Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

Hacıbala Abutalıbova sual: bu küçə Bakının hansı rayonundadır? - (Fotolar)

Bakıda iyrənclik gözəlliklə eyni sürətdə böyüyür.

Müşfiq qəsəbəsində yaşayan sakinlərin milli.az-a verdikləri məlumata görə, qəsəbə ərazisində abadlıqla yanaşı zibillik sahəsi də genişlənir. Sakinlərin şikayətlərində deyilir ki, Zərifə Əliyeva küçəsində zibil əlindən tərpənmək mümkün deyil: “Rayon rəhbərliyimiz ancaq gözəlliklərdən danışır, amma bir qəsəbəni tamamilə unudublar. Uzun müddətdir küçədə zibillik təmizlənmir. Sakinlər öz pulları ilə maşın çağıraraq zibilləri təmizlətdiriblər. Ancaq indi həmin əraziyə yük maşını da girə bilmir. Ona görə də həmin ərazi iyrənclik saçır”.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Xəlilov sayta bildirib ki, Müşfiq qəsəbəsinin onlara heç bir aidiyyətı yoxdur, həmin ərazi Qaradağ rayonuna tabedir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova sakinlərin şikayətini təəcüblə qarşılayıb. Xanım müavin bildirib ki, Müşfiq Qaradağ rayonunun ən təmiz qəsəbələrindən biridir: “Həmin qəsəbədə zibilliyin olması inandırıcı deyil. Ola bilsin ki, ucqar bir məhəllədə zibillik problem ola bilər. Abadlıq, zibilliklə mübarizə bizim diqqət mərkəzimizdədir. Qaradağ rayonu Bakının əlli bir faizini təşkil edir. Qəsəbələr bir-birindən çox uzaqda yerləşir. Müşfiqdəki problem epizodik bir hal ala bilər. Ola bilsin texnika çatmayıb. Bakının mərkəzində yaşayıram. Qaradağ Bakının mərkəzi ilə müqayisədə daha təmizdir”.

Daha sonra icra hakimiyyətinin sektor müdiri Eldar Sadiqov saytla əlaqə saxlayaraq Qaradağ rayonu ərazisində Zərifə Əliyeva adına küçənin olmadığını dedi: "Təranə İsmayılovanın tapşırığı ilə araşdırma apardıq. Bizim rayonda belə bir küçə yoxdur. Binəqədi rayonu ərazisində də yoxdur belə bir küçə". Ona görə də virtualaz.org sualı birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlayır: Haqqında söhbət gedən küçə hansı rayona baxır və bu biabırçılığa görə kim məsuliyyət daşıyır?/virtualaz/

1009 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27