Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

«Sovetski» sakinləri köçürülmədən narazıdırlar

Yaşayış ola-ola söküntü aparılması ərazidə dözülməz vəziyyət yaradıb «22 nəfərlik ailəyə 40 min manat kompensasiya verilir, bununla nə edək?!»
Bakının qədim məhəllələrindən sayılan "Sovetski"nin söküntüsü hər gün davam etdirilir. Yasamal Rayon İcra Hakimiyyətinin Nəriman Nərimanov prospektində yerləşən mənzilləri sökərkən bir qrup sakin buna etiraz edib. Onların etirazına səbəb verilən kompensasiyanın miqdarının az olması və hamını razı salıb köçürmədən qonşu evlərin sökülməsi idi. Sakinlər xəstəlik tapacaqlarından və evlərinin qəzalı vəziyyətə düşməsindən narahatdırlar.

Hökumətin təklif etdiyi kompensasiya ilə razılaşmayan ailələr onlara qarşı təzyiqlər olduğunu deyirlər. Vətəndaşlar hesab edir ki, mənzillərə qazın, suyun və işığın verilməsində tez-tez problemin yaranması və kanalizasiya xəttinin dağıdılması onlara qarşı təzyiqdir. Bütün bunların sakinlərin təklif olunan kompensasiya ilə razılaşmağa istiqamətləndiyini deyirlər.

Nəriman Nərimanov 68 ünvanında yaşayan Seyidəmirova Mədinə Məmmədəli qızı bazar qiymətinə uyğun kompensasiya verilmədən evindən köçmək istəmədiyini bildirdi: "Mən Qarabağ müharibəsi veteranının ailə üzvüyəm, özüm əliləm. Evimizi qəza vəziyyətinə salırlar ki, yaşamaq mümkün olmasın. Məcburi olaraq evi tərk edək. Evimiz 30 kvadrat metrdir. Mənzilimiz azkvadratlı olduğuna görə verilən kompensasiya azdır. 40 min manat kompensasiya verirlər. Evimin mülkiyyət sənədi də var. Ailəm 22 nəfərdən ibarətdir. 5 övladım, nəvələrim və nəticələrim bu ünvanda olan mənzildə yaşayırlar. 22 nəfər vətəndaşın taleyi ilə oynamaq olarmı? Mən ali təhsilli adamam, yaşayış ola-ola qonşu evlərinin sökülməsi olmaz. Qonşu evlər sökülərkən ərazidə toz-torpaq yaranır. Nəfəs almaq çətindir. Toz-torpaq xəstəlik mənbəyidir".

Söhbət etdiyimiz başqa sakinlər də bildirir ki, az kvadratlı evlərin sahibləri verilən kompensasiyadan narazıdırlar. Onların tələbi odur ki, ev sahiblərinə ev ala biləcək kompensasiya, ya da ev verilsin.

Qeyd edək ki, baş nazirin müavini Abid Şərifov "Sovetski" məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələyə inventarlaşma başa çatandan sonra baxılacağını deyib: "Biz sahəsi kiçik olan evlərə toxunmuruq. İnventarlaşma prosesi başa çatandan sonra sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlanacaq. Eyni zamanda evinin sahəsindən asılı olmayaraq, köçmək istəməyənlərin evlərinə də toxunulmur. Kim istəyir, qalıb yaşaya bilər".

Köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparıldığını xatırladan A. Şərifov qiymət məsələsinə yenidən baxılmayacağını da vurğulayıb./bizimyol/

«Sovetski» sakinləri köçürülmədən narazıdırlar

«Sovetski» sakinləri köçürülmədən narazıdırlar

«Sovetski» sakinləri köçürülmədən narazıdırlar

«Sovetski» sakinləri köçürülmədən narazıdırlar



1051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber