Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Kameronun Əliyevə məktubu qalmaqala səbəb olub

Prezidentin rəsmi saytına yerləşdirilən məktub az sonra niyə çıxarılıb?

Azərbaycanda keçirilmiş prezident seçkisindən 21 gün sonra - oktyabrın 30-da hökumət mediasında bir xəbər yayıldı: “Britaniyanın baş naziri Devid Kameron Ilham Əliyevi prezidet seçilməsi münasibəti ilə təbrik edib”.
Bu xəbərlərin ilkin qaynağı Prezident Administrasiyasının rəsmi saytı “www.president.az” idi. Qəribəsi bu idi ki, “təbrik məktubu” hökumət qəzetlərində yayılandan az sonra, yəni, elə həmin gün saytdan “yoxa çıxdı”. Amma hökumətyönlü mediada məktubun müsbət hissələri yayıldı.
Araşdırmamız nəticəsində məlum olub ki, “president.az” saytından təbrik məktubunun çıxarılması texniki problem deyil, xəbər saytdan məqsədli şəkildə götürülüb. Bunun səbəbini isə Azərbaycan hakimiyyəti hələ ki, izah etmir.
Məktubun saytdan yoxa çıxmasından sonra məcburiyyət qarşısında Britaniya tərəfi ilə əlaqə saxlanıldı. Britaniya baş nazirinin mətbuat xidməti “BBC Azərbaycanca”ya bəyan etdi ki, Devid Kameron Ilham Əliyevə rəsmi yox, “şəxsi məktub” göndərib. Mətbuat xitmətinin sözçüsü onu da əlavə edib ki, cənab Kameron “məktubun şəxsən prezidentə verilməsini” istəyib. Ilham Əliyevə məktubu Azərbaycana səfərə gələn “Britaniya hökumətinin yüksək rütbəli rəsmiləri” çatdırıb.
“Azadlıq” qəzeti bu məsələ ilə əlaqədar Britaniyanın Bakıdakı səfirliyinə sorğu ilə müraciət edib. Sorğuya cavabda bildirilib ki, baş nazirin ofisi bu cür məktubları adətən dərc eləmir. Məktubu alan qarşı tərəfin bunu edib-etməməyi onun özündən asılıdır. Səfirlikdən həmçinin məktubun Prezident Administrasiyasının saytına yerləşdirilib-silinməsindən xəbərsiz olduqları bildirilib.
Baş verənlərdən belə nəticə ortaya çıxır ki, hakimiyyət diplomatik etikanı pozaraq, məktubu yayıb; şəxsi məktubu rəsmi məktub kimi Prezident Administrasiyasının saytına yerləşdirib. Aydın olur ki, “təbrik məktubu” kimi təqdim olunan məktubda seçki ilə bağlı müsbət deyil, tənqidi fikirlər olduğunu dərk edəndən sonra onu saytdan çıxarıblar.
Əldə etdiyimiz məlumatlara görə, məktubda Baş nazir Devid Kameron Ilham Əliyevə “üçüncü müddətdə səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə təbrik edirəm” deməklə ona qismən sataşıb. Xüsusən, “üçüncü müddətdə” ifadəsilə...
Məktubda həmçinin Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycanda seçkidən sonra verdiyi bəyanatda ifadə olunan narahatlıq bir daha vurğulanıb. Bundan başqa, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun ilkin hesabatında qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün bu büro ilə işləmək tövsiyə olunub.
Məlum məktubda həmçinin qeyd olunurdu ki, Britaniya Xarici işlər nazirinin bu ilin sonunadək Azərbaycana gəlmək ehtimalı var. Ölkədə insan haqlarının durumunu və seçkidən sonra başlayan basqıları nəzərə alsaq, xarici işlər nazirinin səfəri həm Azərbaycanda, həm də öz ölkəsində ciddi izləniləcək.
Xatırladaq ki, səfərin “Şahdəniz 2" layihəsi ilə bağlı yekun qərarın verməsilə əlaqədar dekabr ayının ortalarında baş tutacağı gözlənilir./azadlıq/
2081 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20