Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Rezin çəkməlilər PA-na yürüş edəcək

Rezin çəkməlilər Suraxanıdan Prezident Administrasiyasına yürüş edəcək
Heydər Əliyev prospektinin beş addımlığında bataqlıqda yaşayanlardan şikayət var
rezin sapoq
Bakının Suraxanı rayonunun Bül-Bülə qəsəbəsindən bir qrup sakin rezin çəkmələlərlə Prezident Administrasiyasının qarşısına yürüşə hazırlaşır. Bu haqda sakinlərdən biri virtualaz.org saytının redaksiyasına məlumat verib. Bəs niyə məhz rezin çəkmələrlə? Ucqar kənd yerlərində palçıqlı yollarda hərəkət etmək üçün işə yarayan uzunboğaz rezin çəkmələrin Bakının ortasında nə işi var?

Şikayətdən belə məlum olur ki, əslində Bül-Bülə qəsəbəsinin S.Əliyev küçəsi, “A” massivi adlanan ərazisində-Heydər Əliyev prosepektinin beş addımlığında, aerport yolunun kənarlarındakı bəzəkli hasarların o üzündə yaşayan minlərlə sakinin vəziyyəti heç də ucqar dağ kəndlərinin sakinlərinin vəziyyətindən yaxşı deyilmiş. Ən azından yolsuzluq baxımından.

Müxbirimizlə əlaqə saxlayan və bir qrup sakin adından yazılmış şikayət ərizəsini redaksiyamıza təqdim edən sakinlərin bildirdiyinə görə 20 ildən artıqdır salınmış bu yaşayış massivində yollar onsuz da abad deyildi. “Bizim küçələrdə asfalt onsuz da olmayıb. İllərdir gözləyirdik ki, prezidentimizin Bakıətrafı qəsəbələrdə küçələrin asfalt döşənməsi yönündə verdiyi göstərişlərdən bizim massivə də pay düşəcək. Bu ilin iyun ayında prezident Bül-Bülə və Əmircan qəsəbələri ərazisində kəndarası yolların abadlaşdırılması üçün Suraxanı rayon icra hakimiyyətinə 2 milyon manat da ayırmışdı. Ancaq bu sərəncamın necə yerinə yetirildiyini bilən yoxdur” deyə sakinlər bildirir.

Şikayətdə deyilir ki, sakinlər indiyədək öz vəsaitləri hesabına yollara daş-çınqıl döşəyərək birtəhər hərəkət edirmiş. Ancaq ərazidə “Azərsu” tərəfindən su xətlərinin çəkilməsi başlayandan bu yana vəziyyət dramatik xarakter alıb. Su xətlərinin çəkilişi zamanı texnika sözün əsl mənasında yolların altını üstünə çevirib, nəticədə yağış yağanda küçələr əsl bataqlığa çevrilir. Dizə qədər çıxan palçıqda nəinki piyadaların, heç maşınların da hərəkəti mümkün olmur.

“Keçən dəfə yağış yağanda küçələrdə maşınların necə batıb qaldığını görmək lazım idi. Telekanallara, ANS-ə müraciət elədik ki, gəlib bu mənzərəni çəksinlər. Ancaq gələn olmadı. Yığışıb İcra Hakimiyyətinə şikayətə getdik, başdan elədilər. Su xətlərini çəkən şirkətlərin işçiləri deyirlər ki, bizim işimiz qazmaqdır, yol düzəltmək deyil. Bəs biz bu bataqlıqda nə vaxta qədər yaşamalıyıq? Asfalt çəkməyə imkan yoxdu, heç olmasa çınqıl töksünlər” deyə İbrahim adlı sakin bildirir.

Sakinlər deyir ki, indi onlar növbəti yağışın yağmasını gözləyirlər. “Yağışlar başlayanda rezin çəkmələri olmayan küçəyə çıxa bilmir. İndi gözləyirik yağış yağsın, yeganə yolumuz budur ki, rezin çəkmələrimizi geyib şəhərin mərkəzinə, Prezident Administrasiyasının qarşısına toplaşaq. Heç bir şüar səsləndirmək, aksiya keçirmək fikrimiz yoxdur. Sadəcə istəyirik ki, mətbuat, telekanallar bu cür inkişaf edən ölkənin paytaxtında uzunboğaz rezin çəkmələrlə, dizə qədər palçıqda gəzənlərin olduğunu görsün” deyə sakinlərin müraciətində bildirilir.

Sakinlər saytımız vasitəsilə digər KİV-lərdən xahiş edir ki, onların şəhərin mərkəzinə çəkməli yürüşünü işıqlandırsınlar.
2651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı