Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

Hökumət gələcək nəsillərin də payını yeməklə məşğuldur

Neft Fonduna daxil olan vəsaitin demək olar ki, hamısı xərclənir

Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun işlənməsi çərçivəsində 105 milyard 802 milyon dollar vəsait daxil olub. Neft Fondundan verilən məlumata görə, bu il yanvarın 1-dən sentyabrın 1-nədək AÇG çərçivəsində bu quruma 10 milyard 770 milyon mədaxil olub.

Iyulun 1-nə olan göstəricilərə görə, Neft Fondunun aktivləri 37 milyard 622,4 milyon təşkil edib.

Hazırda AÇG-dən mədaxil Neft Fondunun gəlirlərinin 95 faizini təşkil edir.

Işin maraqlı tərəfi odur ki, Neft Fondunun builki hesabatına görə, qurumun 2014-cü il büdcəsinin icrası çərçivəsində 4,883 milyard manat vəsait dövlət büdcəsinə transfert edilib. 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsilə bağlı xərcləri 26,2 milyon manat təşkil edib.

Neft Fondunun gəlirləri gələcək nəsillər üçün nəzərdə tutulsa da, biz hazırda fərqli mənzərəni müşahidə edirik. Neft Fondu əldə etdiyi gəlirlərin, demək olar, hamısını ya büdcəyə transfertlər, ya da birbaşa investisiya layihələrinə yönəltməklə xərcləyir.

Maraqlıdır ki, hələ Neft Fondu yaranarkən neftdən gələn gəlirlərin gələcək nəsillər üçün yığılacağı bəyan edilirdi. Bu məqam Fondun nizamnaməsində də öz əksini tapıb. Amma buna baxmayaraq, hazırda fərqli mənzərə yaşanır.

Iqtisadçı ekspert, ReAL Vətəndaş Hərəkəatının icra katibi Natiq Cəfərli “Azadlıq”a açıqlamasında bu məsələni şərh edərək bildirib ki, Neft Fondunun təsdiq edilmiş Əsasnaməsinə görə, illik daxil olan vəsaitin ən azı 25 faizi gələcək nəsillərə saxlanmalıdır: “Ancaq son 4-5 ildə Neft Fonduna daxil olan vəsaitin, az qala, hamısı xərclənir. Bu, ya büdcəyə transfert olunur, ya da büdcədən kənar layihələrin maliyyələşdirilməsinə xərclənir. Bunun səbəbi hökumətin illərdir çoxşaxəli iqtisadi modelə keçə bilməməsi, iqtisadiyyatımızın neftdən ifrat dərəcədə, təhlükəli həddə asılı olmasıdır”.

Ekspert deyir ki, Azərbaycanın diversifikasiyaya nail olmamasının səbəbləri çoxdur: “Korrupsiya, inhisarçılıqdan tutmuş, kreditlərin yüksək faizi, ölkədə azad məhkəmə sisteminin olmaması, mülkiyyət hüququnun qorunmamasına qədər bir sıra səbəblər var. Hökumətin yürütdüyü bu səhv siyasət nəticəsində ortaya bir xeyli təhlükələr çıxıb. Məsələn, neft hasilatı azaldıqda və ya neftin qiymətində ucuzlaşma olsa, Neft Fondunun rezervləri sürətlə tükənəcək. Sonradan ciddi islahatların aparılmasına resursumuz olmayacaq. Yəni, hökumət tək dünənin, bu günün deyil, gələcək nəsillərin də payını bitirməklə məşğuldur”./azadlıq/
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber