Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

Siz Naxçıvan modelini çoxdan tətbiq etmisiniz

Siyavuş Novruzovun yeni təklifinə sözardı

Zillət vəkili, YAP-ın ideya generatoru Siyavuş Novruzov yas mərasimlərindəki qadağalara münasibət bildirib və deyib ki, Naxçıvan təcrübəsini Azərbaycana tətbiq etmək lazımdır: “Burada məcburilikdən söhbət gedə bilməz. Qanun yaradıcılıq bazasının biri də sanksiyalaşdırılmış adətlərdir.

Bu daha çox ənənə xarakterini almalıdır. Bu, əslində Naxçıvan modelidir. Bu modeldə bir dənə də olsun rəsmi qanunla heç nə qadağan olunmayıb. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov əziz adamının yasında deyib ki, süfrəyə ancaq bu ərzaqlar verilməlidir və bu müddətdə olmalıdır. Üç-dörd il əvvəl Vasif müəllim bunu özünə tətbiq edib. Bundan sonra, demək olar, Naxçıvanın bütün kəndlərində bu, könüllü olaraq tətbiq edildi. Bu həm də Vasif Talıbov modeli idi. Biz indi bunu təbliğ edərək bütün Azərbaycanda tətbiq etmək istəyirik. Bununla bağlı bizim ziyalılarımız da çıxış etməlidir. Müddət məsələsinə də məhdudiyyət qoyulmalıdır. Yas mərasimi saat 3-də başlayırsa, 8-də bitməlidir. Gecə 11-12-yə kimi davam etməməlidir. Bir zamanlar toylarda bir-birinin başına pul səpirdilər. Biz belə bir şüar seçdik ki, pul dövlətin atributudur, onu ayaqlamaq olmaz”- deyə Siyavuş Novruzov bildirib.

Əvvəla qeyd edək ki, istər yas, istərsə də toy mərasimlərində israfçılığa yol verilməsinin heç kim tərəfdarı deyil və bu israfçılığın aradan qalxması yaxşı olardı. Amma bizim hökumət təmsilçiləri bu məsələni gündəmə çevirəndə, adamın təpəsindən tüstü çıxır. Çünki, ən böyük israfçılıq bu hakimiyyətin başında duranların həyat tərzində görünür.

Amma bu yazıda məmurların harın həyatına deyil, Siyavuş Novruzovun “Naxçıvan modeli”nə münasibət bildirmək istəyirik.

Siyavuş Novruzov hesab edir ki, Vasif Talıbov uğurlu modelə imza atıb və biz də bu modeli Azərbaycana tətbiq etməliyik.

Canab Novruzova xatırlatmaq istəyirik ki, Naxçıvan modeli uzun illərdi Azərbaycana tətbiq edilir və ölkəni orta əsrlər dövrünə sürükləyir. Bəli, Naxçıvanı Azərbaycanın loboratoriyası adlandırırlar və burdakı uğurlu sınaqlar ölkənin bürün ərazilərinə tətbiq edilir. Adamların döyülməsi, öldürülməsi, həbs olunması, gömrükdəki məhdudiyyətlər və digər “ənənə”lər Naxçıvandan sonra Bakıda da “işıq üzü” görür.

Siyavuş Novruzov “Vasif Talıbov modeli” ifadəsini elə səsləndirir ki, guya bu şəxs yeni elmi kəşfə imza atıb. O, zaman bu şəxsin digər “kəşf”lərindən də söhbət açmaq yaxşı olardı. Çayxanaların qapadılması, təndirlərin dağıdılması, taksi fəaliyyəti ilə məşğul olanların yalnız “Lifan” sürməsi, alimlərin iməciliklərə səfərbər edilməsi, əsgərlərin məmur evlərində işlədilməsi, müxalifət qəzetinin oxunmasına qadağa qoyulması da, “Naxçıvan modeli”dir. Dünya təcrübəsinin Azərbaycana tətbiq edilməsindən imtina edənlər, ən yaxşı nümunə kimi “Naxçıvan modeli”nin tətbiqini təklif edirlər. Son olaraq Naxçıvanın nümunəsində şahid olduq ki, hüquq müdafiəçisini vəhşicəsinə döyüb, bunu qarabasma kimi qələmə vermək olur. Bir müddət sonra bu “Naxçıvan modeli”nin başqa regionlarda da tətbiqinə başlasalar, heç təəccüblənmərik.

Siyavuş Novruzov daha sonra toylarda başa pul səpilməsini tənqid edir və pulun ayaqlanmasının yolverilməz olduğunu bildirir. Hörmətli deputatımız unudur ki, sadə vətəndaşların toyda pulsəpmə adəti çoxdan ləğv olunub. Indi toylarda havaya pul sovuranlar məmurlardı və “youtube” vasitəsilə bu görüntülərə şahidlik etmək olar.

Bir sözlə, sadə vətəndaşa qarşı “Vasif Talıbov modeli”ni, özlərinə isə Avropa modelini tətbiq etməkdə israrlıdılar. Məhz bunun göstəricisidir ki, öz övladları Avropada oxuyur, Avropada istirahət edir, Avropada müalicə olunur. Sadə vətəndaşa isə, Avropa “xoxan” kimi təqdim edilir.

Görünür, yaşayanda da, öləndə də Vasif Talıbov modelinə uyğunlaşmaq lazımıdır./azadlıq/
957 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11