Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

İlqar Nəsibov: «Öldüyümü zənn edib qaçmışdılar»

Naxçıvan Şəhər Polis İdarəsində hüquq müdafiəçisi İlqar Nəsibovun döyülməsi ilə bağlı «qəsdən az ağır xəsarət yetirmə» maddəsi ilə cinayət işi açılıb. Cinayət işində təqsirləndirilən şəxs kimi Naxçıvan şəhər sakini Fərid Əsgərovun adı keçir. İlqar Nəsibov avqustun 21-də axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. O, bir neçə gün öncə Türkiyədə müalicədən qayıdıb.

"Azadlıq" radiosu İlqar Nəsibovla müsahibəni təqdim edir:

- Müalicədən sonra özünüzü necə hiss edirsiz?

- Yavaş-yavaş normallaşıram. Bir az sinəmdə, başımda, qabırğalarımda ağrılar hiss edirəm. Əvvəlki ağrılar yoxdur. Bir az əsəb sistemimdə problem hiss edirəm. Tez əsəbiləşirəm, sifətimin bir tərəfində keyimə var. Zərbələrin təsirindəndir. Türkiyədə həkimlər dedi ki, sifətimdəki sınıqlar düzələndən sonra əsəblərim də düzələcək.

- İstintaqdan nə xəbər var?

- Dünən Naxçıvan Şəhər Polis İdarəsindən müstəntiq çağırmışdı. Getdim, izahat yazdım. Məni zərərçəkmiş şəxs kimi sənədləşdirdilər. Çox yüngül maddə ilə cinayət işi açılıb. Guya az ağır xəsarət almışam. Əslində mənə ağır xəsarətlər yetirilib.

- Bildirmisiniz ki, sizi bir yox, bir neçə nəfər döyüb. Bəs, cinayət işində kimlərin adı keçir?

- Təkcə Fəridin adı keçir. İzahat yazanda da bildirdim ki, mənə birinci zərbəni Fərid vurdu. Huşumu itirib, ayılandan sonra baxdım ki, ofisdən bir neçə nəfər çıxır. Sonra mənim huşum bir də getdi. Ayıldıqda baxdım ki, heç kim yoxdur. Yəqin ki, öldüyümü zənn edib qaçmışdılar.

- Döyüldüyünüz günü necə xatırlayırsız?

- Evdə idim. Axşamüstü zəng gəldi. Fərid məni təkidlə ofisə dəvət edirdi. Deyirdi ki, problemi var. Mən təklif etdim ki, şəhərdə görüşək. Təkid etdi ki, ofisə gəlim. Getdim, bu hadisə baş verdi.

- Fərid sizi evdən çağırıb, təkidlə ofisə dəvət edəndə sizdə şübhə yarandımı?

- Bir o qədər şübhə yaranmadı. Tanıdığım adam idi. Həmişə məndən ağsaqqal kimi məsləhət alıb. Münasibətlərimiz də pis olmayıb.

- İstintaqın gedişindən razısınızmı?

- Yüngül maddənin seçilməsi ondan xəbər verir ki, istintaq obyektiv getmir. Bunu da peşə fəaliyyətimlə bağlayıram. Bu xüsusi qurulmuş təxribatdır və obyektiv araşdırılacağı inandırıcı görünmür.

- Bundan sonrakı addımlarınız necə olacaq? Fəaliyyətinizdə dəyişiklik gözlənilirmi?

- İlk növbədə səhhətimin bərpa olunmasına çalışacağam. Bundan sonra fəaliyyətimi davam etdirəcəyəm. Bir də istintaqın gedişini izləyib, müvafiq addımlar atacağıq. Araşdırma qane etməsə, şikayət edəcəyik.
1128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi