Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Jurnalistin döyülməsi "qarabasma"dır, amma özünü müdafiə etməsi "ağır xuliqanlıq"...

Tənqidçi jurnalistlərə qarşı amansızlığın son həddi

Avqustun 21-də Naxçıvanda bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülmüş jurnalist Ilqar Nəsibov yalnız dünən Naxçıvan şəhər Polis Idarəsinə dəvət edilib və zərərçəkmiş kimi tanınıb. O, idarədə iki saat ərzində baş verənlər haqda ifadə verib.
“Mənə deyiblər ki, zərərçəkmiş kimi tanınmışam və fakt üzrə CM-in 127.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu, yüngül bədən xəsarətləri yetirilməsini nəzərdə tutan çox yüngül maddədir”, - deyə Ilqar Nəsibov “Turan”a bildirib.
Istintaqın belə münasibəti və verilən suallar belə bir təəssürat yaradır ki, istintaq bu hadisəni ciddi şəkildə araşdırmaq niyyətində deyil. Xüsusən, istintaq Ilqar Nəsibovu döyənlərin sayının çox olduğunu təsdiqləməkdən imtina edir: “Onlar məni inandırmağa çalışırdılar ki, ofisə daxil olaraq məni döyən çoxlu sayda insan qarabasmadır”.
Baş verənlərin təfsilatını danışan Ilqar Nəsibovun sözlərinə görə, onu döyməkdə ittiham edilən Fərid başını əllərinin arasına alaraq ağlayır və deyirdi: “Onlar sənə nə etdilər, bütün bunları sonra mənim üstümə atacaqlar!”
Nəsibov həmçinin Naxçıvan Daxili Işlər Nazirliyinin guya, onun hadisə baş verən zaman sərxoş olması və insidentin iki sərxoş arasında davanın nəticəsi olması haqqında rəsmi məlumatına görə izahat tələb edib: “Nə ekspertiza, nə həkimlər, nə istintaq mənim alkoqol sərxoşluğu vəziyyətində olduğumu müəyyən etməyib. Bu, həmçinin cinayət işi açılan gülməli maddə göstərir ki, obyektiv araşdırma gözləməyə dəyməz”.
Xatırladaq ki, Nəsibov Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib. Və insanın vəhşicəsinə döyülüb belə bir vəziyyətə salındığı iş üzrə CM-nin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxsə bu maddə ilə ittiham verilib. Bu maddənin sanksiyasında iki ilədək islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması, yaxud da iki il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Burada “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin həbsi və ona elan olunan ittihamı xatırlatmaq yerinə düşər. Seymur Həziyə CM-nin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham elan olunub ki, bu maddənin də sanksiyasında 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Istintaqın məlumatına görə, Seymur Həzi butılka ilə Məhərrəm Həsənov adlı birisinin başını partladıb.
Qeyd edək ki, Seymur Həzi avqustun 29-da Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxarkən Məhərrəm Həsənov adlı bir nəfər yaxınlaşıb və “facebook”da ona yazdıqlarına niyə cavab vermədiyini soruşub. Seymur da öz növbəsində cavab verib ki, mesajı görməyib, imkan olan kimi cavab yazar. Bu an həmin şəxs Seymur Həziyə hücum edərək, onu vurmağa başlayıb. Belə olan halda, Seymur özünü müdafiə etmək məcburiyyətində qalıb və qorunmaq məqsədilə əlindəki butılkanı ona tərəf tullayıb. Əvvəlcədən hadisə yerində hazır dayanan polislər də Seymur Həzini dərhal həbs edib.
Indi bu iki hadisəni - Ilqar Nəsibovun döyülməsi və Seymur Həzi ilə bağlı insidenti müqayisə edək. Ilqar Nəsibovu döyən(lər)in onu saldığı vəziyyət - fotolar görənləri dəhşətə gətirmişdi. Hətta ATƏT-in media məsələləri üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç şəkilləri görəndə şoka düşdüyünü bildirmişdi. Bəs Seymur Həzinin döydüyü iddia olunan Məhərrəm Həsənova nə olub? Ilqar Nəsibovun vəhşicəsinə döyülməsi, sifətinin tanınmaz hala salınması, qabırğalarının sındırılması yüngül xəsarət kimi qiymətləndirilir, amma Seymur Həzinin özünü müdafiə etməsi ağırlaşdırıcı halda xuliqanlıq kimi dəyərləndirilir.
Bu faktın özü hüquq-mühafizə orqanlarının timsalında hökumətin jurnalistlərə qarşı münasibətinin göstəricisidir. Hüquq-mühafizə orqanları qanunların tətbiqinə açıq-aşkar ikili standartla yanaşır. Qanunun tətbiqi zamanı bir çox hallarda başlıca motiv siyasi məqsədəuyğunluq olur./azadlıq/
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi