Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

İki nazirin “taksi qarşıdurması”

Ziya Məmmədovun London taksilərini Kəmaləddin Heydərov «yox»a çıxarır?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasındakı ziddiyyətlər Prezident Administrasiyasına qədər gedib çıxıb. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib.

Kəmaləddin Heydərovla Ziya Məmmədovun arasında zaman-zaman qarşıdurma olub. Bütün bunların kökündə isə nazirlərin iqtisadi maraqlarının toqquşması dayanıb. Mənbə deyir ki, bu dəfəki qarşıdurmaya səbəb London taksiləridir.

Qeyd edək ki, son vaxtlar London taksilərinin cərimə meydançalarına aparılması hallarına təsadüf edilir.

Bu baxımdan da artıq paytaxtda London taksilərinə az-az rast gəlinir. Bunun səbəbi isə heç də yol hərəkəti qaydalarının pozulması ilə bağlı deyil. Məsələ burasındadır ki, Bakıya gətirilən London taksilərinin əhəmiyyətli hissəsi gömrükdən keçməyib. Onlardan bir hissəsinə 2013-cü ilin, bir hissəsinə 2014-cü ilin mayına qədər gömrük keçmək üçün möhlət verilib. Lakin vaxt tamam olmasına baxmayaraq taksilər gömrükdən keçirilməyib. Dövlət Gömrük Komitəsi də həmin taksilərin saxlanılaraq cərimə meydançalarına yığır.

Doğrudur, Nəqliyyat Nazirliyi həmin taksilərin quruma heç bir aidiyyəti olmadığını bildirir. Həmin taksilərin özəl şirkət olan “Bakı Taksi” MMC-yə məxsus olduğu vurğulanır. Lakin sirr deyil ki, Azərbaycanda bu sahə Ziya Məmmədovun nəzarətindədir. Taksilərin gömrükdən keçirilməməsində də nəqliyyat nazirinin rolu iddia edilir.

Mənbənin sözlərinə görə, Kəmaləddin Heydərov gömrük komitəsinin sədri Aydın Əliyev vasitəsilə Ziya Məmmədova bu sahədə ciddi zərbə vurmaq istəyir. Hesablamalara görə, cərimə meydançasına aparılan hər bir taksi üçün gömrük rüsumu 8000-8500 manat civarındadır. Lakin Ziya Məmmədov da bu işin arxasında Kəmaləddin Heydərovun dayandığını bilib rüsumu ödəmək niyyətində deyil. Məsələnin dramatikləşməsi isə Prezident Administrasiyası səviyyəsində müzakirəyə səbəb olub. Hələ ki, administrasiyasının qərarı bəlli deyil./azadlıq/
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<