Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Eldəniz Quliyev Ramil Usubovu məhkəməyə çağırdı - Foto

«Usubov məhkəməyə gəlməyincə, mən də ifadə verməyəcəm»

Daxili işlər naziri Ramil Usubovun Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə dünən Nəsimi Rayon Məhkəməsində iclas keçirilib. Qeyd edək ki, daxili işlər naziri Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılmasını istəyir. Iddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz əməlləri barədə yazdıqları olub. Kinodramaturq bir müddət əvvəl “facebook” səhifəsində Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev naziri məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləyib.

Dünənki məhkəmə iclasında iştirak etmək üçün xeyli sayda vətəndaş gəlsə də, zalın kiçik olduğunu əsas gətirərək, gələnlərin hamısını içəri buraxmadılar.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçən məhkəmə iclasında Eldəniz Quliyev şəxsən Ramil Usubovun özünün məhkəmədə iştirakı barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmədə çıxış edən Eldəniz Quliyev ona qarşı irəli sürülmuş ittihamları rədd edib. Deyib ki, nə kimisə təhqir edib, nə də kiməsə böhtan atıb.

Eldəniz Quliyev “Azadlıq”a açıqlamasında da bildirib ki, onun yazdıqlarında heç bir təhqir-böhtan olmayıb. Onun məhkəməyə çəkilməsinin gerçək səbəbi də əslində, ictimai-siyasi fəaliyyətidir. Müraciətdən də sadəcə, bəhanə kimi istifadə edirlər: “Ortada heç bir fakt olmadığı halda, mənim ictimai-siyasi fəaliyyətimə görə ittiham quraşdırıblar. Nəyin bahasına olursa olsun, məni təcrid etmək istəyirlər. Çox təəssüf edirəm ki, bu işdə Daxili işlər naziri şəxsən özü iştirak edir. Yaxşı olardı ki, polisdə baş alıb gedən rüşvətxorluğa, qanuna riayət etməyən, bir çox hallarda qanunu pozan polislərə, ümumiyyətlə, polis sistemində baş verən neqativ hallara qarşı mübarizə aparsınlar. Həmin qanunsuzluqları dilə gətirən adamı məhkəmə ilə qorxutmaq, məşhər ayağına çəkməkdənsə, öz öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirsinlər. Hazırda baş verənlər demokratik cəmiyyət, demokratik respublika üçün utanc gətirən bir hadisədir”.

Kinodramaturq onu da qeyd edib ki, şəxsən Ramil Usubov özü məhkəmədə iştirak etməsə, o da ifadə verməyəcək: “Təəssüf ki, bu məmləkətdə qanunun tələblərinə əməl olunmur. Bu baxımdan bizim vəsatətimiz də təmin olunmadı. Biz yenidən bu məsələyə qayıdacağıq. Hər hansı dövlət strukturunun şərəf və ləyaqəti olmur. Bu anlayış şəxsə aiddir. Ramil Usubov məni məhkəməyə fərd kimi veribsə, yazdığım statusda şərəf və ləyaqətinin təhqir olunduğu iddiasındadırsa, gəlib məhkəmədə də iştirak edilməlidir. Ən maraqlısı odur ki, mənim yazdığım statusda Ramil Usubovun adı çəkilmir”.

Maraqlıdır ki, dünənki məhkəmə iclasında Ramil Usubovun vəkili Əlirza Həbilovun vəsatətləri isə təmin olunub: “Necə olur, mənim vəsatətim təmin edilmir, amma qarşı tərəfin bütün istəklərinə ”hə" deyilir? Məsələ aydındır. Qarşı tərəfin vəsatəti təmin olundu və mənim yazdığımda bəzi ifadələr kontekstdən çıxarılaraq, linqvistik ekspertizaya göndərildi".

Bu iş üzrə növbəti məhkəmə iclası həmin ekspertizanın rəyi alınandan sonra davam etdiriləcək. Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salındı./azadlıq/

1176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24