Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Seymur Həzi üçün 36-cı maddə təklif olunur

Abşeron Rayon Polis Şöbəsi jurnalist Seymur Həzi ilə dalaşan Bakı şəhər sakini Məhərrəm Həsənovun həbs edib.

Dava avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində düşüb. Rəsmi məlumata görə, Seymur Həzi Məhərrəm Həsənovun başına şüşə butulka ilə zərbə endirib, yumruq və təpiklə sifət nahiyəsinə vuraraq ona bədən xəsarətləri yetirib. Seymur Həziyə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Avqustun 30-da Seymur Həzi barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla Məhərrəm Həsənovun Seymur Həziyə yumruqla xəsarətlər yetirdiyi bilinib. Məhərrəm Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilib, barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

221.1-ci maddəyə əsasən, Məhərrəm Həsənova üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası düşür.

Seymur Həzinin ittiham olunduğu 221.3-cü maddənin sanksiyası isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmədir.

Vəkil Elton Quliyev “Azadlıq” qəzetinə deyib ki, Seymur Həziyə irəli sürülən ittihamın heç bir əsası yoxdur: “Biz rəsmi şəkildə vəsatət vermişik və bildirmişik ki, burada xuliqanlıq əməli yoxdur. Çünki xuliqanlıq motivsiz cinayətdir, belə qəbul olunub. Xuliqanlıq edən şəxsin məqsədi, niyyəti yalnız ictimai qaydanı pozmaq, cəmiyyətə hörmətsizlik etmək, insanlar arasındakı formalaşmış dəyərlərə saymazyanalıq nümayiş etdirmək və sair olmalıdır.

Ancaq Seymur Həzi motivsiz hərəkət etməyib. Ona qarşı hücum olub. Mən vəsatətdə də qeyd etmişəm ki, kimisə xuliqanlıqla məsuliyyətə cəlb etmək lazımdırsa da, bu, Seymur Həzi yox, digər şəxs olmalıdır, yəni ona hücum eləyən. Çünki heç bir səbəb olmadan küçənin ortasında, camaatın yanında, ictimai yerdə ona yaxınlaşıb vurmağa başlayıb. Seymur da ondan canını qurtarmaq üçün özünü müdafiə edib. Əlindəki şüşə qabı onun başına hücumlardan özünü müdafiə etmək, əlindən qurtulmaq üçün vurub. Buna görə də vəsatəti məhkəməyə təqdim edəndə yeganə xahiş kimi onu qoymuşuq ki, Seymur Həzi barədə cinayət təqibinə xitam verilsin. Çünki o, zəruri müdafiə həddində hərəkət edib, həddini aşmayıb və nəticələr də göz önündədir. Onun müdafiəsi adekvat müdafiə hesab edilməli, barəsində cinayət təqibinə xitam verilməlidir”.

Zəruri müdafiə Cinayət Məcəlləsinin 36-cı maddəsi ilə tənzimlənir. Qanuna görə, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmayıbsa, cinayət sayılmır.

Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.

Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir./mediaforum/
1014 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber