Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

İcra hakimiyyəti su borularını satır - (Fotolar)

Quba rayonu, Alpan kəndi sakinləri rayondakı qanun pozuntularından şikayətlənir.

"Yeni Müsavat"a müraciət edən şikayətçilər deyirlər ki, kəndlərində su boruları rayon icra hakimiyyəti tərəfindən çıxarılaraq satılır.

Kənd sakinləri deyirlər: “Onsuz da kəndimizin ciddi problemləri var. Bunlar bizim şikayətlərimizi, problemlərimizi həll etmək əvəzinə halımızı daha da pisləşdirirlər. Yol, məktəb problemlərimizdən heç danışılası deyil. Amma bizi su məsələsi daha çox maraqlandırır”.

Şikayətçilərin sözlərinə görə, istifadəsiz su boruları çıxarılaraq satılır: “Su probleminin yaranmasına səbəb həm də boruların köhnə olmasıdır. Amma bundan da vacib məsələ var. Bu da bu su borularının satılmasıdır. Sovet dövründən qalan su boruları var. Bu borular kəndimizin ərazisindən keçir. Vaxtilə alma bağlarının suvarılması üçün istifadə edilib. İndi isə istifadəsizdir. Amma görünür, bu hələ də kiminsə işinə yarayır. Çünki su borularını çıxarıb satırlar”.

Kənd sakinlərinin dediklərinə görə, Quba Rayon İcra Hakimiyyəti su borularını çıxarıb satdığı üçün yollar da bərbad hala düşüb: “Bu su boruları bizə məxsusdur. Kəndlilərindir. Amma icra hakimiyyəti boruları çıxararaq satır. Bunun heç bir qanunla təsdiqlənməsi yoxdur. Bu boruları çıxarıb satırlarsa, heç olmasa bizim üçün yeni su boruları çəksinlər. Susuzluqdan daha bezmişik. İllərdir su məsələsi bizi boğaza yığıb. Boruları çıxardıqları üçün kəndimizin yolları bərbad hala düşüb. Onsuz da yararsız idi. Daha da bərbad günə qalıb. Düzəldən də yoxdur. Bunlar ciblərini doldururlar, biz isə səfil gününə qalırıq”.

1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber