Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

"Kimdir anti-milli?"

Əli Kərimli hakimiyyətin Azərbaycanı necə təcrid etməsindən yazdı

AXCP sədri Əli Kərimli Avropa Parlamentinin 18 sentyabr tarixində Azərbaycandakı vəziyyətə dair qəbul etdiyi qətnamə barədə fikirlərini paylaşıb. AXCP sədrinin Facebook səhifəsindəyazdıqlarını təqdim edirik:

"Deyirdik, yazırdıq ki, bu repressiyalar bumeranq kimi özlərinə zərbə vuracaq, anlamadılar. Xəbərdar edirdik ki, müasir dünya tarixi heç bir rejim başçısının repressiyalarla siyasi uğur qazana bilmədiyinə şahidlik edir, inanmadılar. Budur, siyasi həbslərin son dalğasının hesabları toplanır masalarına. Axırıncı hesab da Avropa Birliyindən gəldi.
Siyasi motivli həbslər artdıqca dünyanın ən nüfuzlu qəzetləri bunları Şimali Koreyadakı rejimlə müqayisə etməyə başladılar, nüfuzlu beynəlxalq təşkilatlar bütün dünyaya Bakıdakı rejimin qeyri-insani hərəkətləri ilə bağlı həyacan siqnalı göndərdilər, Avropa Birliyi deputatları səviyyəsində Bakıda keçiriləcək Avropa Yay Oyunları Olimpiadasının baykot edilməsinə çağırışlar səsləndi. Fikir verən olmadı. Sonra İsveçin, Polşanın, Avstriyanın Xarici İşlər nazirlikləri, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və digər Avropa rəsmiləri həbslərə kəskin reaksiya verdilər. "Freedom House" beynəlxalq insan haqları təşkilatının rəhbəri, ABŞ dövlət katibinin keçmiş müavini David Kramer isə daha konkret açıqlama verib, Azərbaycanın insan haqlarını pozan məmurlarına qarşı sanksiyalar tətbiq olunması perspektivindən danışdı. Yenə də ölkəni idarə edənlər bütün bu xəbərdarlıqlara fikir vermədilər. Budur, artıq Avropa Birliyinin – dünyanın ən nüfuzlu ittifaqının parlamenti Azərbaycanla bağlı xüsusi qətnamə qəbul etdi.
Çox əhatəli və obyektiv qətnamədir. Təsdiq olundu ki, rejimin saxta təbliğatı onları aldada bilməyib, bizim ölkədə baş verənlər haqda həqiqətləri bilirlər. Azərbaycan hökuməti qarşısında çox ciddi tələblər qoyulub.
Avropa Parlamenti vətəndaş cəmiyyəti fəallarına, müxalif siyasətçilərə və müstəqil jurnalistlərə qarşı təqibləri dayandırmağa çağırıb. Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və Həsən Hüseynlinin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edib, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasını Aropa Birliyi ilə yaxşı münasibətlər üçün şərt elan edib.
Nəhayət, rejim təmsilçilərinə qarşı sanksiyalar da gündəmə gəldi. Avropa Parlamenti Avropa Birliyi Şurasını Azərbaycanda repressiyalar davam edəcəyi təqdirdə, insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqi məsələsinə baxmağa çağırıb.
Bu arada BMT də Azərbaycan hakimiyyətinin repressiyalarına etiraz edənlərin sırasına qoşulub. Avropa Birliyi, ABŞ, ATƏT, Avropa Şurası, indi də BMT - dünyanın ən nüfuzlu təşkilatları İlham Əliyev hakimiyyətindən repressiyaların durdurulmasını, insan haqlarına hörmət edilməsini tələb edirlər. Kürü diplomatiyası da, neft müqavilələri də, lobbiçilərə xərclənən milyonlar da batdı. Rejim sivil dünyadan tam tecrid olunur. Gərək hər cür vətənpərvərlik və məsuliyyət hissindən məhrum olasan ki, Qarabağ kimi bir problemin olduğu halda, ölkəni dostlarsız, müttəfiqlərsiz qoyasan, dünyadan təcrid edəsən, hamının qınaq obyektinə çevirəsən. İndi gördünüz, kimlərdir anti-milli?
Rejimə qarşı ən sərt sanksiya isə heç şübhəsiz ki, öz xalqımızdan gələcək. Hələlik əli-qolu, hətta ağzı belə bağlıdır. Amma xalqımız hər şeyi görür. Rejimin bütün etdiklərini dəftər-kitabına yazır. Bir gün bütün hesabları toplayıb rejimin qarşısına qoyacaq"./azadlıq/
988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP