Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Xocəsən bələdiyyəsinin qoçusu sakinlərə qan uddurur

“Qoçu Çingiz” ləqəbli şəxsi heç polis də tapa “bilmir”...

Sulutəpəlilər səksəkə içindədir - “Qoçu Çingiz” hər an gələ bilər. Bu qəsəbədə 15 ildən çoxdur ev tikib məskunlaşan məcburi köçkün Seminarist Şərifov da səksəkə içində yaşayanlardan biridir.

“Tez-tez gəlir, girir həyətə, qarşısına çıxanı söyür, bağırır, gedir. Qapıdan çıxanda da deyir, mən qayıdınca yığışın çıxın buradan, buldozerlə qayıdacam, evinizi başınıza uçurdacam” - S.Şərifov belə deyir.

Köçkün deyir ki, Qoçu Çingiz 9 yaşlı gözdən əlil nəvəsini necə vurubsa, uşağın başı divara dəyib. Seminarist Şərifov Qoçu Çingizlə bağlı ərazi polisinə şikayət edib.

“Dedilər ki, Qoçu Çingiz Xocəsən bələdiyyəsində işləyir. Getdim ki, görüm bu Qoçu Çingiz orada nə işlə məşğul olur. Bələdiyyənin binasında qarşıma çıxdı. Başının dəstəsi ilə idi. Düzü, tək idim deyə cınqırımı da çıxarmadım. Çünki deyirlər ki, bu adam başdan-ayağa şər-xatadır. Düşündüm ki, onun işlədiyi idarənin içindəyəm, məni də şərləyər. Çıxdım bələdiyyə sədrinin otağına, dedim belə-belə. Bələdiyyə sədri də and-aman elədi ki, bizdə Çingiz adında işçi yoxdur. Dedim axı indicə qapıda mənimlə üz-üzə gəldi. Bələdiyyə sədri üzümə dirəşdi ki, ola bilməz” - S.Şərifov başına gələnləri nəql edir.



Qoçu Çingizin sorağı gələndə Sulutəpədə uzun illərdir ev tikib yaşayan başqa sakin Qurban Səfərovun da rəngi-ruhu qaçır. Hər halda özü belə deyir: “Ailə böyük, yer darısqal. Həyətdə iki otağa bitişik birini də tikmək istədik. Dedilər, Qoçu Çingizi gör, tik, yoxsa xəbər tutsa, sökdürəcək. Dedim, əşi, buraların bir qoçusu var, o da Rövnəq Abdullayevdir. Vaxtaşırı tökür üstümüzə ordusunu, evlərimizi sökdürür, özümüzü də döydürür, tutdurur, Çingiz kimdi axı... Elə daşı daş üstə qoymuşdum ki, Qoçu Çingiz başının dəstəsi ilə gəldi. Özünü gah bələdiyyənin, gah da icra hakimiyyətinin işçisi kimi təqdim edir”.

Qurban Səfərov deyir ki, bu Qoçu Çingiz Sulutəpədə hara daş tökürlərsə, cin kimi o dəqiqə orada peyda olur, tikinti sahibini boğazlayır, hədələyir, pulunu alıb tikintiyə “xeyir-duasını” verib gedir: “Çoxdan eşitmişdik ki, Sulutəpədə hamının tanıdığı bir Qoçu Çingiz var. Hara daş tökürlərsə, orada peyda olur. Ancaq öz qarşımıza çıxmamışdı”.

Sulutəpə sakinləri onu da deyirlər ki, əvvəllər Dövlət Neft Şirkətinin mühafizəçi qoçularının gəlişini necə həyəcanla gözləyirdilərsə, indi də həmin həyəcanı Qoçu Çingizə görə yaşayırlar. İndi Neft Şirkətinin əl-ayağı yığışıb, yerli məmurlar adamların canına Qoçu Çingizi salıb. Heç kəs Qoçu Çingizin qorxusundan qapısına qum-çınqıl tökə bilmir.



Sulutəpəyə nəzarət edən Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsinə Qoçu Çingizlə bağlı xeyli şikayət olub. Polis deyir ki, həmin adamın kimliyini müəyyənləşdirməklə məşğuluq. Ən maraqlısı da odur ki, bu şəxsin soyadını da bilən yoxdur. Polisdən də deyiblər ki, adamın hələ soyadını axtarıb tapmağa çalışırıq, tapan kimi özünü də axtarmağa başlayacağıq...

Sakinlərsə bildirirlər ki, polis istəsə, Qoçu Çingizi bir anda elə Sulutəpənin içindəcə aşkar edə bilər.

“Hər dəfə Qoçu Çingiz gələndə polisə xəbər veririk ki, gəldi. Amma heç veclərinə də olmur” - bu da sakinlərin şikayətidir.

Belə... Bir halda ki veclərinə deyil, deməli, Qoçu Çingiz Sulutəpədə çoxunun qapısında hələ çox at oynadacaq.../virtualaz/



2184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP