Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

Hakimiyyət repressiyalarda nəyə arxalanır?

Azərbaycan hakimiyyəti ciddi beynəlxalq təzyiqə baxmayaraq yürütdüyü repressiv siyasətini davam etdirməkdədir. Azərbaycanda insan haqları ilə bağlı son duruma artıq Qərb dövlətləri səviyyəsində etiraz sərgilənməkdədir. Əgər əvvəllər bu cür sərt bəyanatlar beynəlxalq təşkilatlar səviyyəsində verilirdisə, hazırda Qərb dövlətləri özləri prosesi nəzarətdə saxlamağa çalışırlar. Amma sərt reaksiyaya, kəskin bəyanatlara baxmayaraq Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətdən əl çəkmək niyyətində olmadığı hiss olunur. Bəs Azərbaycan hakimiyyətini bu cür arxayın edən nədir? Rusiyanın regionda yürütdüyü siyasət, beynəlxalq aləmin diqqətinin hazırda daha çox Ukraynaya yönəlməsi Azərbaycan iqtidarının əl-qolunu aça bilərmi?

Fuad Qəhrəmanlı: «Hakimiyyət hələlik Rusiya-Qərb qarşıdurmasından istifadə edərək, Rusiyanın himayəsinə sığınaraq repressiya siyasətini aparır»

Ukrayna hadisələrindən sonra Azərbaycanda repressiv addımların daha da gücləndiyini deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyət bu siyasəti ilə cəmiyyətdə xof yaratmağa çalışır. Dünyanın diqqətinin Ukrayna məsələsinə yönəlməsini Azərbaycan hakimiyyətinin bir fürsət kimi dəyərləndirdiyini deyən F.Qəhrəmanlı bildirdi ki, Ukrayna ilə Qərb arasında yaranan gərginlik geosiyasi faktorları önə çıxarıb: «Hakimiyyətin düşüncəsi bundan ibarətdir ki, demokratik dəyərlər öz önəmini bir qədər itirib. Ona görə İlham Əliyev hakimiyyəti hesab edib ki, hazırkı durumda insan haqları pozuntusu ciddi beynəlxalq təzyiqə səbəb olmayacaq. Çünki öndə olan faktorlar daha çox geosiyasi məqamlar, hansı cəbhədə yer alması məqamıdır. Hakimiyyət məhz bu siyasi proseslərdən istifadə edərək repressiya siyasətini gücləndirib».

Bir müddət sonra AB-nın növbəti sammitinin gözlənildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu sammitdə Azərbaycan hakimiyyəti ilə assosiasiya sazişinin imzalanması nəzərdə tutulur: «Ona görə hakimiyyət repressiyaları ilə demokratik düşərgəni mümkün qədər zəiflətməyə çalışır. Hakimiyyət bir növ daxili təzyiq faktorunu aradan qaldırmağa çalışır. Amma bu hesablamalar doğru çıxmadı. Çünki Azərbaycandakı repressiya ilə bağlı Qərb kifayət qədər sərt mövqedən çıxış etdi. Beynəlxalq təşkilatlar, dünya mətbuatı səviyyəsində hakimiyyət tənqid olundu. Nəticədə məlum oldu ki, demokratiya məsələsi heç də arxa plana keçməyib. Çünki demokratiya həm də bir xarici siyasət vektorunu müəyyən edir. Əgər ölkədə demokratiya prinsipləri pozulursa bu o deməkdir ki, Azərbaycan hakimiyyəti xarici siyasət kursunda Qərbə inteqrasiyada maraqlı deyil. Hakimiyyət hələlik Rusiya-Qərb qarşıdurmasından istifadə edərək, Rusiyanın himayəsinə sığınaraq repressiya siyasətini aparır. Hakimiyyət hesab edir ki, bir müddət sonra Azərbaycan cəmiyyətinin müqavimətini qırandan sonra yenidən Qərblə əvvəlki münasibətləri bərpa edə biləcək. Amma hakimiyyətin yanaşması ona görə səhvdir ki, bu yol ilə Azərbaycan cəmiyyətinin müqavimətini qırmaq mümkün olmayacaqdır. Hakimiyyət bunun fəsadını gələcəkdə görəcək. Çünki Azərbaycan hakimiyyətinin adı Şimali Koreya ilə birgə hallanacaq».

Gültəkin Hacıbəyli: «Ukraynadakı proseslər Qərbin diqqətini digər ölkələrdən, o cümlədən Azərbaycandan yayındırır»

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli də hesab edir ki, hakimiyyətin yürütdüyü hazırkı siyasət regionda yaranmış mövcud situasiya ilə bağlıdır. Rusiya-Qərb qarşıdurmasının cəbhə xəttinin bu gün Ukraynadan keçdiyini deyən G.Hacıbəyli vurğuladı ki, Putinin yürütdüyü siyasət rusiyanı çıxılmaz duruma salıb: «Rusiyanın geriyə yolu qalmadığı üçün daha da ağlasığmaz addımlar atır. Rusiyanın Ukraynaya qoşun yeritməsi artıq qırmızı cizginin keçilməsidir. Rusiya artıq gözəl anlayır ki, geriyə yolu yoxdur və yürüdülən siyasət onu dünya birliyi ilə üz-üzə qoyub. Putinin yeganə çıxış yolu öz blefini davam etdirməkdir. Ukraynada proseslərin belə gərgin fazaya qədəm qoyması sözsüz ki, Qərbin diqqətini digər ölkələrdən, o cümlədən Azərbaycandan yayındırır. Hakimiyyət yaranmış situasiyadan siyasi rəqiblərini susdurmaq üçün maksimum istifadə etməyə çalışır. Azərbaycan cəmiyyətinin ən tanınmış simaları hazırda həbsdədir. Bu həbslərin davam etməsi də real görünür. Hakimiyyət Azərbaycanın gələcəyini Avrointeqrasiyada görən qüvvələri hədəfə alıb».

G.Hacıbəyli hesab edir ki, hakimiyyətin hazırda yürütdüyü siyasət olduqca təhlükəlidir. Hakimiyyətin vətəndaş cəmiyyətinin potensialının tükənəcəyinə dair ümidləri əsassızdır. «Cəmiyyətə qarşı olan bu qədər təzyiq, basqı heç zaman itkisiz ötüşə bilməz. Hər bir həbs nəinki bir ailənin, böyük bir nəslin mənafelərinə toxunmaq deməkdir. Bu dəlatəsizlik itmir. İnsanlar ədalətsizliyə hansısa bir mərhələyə qədər susalar da, onu unutmurlar. Belə təzyiqlərin qarşılığında cəmiyyətdə başqa qüvvələr ortaya çıxa bilər», deyə G.Hacıbəyli vurğuladı./azadlıq/
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53