Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Ziyalı Eldəniz

Mən onun adını telefonuma elə belə də qeyd etmişəm: “Ziyalı Eldəniz”!

Onun təmsil olunduğu təşkilatların adında ziyalı sözü var, ona görə belə alınıb. Fəqət, Eldəniz bəyin bugünlərdə sərgilədiyi mövqe, tutduğu yol elədir ki, burada təşkilat-filan arxa plana keçir. Indi bu ad - Eldəniz özü ziyalı sözünü zinətləndirir.

Eldəniz Quliyevi tanıtmaq üçün onun adının qarşısına nəsə yazmağa gərək qalmır. Hazırda o, növbəti dəfə əsl ziyalı nümunəsi yaratmaqdadır. Haqqı deyir, buna görə üstünə ən qorxunc formada gəlirlər, amma haqdan güzəştə getmir. Biz çoxdandı belə ziyalı obrazına tamarzıyıq, elə deyilmi?

Dünən onun məhkəməsində olduq. Ölkədən çıxışına qadağa qoydular. Bunu edən isə bir xanım hakim idi. O hakimin danışığı, ədası o qədər nəcib idi ki, heyrət elədim. Dedim, Ilahi, bu cür insanı, xanımı belə kirli işlərə necə qurşandıra biliblər. Hardadı insaf?

Inanın, Eldəniz bəyin üzləşdiyi o haqsızlıqdan çox, bu hakim xanımın dərdi məni üzdü. Axı insan olmaq bizim üçün o qədər çətin deyil... Aşkar görünürdü ki, xanım əfəndi dilinin oxuduğuna özü daxilən üsyan edir. Ziyalı Eldənizin davası da belə gedişata qarşıdır. Belə adamlarımızın çox olması üçün onları israrla qorumalıyıq. Onsuz da onların bizdən güclü bir təmənnaları yoxdu.

Türmənin yolu

Türk şairi Nazim Hikmətə ölüm hökmü çıxarılanda o, bu barədə həyat yoldaşına məktub yollayır. Xanımı pis olur, o da Nazimə bir məktub göndərir ki, “nə danışırsan, səni assalar, ölərəm”. Nazim də “Karıma mektup” adlı şeiri ilə ortaya bu hadisəyə uyğun mövqe qoyur. Yazır ki, sən ölüb-eləyən deyilsən, ondansa, pulun varsa mənə alt paltarı-filan al yolla...

Indi dostlar, bizim çox dəyərli yoldaşlarımız həbsdədir. Onlar üçün haqlı olaraq fəğan edirik. Bəzən onların azadlığa çıxması üçün çarəsiz qaldığımızı düşünərək, “biz nə edə bilərik?” sualını veririk. Zənnimcə, Nazim Hikmətin həyat yoldaşına yazdığı, həm də bizim cavabımızdı.

Siyasi məhbusları hər fürsətdə yad edək. Çıxışlarımızla, yazılarımızla yanaşı, arada Kürdəxanı türməsinin yanından yolumuzu salaq. Türmədəki siyasi məhbuslara su ala bilərik. Söhbət adi sudan, siqaretdən, corabdan gedir. Onlar üçün türməyə dəstək məktubları göndərmək bilirsinizmi necə böyük işdi? Bu, məhbus üçün bir dünya deməkdi. Dörd divar arasında qalan adama kənardan gələn bir sətirlik məktub belə, işıqdı, nurdu. Bunu unutmayaq...

Yapçının gopçuluğu

Yapçıların ən ağıllılarından biri deyib ki, Azərbaycan müxalifətinə düşmən kimi baxırlar, çünki onlar (müxalifət) ermənidən betərdilər.

Niyə, ay müəllim?

Onun cavabı təxminən belə olub: “Çünki müxalifət liderləri kütləvi aksiya keçirmək üçün xaricdən aldığı pulu özləri mənimsəyir, camaata vermirlər”.

Burada dayanaq və düşünək.

Yuxarıdakı sözü deyən adamın ağlı yerindədirsə və dedikləri doğrudursa, hakimiyyət onu bir anda həbsə atmalıdır. Çünki onun deməyindən belə çıxır ki, xarici təşkilatlar xalqı ayağa qaldırmaq üçün müxalifətə külli miqdarda pul göndərir, liderlər isə o pulu mənimsəyir, xalqa vermir. Beləliklə, belə anlaşılır ki, hakimiyyəti kütləvi aksiyalarla dəyişmək yolunda müxalifət, cəbhəçilər böyük maneədir.

Belə olsaydı, hökumət cəbhəçiləri hər fürsətdə təqib etməkdənsə, onların boynundan medal asardı.

Digər tərəfdən, yapın o qabaqda gedəninin fikrində bir ezop stili gördüm. Adam rəsmən deyir ki, xalqın pulunu mənimsəmək ermənidən betər düşmənçilikdir.

Razıyam. Azərbaycan insanına çatası pulu, sərvəti mənimsəyib özünə cah-cəlal quranların o sərvət haram xoşu olsun! Yapın qabaqda gedəni də belə demək istəyibsə, lakin cəsarəti çatmadığından fikrini sətiraltı bizə ötürübsə, Allah onun ölənlərinə rəhmət eləsin...

Natiq Güləhmədoğlu/azadlıq
1026 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33