Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

Bakı bazarlarında meyvə-tərəvəzin qiyməti "od tutub, yanır"

Bakı bazarlarında meyvə-tərəvəzin qiyməti od tutub yanır. Rusiyanın Qərb ölkələrinə sanksiya tətbiq etməsindən sonra Azərbaycandan meyvə-tərəvəz idxalını artırması daxili bazarlarda vəziyyəti gərginləşdirib. Adətən mövsümün sonunda ucuzlaşan kənd təsərrüfatı məhsulları indi iki dəfədən artıq bahalaşıb. Paytaxt bazarlarında durumu öyrənmək üçün bu dəfə "Yasamal bazarı"na üz tutduq. Bazarda əvvəlki kimi alıcı gözə dəymirdi. Satıcılar alıcılıq qabiliyyətinin aşağı olmasından, alıcılar isə məhsulların bahalığından narazıdır.

10 günə 3 dəfə bahalaşan məhsullar

Bazara daxil olub, meyvə-tərəvəzin qiymətləri ilə tanış oluruq. Ən çox bahalaşma pomidorun satışında müşahidə olunur. Avqust ayı üçün təəccüblü olsa da, pomidorun qiyməti 1.80–2 manat arasında dəyişir. Ən keyfiyyətsiz əzik məhsulu isə 1 manat 50 qəpiyə ala bilərsiniz. Xiyarın qiymətində orta hesabla 60-70 qəpik bahalaşma müşahidə olunur.Qeyd edək ki, avqust ayının əvvəllərində bu məhsulun qimyəti 30-50 qəpik arasında dəyişirdi. Bibərin qiymətində cüzi bahalaşma hiss olunur. Meyvələrdən üzüm orta hesabla 50 qəpik bahalaşıb, əvvəllər 1 manata satılan üzüm indi 1.50-2 manata satılır. Qara gavalının qiymətində kəskin artım olub. Belə ki, əvvəllər 80 qəpiyə satılan gavalının qiyməti 1.80-2 manat arasında dəyişir.Paytaxt bazarlarında 1 manatdan baha satılmayan şaftalının qiyməti indi 2.50-3 manata qalxıb. Satıcılar deyir ki, qiymət artımı bir tərəfə, topdansatış mərkəzlərində normal keyfiyyətli məhsul tapmaq da çətinləşib. Keyfiyyətli məhsulu xaricə daşıyan işbazlar ikinci, üçüncü dərəcəli meyvə-tərəvəzi daxili bazara çıxarırlar. Bu məhsulları isə bir gündən artıq saxlamaq mümkün deyil.


Keyfiyyətli məhsul xaricə daşınır

Söhbət etdiyimiz satıcılar adlarının çəkilməsini istəməsələr də vəziyyətdən narahatlıqlarını bildirirlər. 30 ildən çoxdur, bazarda satıcı işləyən Cavanşir Məmmədov (ad şərtidir) deyir ki, ən çox bahalaşma pomidorun qiymətində müşahidə olunur: "Əvvəllər bir yeşik pomidoru 12 manata alırdıq. İndi isə daha keyfiyyətsiz məhsulun yeşiyini 35 manata alırıq. 10 gün içində 3 dəfə bahalaşma nə deməkdir? Keyfiyyətdən danışmağa dəyməz. Zir-zibili, əzik-üzük pomidorları yeşiyə yığıb, üstünə bir cərgə yaxşılarını düzüb, bizi aldadırlar. Biz bunu camaata necə sataq? Əvvəllər topdansatış mərkəzlərindən pomidorun kilosunu 50 qəpikdən alıb, 80 qəpiyə, 1 manata satırdıq. İndi 1.5 manata alırıq, məcburuq iki manata sataq. İki manata pomidoru vətəndaş necə alsın? Alıcılıq demək olar ki, yoxdur".Başqa bir satıcı isə deyir ki, məhsulların kütləvi şəkildə ölkədən çıxarılması tək-tək fermerlərin işi deyil: “Hansısa böyük iş adamları kəndləri gəzib, fermerlərdən məhsulu ucuz qiymətə alıb, xaricə ötürürlər. Hansı məhsula ki, Rusiya bazarında tələbat var, həmin məhsulu burada tapmaq olmur”.Adının çəkilməsini istəməyən satıcının sözlərinə görə, məhsulların qıtlığını mövsümlə əlaqələndirənlər insanları aldatmağa çalışırlar. Satıcı deyir ki, mövsümi bostan bitkiləri olan qarpız və yemiş adətən avqust ayının sonlarında daha bol olardı, qiyməti isə 20-30 qəpikdən artıq olmazdı. Hazırda bazarda qarpızın bir kiloqramının qiyməti 1 manatdır. Topdansatış mərkəzlərində isə 70 -80 qəpiyə satılır. Ötən ilin bu vaxtlarını xatırlayan həmsöhbətim deyir ki, Azərbaycanda heç vaxt bu fəsildə bostan bitkiləri bu qədər bahalaşmayıb.


Alıcıların ərzaq səbətində ixtisarlar

Mövcud durumdan ən çox əziyyət çəkənlər isə təbii ki, alıcılardır. Tamara Əliyeva deyir ki, artıq qarpız və yemişi ərzaq səbətindən çıxarıblar: "Hökumət bunun qarşısını almalıdır. Bu dərəcədə bahalaşma olar? Bizim gəlirimiz nə qədərdir ki, iki manatdan pomidor, 1 manatdan qarpız alaq. Əvvəl iki-üç kiloqram aldığımız meyvədən indi yarım kiloqram almağa gücümüz çatır".Satıcı Almaz Səlimova isə göyərtinin qiymətində artım müşahidə olunduğunu deyir. Satış qiyməti dəyişməsə də, topdansatış mərkəzlərində bir dəstə göyərti 15 qəpikdən 18 qəpiyə qalxıb.Almaz xanım deyir ki, əgər qiyməti qaldırsaq alıcıları itirəcəyimizdən qorxuruq: “Göyərtinin ən qıt olduğu vaxtlar qış aylarıdır. O zaman 20 qəpiyə satılan dəstəni indi baha satmaq düzgün deyil. ”

Çıxış yolu nədir?
İqtisadçı ekspert Vüqar Bayramov təklif edir ki, Rusiyaya ixrac olunan məhsulları digər ölkələrdən daha ucuz qiymətə idxal etməklə daxili bazarlardakı vəziyyəti tənzimləmək olar: “Biz təklif edirik ki, hökumət daxili bazarda yerli məhsulların qiymətinin artması fonunda idxalın liberallaşdırılmasını həyata keçirsin. İdxal prosesində mövcud olan baryerləri aradan qaldırmaq imkan verəcək ki, Azərbaycana daha ucuz meyvə-tərəvəzin gətirilsin. Türkiyə və İrandan daha ucuz kənd təsərrüfatı məhsulları gətirilərsə, həm də alıcıya seçim imkanı veriləcək. Alıcı nisbətən bahalı olan yerli məhsulu və ya daha ucuz olan xarici məhsulu almaqda özü qərar verəcək. Bu bazarda nisbətən ucuz məhsulların təklif edilməsi baxımından əhəmiyyətlidir. Bu da yerli fermerləri məcbur edəcək ki, bazara çıxarılan məhsulların qiymətini nisbətən azaltsın ki, rəqabətə tab gətirə bilsinlər”.Ekspert onu da vurğuladı ki, bahalaşma haqqında xəbərlərdən psixoloji faktor kimi istifadə edib, süni şəkildə qiymət artıranlara da nəzarət güclənməli, müvafiq qurumlar vaxtaşırı monitorinqlər keçirməklə vəziyyəti tənzimləməyə çalışmalıdır./musavat/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14