Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Güləşçilərimiz Daşkənddə fiaskoya uğradı

Keçən gün Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə dünya çempionatına start verilib.

Son mundialda ciddi uğur əldə edə bilməyən yığmamız bu dəfə eksperiment aparmaq qərarına gəlib.

Yarışa böyük əksəriyyəti legionerlərlə yollanan komandamız titullu idmançılardan belə imtina edib. Daha doğrusu, London Olimpiadasının qalibi Şərif Şərifov möhtəşəm oyunlardan sonra hələ “istirahət” etdiyindən “tətili”nin davamına qərar verilib. Bu, təmsilçimizin yeni çəki dərəcəsində xalçaya çıxacağı ilə sığortalanır. Onun kimi, London-2012-dən qızıl medalla qayıdan Toğrul Əsgərov da Daşkəndə aparılmayıb. Avropa çempionatında ilk görüşündəcə hokkey hesabı ilə uduzan pəhləvanımızın mundialı mavi ekran qarşısından izləməsinə “zədə”si səbəb olub.

Son 2 Olimpiadanın finalında uduzan Rövşən Bayramov da heyətdən kənar qalıb. Onun dünya çempionatına aparılmamasında səbəb Qızıl Qran-pri turnirində zəif çıxışı əsas götürülüb və “istirahət” üçün kifayət edib.

Sərbəst güləş

Kişilər

57 kq

Yığmamızın böyük ümidlərlə heyətinə cəlb etdiyi milliləşdirilən legioner Əhmədnəbi Qvarzatilov komandamıza ilk qələbəni qazandırıb. O, 1/16 finalda moldovalı Aleksandru Çirtoaquya heç bir şans verməyib – 8:2. Lakin uğurun ardını gətirə bilməyən Əhmədnəbi 1/8 finalda gürcüstanlı Vladimir Xençiqaşviliyə 2:8 hesabı ilə uduzaraq, çempionluq şansını “dəfn” edib. Rəqib finala kimi irəlilədiyindən, Qvarzatilovun təsəlliverici görüşlərə yolu açılıb. Əhmədnəbi öncə Andre Quispi (Çili) ilə güləşib. Qarşılaşma millimizin üzvünün asan qələbəsi ilə başa çatıb – 11:0. O, ardınca Vladislav Andreyevlə (Belarus) qüvvəsini sınayıb. Qvarzatilov yenə ardıcıl ikinci dəfə qələbə qazana bilməyib və 0:6 hesabı ilə məğlub olaraq, dünya çempionatı ilə vaxtından əvvəl vidalaşıb.

70 kq

Yarışa 1/8 finaldan başlayan Ruslan Dibirhacıyev bu mərhələdə moldovalı Yevgeni Nedelkonu məğlub edib - 6:4. Növbəti görüşdə isə Zəlimxan Yusupova (Tacikistan) uduzan legionerimiz qızıl medalla erkən vidalaşıb. Tacikistanlı güləşçinin isə yarımfinalda uduzması Ruslanın “bürünc” şansının da üstündən xətt çəkib.

86 kq

Bu çəkidə ölkəmizin şərəfini qoruyan, əslən Dağıstandan olan Həmzət Osmanov 1/16 finalda irlandiyalı Aleksandr Dolli ilə üz-üzə gəlib. İdmançımız rəqibinə qalib gəlməkdə çətinlik çəkməyib – 6:0. Osmanov 1/8 finalda Puert-Rika təmsilçisi Jame Espinalı sınağa çəkib. Gərgin keçən qarşılaşmadın millimizin üzvü qalib ayrılıb – 4:3. O, 1/4 finalda Georgita Stefanla (Rumıniya) qüvvəsini sınayıb. Həmzət ilk 2 görüşlə müqayisədə bu dəfə daha asan qələbə qazanıb – 10:0.

Osmanovun yarımfinalda rəqibi Reyneris Salas olub. Güləşçimiz 0:1 hesabı ilə uduzaraq, komanda yoldaşları kimi çempionluq arzusunu ən azı növbəti mundiala saxlayıb. Buna baxmayaraq, Həmzət 3-cü yer uğrunda çıxışını davam etdirib.

İran güləşçisi Mohammadhossein Mohammadian ilə həlledici görüşdə hesabda öndə olmasına baxmayaraq yekunda məğlub olan (11:2) təmsilçimiz dünya çempionatını 5-ci sırada tamamlayıb.

125 kq

Daha bir milliləşdirilmiş güləşçi Aslan Dzebişov da mundiala 1/16 finaldan start verib. O, mərhələ adlamaq üçün qırğızıstanlı Ayaal Lazerevlə gücünü yoxlayıb. Ağır çəkili pəhləvanımız rəqibini məğlub edib – 4:1.

Dzebişov ardınca Taha Akyolla (Türkiyə) bacarmayıb – 0:4. Lakin qonşu ölkə təmsilçisi finala yüksəldiyindən Aslan təsəlliverici görüşlərə qatılıb.

O, öncə Riçard Çerçişlə (Macarıstan) qarşılaşıb və qələbə qazanıb – 6:2. Təmsilçimiz “bürünc”ə gedən yolda daha bir rəqib - amerikalı Tervel Dlaqnev də mübarizə aparıb.

Lakin Dlaqnev güləşçimizə 3:1 hesabı ilə qalib gələrək, fəxri kürsüyə qalxmasının qarşısını alıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 14-dək davam edəcək./apa/
917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07