Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

“Qərb İŞİD-i Suriyada dəstəkləyir, İraqda vurur”

"Terrorçu təşkilatı Mərkəzi Kəşfiyyat İdarəsi yaradıb. İŞİD-in sponsorları isə Səudiyyə Ərəbistanı və Qətər olub"
Planetin bir çox “qaynar nöqtələrində” gərginlik səngimək bilmir. Hazırda dünyanın nəzərləri Yaxın Şərqə, Suriya və İraqda böyük əraziləri ələ keçirərək öz sərt və amansız qayda-qanunlarının tətbiq edən İŞİD-in üzərinə yönəlib. Bir çox Qərb və ərəb dövlətləri bir araya gələrək terrorçu qruplaşmaya qarşı koalisiya yaradıblar. İŞİD terrorçularına qarşı uzun müddətdir təkbaşına mücadilə aparan İran bu koalisiyaya qoşulmayacağını bəyan edib. İranın ardınca Türkiyə də terrorçularla savaşmayacaqlarını rəsmən bildirib. İslaminsesi.az saytı tanınmış politoloq Zərdüşt Əlizadədən bu məsələyə münasibət öyrənib.

- Əvvəla Qərbin bir təşkilata dəstək verməsi, sonra dəstəyi dayandırması təmiz olmayan bir siyasətdir və bunu hamı gördü. İranın İŞİD-ə qarşı yaranmış koalisiyanı dəstəkləməməkdə öz haqlı arqumentləri var və düşünürəm ki, rəsmi Tehran düzgün xətt yeridir. Çünki o dövlətlər sabit, güvənli siyasət yürütmürlər. Gah sünniləri dəstəkləməsi, gah bir radikal qrupla əməkdaşlıq etməsi, gah həmin terrorçuları o biri radikal qrupla qarşı-qarşıya gətirməsi, onları bir-birləri ilə vuruşdurması kimi proseslər Qərbin terrorçularla əlaqəsindən xəbər verir və onlara heç də nüfuz qazandırmır. Bu çirkin siyasəti onlar öz məqsədlərinə çatmaq üçün yürüdürlər. Amma bu, təbii ki, məntiqdən kənar bir şeydir.

Terrorçu təşkilatı Mərkəzi Kəşfiyyat İdarəsi yaradıb. İŞİD-in sponsorları isə Səudiyyə Ərəbistanı və Qətər olub. Dünənədək ABŞ başda olmaqla, İŞİD-ə dəstək verən dövlətlər hazırda bu terrorçu təşkilatla mübarizə aparırlar, amma eyni zamanda İŞİD-in Suriyadakı fəaliyyətinə də dəstək verməkdə davam edirlər. Bu ikitərəfli mövqedir və ona görə də bu mövqeni prinsipial hesab etmək olmaz. İŞİD Bəşər Əsədə qarşı vururşursa ona dəstək verirlər. İraqdakı fəaliyyətinə isə dəstək vermirlər. Bu hansı məntiqə sığır?


-Qərb xeyli əvvəl Yaxın Şərqdə sərhədlərin dəyişdirilməsinə dair plan hazırlayıb. İŞİD isə bu planın bir parçası idi və onu həyata keçirmək məqsədlə yaradılmışdı. İndi bu koalisiyanın yaradılması İŞİD-in üzərinə düşən missiyanın bitməsi ilə bağlıdır?

-Yox məsələ elə də sadə deyil. Bəli, onlar bu terrorçu təşkilatı yaradanda daha uzağa gedən planlar düşünmüşdülər. İŞİD isə nəzarətdən çıxdı, kifayət qədər gücləndi, müstəqil oldu və Əl-Qaidənin yolu ilə getməyə başladı. Kürdlər ABŞ-ın İsraildən sonra bölgədə nəzərdə tutduqları ikinci starteji dayaqdır. Ona görə də İŞİD kürdlərlə mübarizəyə başlayan kimi ABŞ əl-ayağa düşdü. Unutmayın ki, əgər ABŞ kürd dövləti yarada bilsə, onda bu dövlət də İsrail dövləti kimi Amerikanın əsəri olacaq və sona qədər də onun təhlükəsizliyinin təminatçısı ABŞ özü olacaq. Hazırda gedən proseslər onu göstərir ki, ABŞ artıq Yaxın Şərqə İsrail və qurmağı planlaşdırdığı kürd dövləti vasitəsi ilə nəzarət etməyə hazırlaşır. Bu ikiqütblü siyasəti Türkiyə də başa düşür və bacardığı qədər çirkin siyasi oyunlardan kənarda qalmağa çalışır.

-Dünyanın daha bir qaynar nöqtəsi isə Ukraynadır. Çizcə bu böhran hələ uzun çəkəcək?

-Ukraynanı da Azərbaycanın vəziyyətinə saldılar. Onun ərazisində də uzunmüddətli münaqişə ocağı yaratdılar. Ərazi bütövlüyü təhlükəsi ilə onu bu siyasi oyunun içinə atdılar. Amma Azərbaycandan fərqli olaraq Ukrayna tamahkar, acgöz siyasətçilər ucbatından Qərbin tələsinə düşdü. Burda Rusiya Moldova, Gürcüstan və Azərbaycan üçün yaratdığı çıxılmaz problemi Ukraynaya da “töhvə” etdi.

Biz onu deyə bilərik ki, Putinin yeni imperiya planlarını gerçəkləşdirənə qədər dayanmaq fikri yoxdur. Ola bilsin ki, yaxın zamanda Qazaxıstanın da adı bu siyahıya daxil edilərək Kremlin divarlarından asıla bilər. Bu məsələ Nazarbayevin özünü nə qədər müdrik və uzaqgörən dövlət başçısı kimi aparacağından asılıdır. Yəqin ki, yaxın illərdə Rusiyanın digər postsovet ölkələri üçün hansı surprizlər hazırladıqlarının şahidi olacağıq.
1685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38