Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Yumurta bahalaşdı

Bu gün bir qutu (360 ədəd) yumurtanın topdansatış qiyməti gözlənilmədən 11 manat artıb.

Bu barədə virtualaz.org saytına "28 may" metrosunun yaxınlığındakı topdansatış ticarət mərkəzlərinin sahibləri məlumat veriblər.

Xəbərdə deyilir ki, içində 360 ədəd yumurta olan qutuları istehsalçı şirkətlərdən dünən 20 manata alıblar. Bu gün isə bir qutu yumurtanı topdansatış bazalarına 30 manatdan veriblər: “Biz də 30 manata aldığımız məhsulların hər qutusunun üstünə yalnız 1 manat qoymaqla məhsulu pərakəndə satışla məşğul olan ticarət mərkəzlərinə, yəni marketlərə paylamışıq. İstehsalçılar bahalaşmaya belə izah verdilər ki, qiymət artımı tələbatın artması ilə bağlıdır. Dünəndən bu günə tələbat necə, nə qədər artıb ki, birdən-birə 10 manat bahalaşma olub? Biz tələbatın artdığını müşahidə etməmişik”.

Qeyd edək ki, topdansatış qiymətlərinin artımı ilə pərakəndə satış qiymətləri də yüksəlib. Marketlərdə yumurtanın bir ədədinin qiyməti 7 qəpikdən 10 (bəzi marketlərdə isə 13) qəpiyədək artırılıb.

“İmişli Quşçuluq” MMC yumurtanın topdansatış qiymətinin bu gündən 10 manat bahalaşması xəbərini təsdiqləyib.

“İmişli Quşçuluq” MMC-nin baş ofis müdiri Müqabil Heydərov virtualaz.org saytına açıqlamasında qiymətlərin bu gündən bahalaşdığını dedi: “Yumurtanın qiyməti süni olaraq aşağı salınmışdı. Məqsəd isə bazarda rəqabətin artırılması və yumurta istehsalı ilə məşğul olan fabriklərin işinə çətinlik yaratmamaq idi. Amma fabriklər 4 ay ziyanla işlədi. Buna görə də qiymətlər artırıldı. İçində 360 ədəd yumurta olan qutunun qiyməti 30 manat oldu”.

Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymət artımını broylerlərin xarici ölkələrdən asılı olması ilə əlaqələndirdi.

A.Vəliyev virtualaz.org saytına açıqlamasında xaricdən gətirilən yemin bahalaşdığını, buna görə də yumurtanın qiymətinin artırıldığını söylədi: “Yem, yem əlavələri, baytarlıq preparatları bahalaşıb. Buna görə də yumurtanın qiyməti artıb. Əvvəllər Ukraynadan yem kimi taxıl, qarğıdalı gətirilirdi. İndi isə Ukraynadan yem alınmır. Yəni Ukraynada baş verən hadisələr də buna təsir etdi. Xarici ölkələrdə yemin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür. Biz bu sahədə xarici ölkələrdən asılı vəziyyətdəyik”.

A.Vəliyev yumurtanın qiymətinin tələbat artdığından bahalaşması iddiası ilə razılaşmır: “Biz xarici ölkələrə yumurta satmaq istəyirik. Qiymət artımını tələbatın artması ilə əlaqələndirmək yanlışdır”.

İqtisadi İnkişaf Nazirliyindən qiymət artımından məlumatsız olduğunu dedilər.

Kənd Təsərrüfatı Nazirliyi isə hələlik meyvə-tərəvəz və ərzağın bahalaşmasına haqq qazandırmaqla məşğuldur.

Xatırladaq ki, yumurtanın heç bir əsas olmadan bahalaşdırılması 2011-ci ildə də müşahidə olunmuş və prezidentin sərt reaksiyası ilə qarşılanmışdı. Prezident İlham Əliyev 2011-ci ilin martında keçirilən müşavirədə heç bir iqtisadi əsası olmayan süni qiymət artımını pisləmişdi. Bundan dərhal sonra yumurtanın süni şəkildə bahalaşdırılmasına son qoyuldu. Qiymətlər düşdü. Üstündən 4 ilə yaxın keçəndən sonra yenidən süni qiymət artımını müşahidə edirik.../azadlıq/
1138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber