Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Hər il 800 min azərbaycanlı İrana müalicəyə gedir

Son illər Azərbaycan səhiyyəsinə inamsızlıq və ya qiymətlərin baha olması səbəbindən vətəndaşlarımızın xarici dövlətlərə üz tutması adi hala çevrilib. Ancaq ortada konkret statistika yoxdur: ildə nə qədər vətəndaşımız müalicə üçün xaricə üz tutur?

İrana 800 min nəfər

Azərbaycan vətəndaşlarının əsasən İran İslam Respublikasına üz tutduğunu nəzərə alıb, əvvəlcə, bu statistikanı dəqiqləşdirməyə çalışdıq.
İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi qeyd etdi ki, il ərzində Azərbaycandan İrana təxminən bir milyona yaxın adam keçir: “Onlardan nə qədərinin məhz müalicə məqsədi ilə getdiyini dəqiq deyə bilmərik”, - deyə M.Ayəttullahi bildirdi.
Müsahibimiz yalnız onu qeyd etdi ki, ötən il müvəqqəti olaraq viza tətbiqi zamanı səfirliyə müraciətlərin 80 faizi İrana müalicə almaq məqsədi ilə getdiklərini qeyd etmişdilər.
Bu isə təxmini bir rəqəm müəyyənləşdirmək üçün kifayət edir. Deməli, hər il Azərbaycandan İrana müayinə və müalicə olunmaq üçün 800 min adamın getdiyini ehtimal etmək olar.

“Bu statistikanı bilmirik”

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşı da dəqiq rəqəm söyləyə bilməyəcəyini dedi: “Dövlət yolu ilə müalicəyə gedənlərin statistikasını Azərbaycanın Səhiyyə Nazirliyi aparır. Amma bu rəqəm heç də Türkiyəyə üz tutan xəstələrin tam sayı deyil. Türkiyəyə öz təşəbbüsləri ilə gedən, yaxud turist kimi üz tutan vətəndaşlarınız da var ki, imkan tapıb öz müalicələri üçün Türkiyə xəstəxanalarına baş çəkirlər”.

Anar Qədirlini iş yrində tapmaq mümkün olmadı…

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini iki iş günündə kabinetində tapmaq mümkün olmadı.
Xidmətin əməkdaşı isə həm xaricə üz tutanların, həm də son bir ildə bizim səhiyyə ocaqlarında uğursuz əməliyyatlar nəticəsində həyatını itirənlərin statistikasını verməyə çətinlik çəkdiyini dedi: “Nazirliyin statistika idarəsinə müraciət edin”.
Statistika İdarəsinin özünü “Mehdi müəllim” kimi təqdim edən əməkdaşı sorğumuza cavab vermək istəmədiyini bildirdi: “Mən nəyə görə sizing sualınıza cavab verməliyəm?”

“Burdakıların insafı yoxdu”

İrana yüz minlərlə insanın hansı zərurətdən üz tutmasının səbəbini qonşu ölkədə şəfa tapmaq istəyənlərin özləri ilə apardığımız söhbətlərdən araşdırmaq istədik. Cəlilabad rayon sakini Amanat Fətullayev bildirdi ki, Təbrizin, Ərdəbilin həkimləri daha insaflıdır: “Həm də hər şey ucuzdur. Bakının rəsmi dövlət xəstəxanalarında 10 gün müddətinə ancaq qapıda dayananlara, mühafizəyə, sanitara, şəfqət bacısına xərclədiyin pula Təbrizdə tam əməliyyat haqqını ödəmək, dərmanlar almaq olar. İnsanla davranışları da çox yaxşıdır. Burdakıların, özümüzünkülərin böyük əksəriyyətinin insafı yoxdur, onlar xəstəyə xəstə kimi baxmır, obyekt kimi yanaşırlar”
Tanınmış şairə Fərqanə Mehdiyeva da Təbrizdə uğurlu əməliyyat olunaraq geri döndüyünü dedi: “Niyə Bakıda yox, orada əməliyyat olundum? Ona görə ki, qiymətlər arasındakı fərq müqayisəolunmaz dərəcədə fərqli idi. Təsəvvür edin, burada 10 manata aldığım dərmanı orada 1 manata aldım. Əməliyyatın ödənişində də çox yüksək fərq oldu. Burada 2.000 manat tələb olunan əməliyyat orada yol xərcimlə, qalmağımla, gəzməyimlə birgə 1.000 dollara başa gəldi”.
Fərqanə xanım onu da əlavə etdi ki, Azərbaycan-İran sərhəd-keçid məntəqəsində həmişə tıxac olur, kimi dindirirsən, müalicəyə getdiyini deyir./axar.az/
2046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber