Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Azərbaycan hökuməti ABŞ-da milyonları nəyə xərcləyir?

«The New York Times» hakimiyyətin neft pulları hesabına nüfuz qazanmaq səylərindən yazdı

ABŞ-ın aparıcı qəzetlərindən olan “The New York Times” Azərbaycan hökumətinin Birləşmiş Ştatlarda yerləşən beyin mərkəzlərində pulla nüfuz almaq səyləri haqda infoqrafik məqalə dərc edib. “Amerikanın səsi” radiosunun Azərbaycan dilinə tərcümə etdiyi materialda Azərbaycan hökumətinin lobbiçilik fəaliyyətlərini əks etdirən 13 sənəd nümayiş etdirilir. Imzalanan müqavilələrdə ödəniş müqabilində lobbiçilik firmasının Azərbaycanın ABŞ üçün əhəmiyyətini təşviq etməsi təsbit olunur. Azərbaycan tərəfinin Vaşinqtonda yerləşən “DCI Group” və “Podesta Group” lobbiçilik firmaları ilə imzaladığı müqavilələrdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun imzaları yer alır.

Səfir Süleymanovun “Xarici Təmsilçi” (Foreign Principal) qismində “DCI Group”la imzaladığı müqavilədə lobbiçilik firması Azərbaycan səfirliyinə ictimai əlaqələr və media strategiyası üzərində işləməyə, o cümlədən ABŞ mediasında kontaktlar yaratmaqda və müştərisi üçün vacib olan məsələlər haqda ABŞ mediasında məqalələr dərc etdirməkdə yardımçı olmaq öhdəliyini öz üzərinə götürür. Firma həmçinin ABŞ beyin mərkəzləri və siyasi düşüncə liderləri ilə quracağı münasibətlərdə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini, və rəsmi Bakının mühüm saydığı məsələləri işıqlandıracağını vəd edir. ABŞ Ədliyyə Nazirliyinə təqdim olunan qeydiyyat sənədində “DCI Group” öz lobbiçilik fəaliyyətlərində Azərbaycanın ABŞ üşün enerci və təhlükəsizlik sahələrindəki əhəmiyyətini vurğulayacağını bildirir.

“The New York Times” nüfuzun satın alındığı iddia olunan beyin mərkəzləri sırasında Atlantik Şurasının fəaliyyətinə diqqət yetirir. Atlantik Şurasının aparıcı donorları sırasında Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın adı da yer alır.

Daha sonra həmin bu beyin mərkəzinin 2014-cü il, 1 iyulda “Qafqazda NATO: Azərbaycanın Məsələsi” başlıqlı ictimai forum keçirməsi bildirilir. Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Xəzər Ibrahim və Azərbaycan hökumətini tez-tez ictimai forumlarda təmsil və müdafiə edən Brenda Şefferin, o cümlədən ABŞ Dövlət Katibinin yardımçısı Erik Rubinin panelist qismində iştirak etdikləri tədbirdə Azərbaycanın Qafqazda Avro-Atlantik hərbi alyans üçün önəminin vurğulandığı qeyd olunur. Tədbirdə iştirak edən Atlantik Şurasının prezidenti Frederik Kempenin Azərbaycanın NATO üçün rolunu alqışladığını Azərbaycan mediasında işıqlandıran sənəd nümayiş etdirilir.

“The New York Times”ın Frederik Kempeyə göndərdiyi sorğuda onun rəhbərlik etdiyi qurumun Azərbaycandan nə qədər pul aldığı soruşulur. Suala cavabda cənab Kempe sonuncu dəfə 2012-ci ildə SOCAR-dan 50 min dollar aldıqlarını yazır.

Daha sonra qəzet cənab Kempedən Şuranı təmsil edən ekspertlərin Azərbaycanı nə vaxt və necə tənqid etdiklərini soruşur. Buna cavab olaraq Frederik Kempe Atlantik Şurasının eksperti Sabina Freyzerin Azərbaycanda insan haqları fəallarına qarşı şiddətli basqıları, o cümlədən Leyla və Arif Yunusların həbslərini tənqid etdiyini qeyd edir.

Daha sonra başqa ekspert David Koranyinin Azərbaycanın TANAP layihəsinə nəzarət etməsinə qarşı çıxdığı bildirilir və cənab Koranyinin avqustun 14-də Yunusların həbsi ilə bağlı tənqid tonlu “Twitter” mesajı qeyd olunur.

Infoqrafik məqalədə səfir Elin Süleymanovun Podesta Qrupunun rəhbəri Antoni Podesta ilə imzaladığı razılıq yer alır ki, bu razılıq da 2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minmiş hesab olunur. Həmin müqavilədə Azərbaycan onun mövqeyini təbliğ edəcək firmaya hər ay 50 min dollar, üstəgəl əlavə xərclərin əvəzini ödəməyi öz üzərinə götürür./azadlıq/
1114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber