Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

İlqar Nəsibov: “Bu məlumatlar həqiqətə uyğun deyil"

“Hazırda səhhətim normallaşmağa doğru gedir. Müayinə üçün Türkiyəyə getmişdim. Həkimlər dedilər ki, sifətimdə və bədən nahiyəmdə qabırğamda sümüklərdə qırıqlar var”. Bu barədə avqustun 21-də Naxçıvanda qəddarcasına döyülən hüquq müdafiəçisi İlqar Nəsibov Turan-a bildirib.
Onun sözlərinə görə, bədənindəki qırıqlar elə yerdədir ki, onlara müdaxilə etmək artıq gecdir, zamana buraxmaq lazımdır. “Zaman keçdikcə yavaş-yavaş düzəlməlidir. Bir də gözümün altında sağ tərəfdə üst çənə sümüyüm qırılıb, orada ciddi zədələr almışam, sümüklər zədələnib. Sifətimin sağ tərəfində keylik var, sifətimdə tam mənada hissiyyat yoxdur”.
O deyib ki, sakit şəraitdə müalicəni davam etdirməlidir. “Zaman keçdikcə yavaş-yavaş fəsadlar aradan qalxacaq”.
İ.Nəsibov Naxçıvan Polis İdarəsinin onun münaqişə zəminində döyülməsi barədə məlumatını saxta adlandırıb.
“Bu məlumatlar həqiqətə uyğun deyil. Avqustun 21-də axşam saatlarında mənim görüşəcəyim adamla telefon danışıqlarımı da çıxara bilərlər. Mən onunla necə danışmışam, o məni necə ofisə dəvət edib. O, öz dərdini deməyə çalışıb, mən də onu dinləməyə getmişəm. Ondan sonra o adam telefonda başqa kənar adamlarla danışıb. Mən hiss etdim ki, onlardan göstəriş alır, o məcbur edilir ki, nəsə eləsin. Yəni, o çox isterik vəziyyətdə idi, əl-ayağı əsirdi, qorxurdu. Ondan sonra gözləmədiyim şəkildə o, mənə zərbələr endirdi, boyun nahiyəmdən tutub bərk sıxdı. Huşumu itirəndən sonra, dumanlı yadıma gəlir ki, içəri adamlar gəldi. Mən onların heç birinin sifətini görə bilmədim. Amma adamlar ofisə doluşdu və məni vurmağa başladılar. Açıq deyim, özümdə deyildim, bir o qədər ağrı da hiss etmirdim, məni haraya vururlar, necə çırpırlar. Ayılandan sonra baxdım ki, qan izlərim ofisin divarlarında, yerdə hər yana yayılıb”, deyə o qeyd edib.
Hüquq müdafiəçisi polisin onun içkili olması ilə bağlı məlumatını da saxta adlandırır. ”Bu prosesin gedişinə birbaşa hakimiyyət tərəfindən müdaxilələr var. Yəni bunlar saxta ittihamlar irəli sürürlər, saxta bəyanatlar verirlər. Əgər mən orada sərxoş, içkili vəziyyətdə olsa idim, sizi yüz faiz əmin edirəm ki, xəstəxana şəraitində məni müayinə edib sərxoşluqla bağlı da bir sənəd tərtib edərdilər. Amma bu, olmayıb”.
O, döyülməsinin səbəblərindən danışarkən deyib ki, Naxçıvandakı fəaliyyətləri hakimiyyəti çox narahat edir. “Digər tərəfdən də Turac Zeynalovun işi Avropa İnsan Haqları Məhkəməsində olduğundan, iş artıq kommunikasiyaya götürülüb və bizim hökumətə sorğular göndərilib. Gözləyirik ki, oktyabrda bu məsələ ilə bağlı qərar açıqlanacaq. Həm onları bu narahat edir, həm də biz tarixlərə də fikir verdik, mənim döyüldüyüm Turac Zeynalovun ölüm tarixi ilə eyni günə düşür. Yəni bu bir qisas əməliyyatı idi”.
İlqar Nəsibov inzibati araşdırmanın gedişindən narazıdır. “Hadisə avqustun 21-də baş verib. Bu gün günorta yenə məni məhkəmə-tibbi ekspertizaya dəvət etdilər. Orada həkim sifətimdəki yaraları xətkeşlə ölçdü və rəyini yazdı. İndiyədək cinayət işinin açılmaması, işin yubadılması, mən hiss edirəm ki, burada başqa bir qərəz var”.
O, ailəsinə və özünə qarşı burada təhlükənin qaldığını bildirib. “Yəni bunların nə edəcəyi bəlli deyil. İzləmələr var, telefon danışıqlarını izləyirlər. Həkimə gedəndə baxıram ki, izləmə prosesləri gedir. Başqa-başqa adamlar gəlib maraqlanır, hətta mindiyim taksiyə belə müdaxilə edirlər ki, haraya gedirsən. Belə hallar baş verir”, deyə o qeyd edib. /Turan/
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35