Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Yeni dərs ili valideynləri dərdə salıb

Bir şagirdi məktəbə göndərmək valideynə 150-200 manata başa gəlir

Bir neçə gündən sonra növbəti dərs ili başlayır. Övladlarını məktəbə göndərəcək valideynlərin əksəriyyətini isə dərd götürüb. Çünki uşağı məktəbə göndərmək üçün lazım olan paltardan tutmuş, dərs vəsaitlərinə qədər hamısı ildən-ilə bahalaşır. Xüsusən, bir ailədə eyni vaxtda bir neçə məktəbli olanda valideynin vəziyyəti lap ağır olur.

Ötən gün paytaxtda bir neçə ünvana baş çəkib qiymətlərlə maraqlandıq. Metronun “Inşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Zəka” kitab evində çantaların qiyməti 20-50 manat arasındadır. Sözügedən ünvanda karandaşlar 2 manatdan başlayır. Xətkeş, qələm isə 20 qəpikdən başlayıb 1 manat 50 qəpiyə qədər davam edir.

Övladları ibtidai sinifdə oxuyan valideynlər onlar üçün su qabı almaq istəsə, formasından, materialından, üzərindəki şəkildən asılı olaraq, 4 manatdan 20 manata qədər pul xərcləməlidir. Rəsm dəftərləri də burada ucuz deyil. Nazik vərəqli, üzü sadə olan rəsm dəftərləri 80 qəpik, nisbətən daha yaxşıları isə 3 manat 50 qəpiyədir. Çötkələr isə 4-11 manat arasındadır.

Bizimlə söhbət edən valideynlər qiymətlərin bahalaşmasından narazılıq edirlər. Onların sözlərinə görə, bir uşağın məktəbə göndərilməsi 150-200 manata başa gəlir.

“Bunun geyimi, hazırlığa getməyi var. Bütün bunları hesablayanda, bir uşağa ilə ən azı, 2-3 min manat pul lazımdır. Bu isə imkan xaricindədir. Müəyyən güzəştlər edilsə, yaxşı olar. Məsələn, Bakı Tikiş Evi ailədə üç məktəbli olana qiymətlərdə endirim edirdi. Bu, yaxşı haldır. Ancaq evində iki şagird olan valideyn üçün də problemi həll etmək asan məsələ deyil”, - deyə iki övladı məktəbə gedən Rəna Məmmədova gileylənir.

Qiymətlər ildən-ilə artır

Metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı məktəbli dükanlarına da baş çəkdik. Orada da qiymətlər ucuz deyil.

Satıcılardan öyrəndik ki, ötən illə müqayisədə qiymətlərdə artım var. Məsələn, sadə qələmlər 4-6, dəftərlər 4-10, rəsm dəftərləri, rəngli qələmlər 10-15 qəpik, məktəbli çantaları isə 3-6 manat bahalaşıb.

Birinci sinif şagirdləri üçün 12 vərəqli dəftərin bir ədədi 10, ancaq daha keyfiyyətli dəftərlər isə 20 qəpikdir. 20 vərəqli dəftər 20, 40 vərəqli 25-30, 100 vərəqli isə 60-70 qəpiyə satılır. Qələmlərin qiyməti də növündən asılı olaraq, 20 qəpik-4 manat arasında dəyişir. Sadə qara karandaşın bir ədədi 10-20 qəpikdir. 6 və 12 ədəd karandaş dəstlərinin qiyməti 60 qəpik-3 manat arasındadır. 24 ədəd rəngli karandaşın qiyməti isə keyfiyyətindən asılı olaraq, 5-8 manat arasındadır. Şəkil albomlarını isə ölçüsü və kağızın keyfiyyətindən asılı olaraq, 50 qəpikdən 4 manata qədər almaq olar. Plastilinin ən ucuzu 40 qəpik, bahası isə 3 manatdır. Pozanların qiyməti 20-80 qəpik arasındadır. Ən ucuz su qabı Çin istehsalıdır ki, onun qiyməti 2, Türkiyə, Dubay istehsalı olanlar isə 6-13 manatdır./azadlıq/
1160 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP