucadır. O missiyanı unutmaqla heç kim xoşbəxt ola bilməz. Üstəlik, dünya dəyişib, indi, hətta ən tiranlıq həvəskarları da sözdə olsa belə, respublika quruluşuna qarşı çıxa bilmirlər. Bəs Respublika nə deməkdi?

Bu sözün tərcüməsi belədir: hamını qayğılandıran, ilgiləndirən iş! Hamının işi! Deməli, qarşımızda iki yol görünür: ya guşənişinlik edib hansısa mağaraya çəkilməliyik, ya da respublika vətəndaşı kimi hamımızın üzərinə düşən işi görməliyik. Yoxsa, o işi unutmaqla və ya başqasına şelləməklə bizi Yaxın Şərqin ürək ağrıdan taleyi gözləyir. Bu gün IŞID nahaq yerə Yaxın Şərqdə at oynatmır ki. IŞID-in kəsdiyi başları, etdiyi vəhşilikləri görəndə onu da unutmaq lazım deyil ki, bu gün terrora qurban gedənləri çoxu vaxtında boynuna düşən vətəndaş borcunu yerinə yetirməyib, unudub, “məəə” deyib keçib.

Dərdimi sizə izhar edə bildimmi?

Natiq Güləhmədoğlu /azadlıq
1068 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18