Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Naxçıvanda ev satışına qadağan qoyuldu

Naxçıvanda vətəndaşların öz evlərini satmasına qadağa qoyulub.

Bu məlumatı virtualaz.org saytına evlərini satmaq istəyən yerli sakinlər verib.

Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl şəxsi mülkləri olan evlərini satmaq istəyiblər. Bu məqsədlə də ev-alqı satqısı ilə məşğul olan maklerlərə müraciət ediblər. Maklerlərin cavabı isə onları təəccübləndirib. Maklerlər evini satmaq istəyən naxçıvanlılara deyiblər ki, muxtar respublikada ev satmaq qadağan edilib, onlar da indi daha çox evlərin kirayə verilməsi ilə məşğuldurlar.

Sakinlər bu qadağanın səbəbini öyrənməyə çalışıblar. Məlumat verən sakinlərin dediyinə görə, onlara bildirilib ki, bu qeyri-rəsmi qadağa ötən ildən var və Naxçıvan rəhbərliyi tərəfindən verilib. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də verilən bu tapşırığa əsasən fəaliyyət göstərir.

Narazı sakinlərin sözlərinə görə, onlara bu qadağanın səbəbinin yerli camaatın Naxçıvanı tərk etməsinin qarşısını almaq istəyi ilə bağlı olduğunu deyiblər. Onlara verilən izaha görə, Naxçıvan rəhbərliyi yerli sakinlərin muxtar respublikanı tərk etməsinin qarşısını almaq üçün bu tədbirə əl atıb. Özü də qadağa təkcə Naxçıvan şəhərinə yox, muxtar respublikanın rayon və kəndlərinin sakinlərinə də şamil edilir.

Qeyd edək ki, ötən il də Naxçıvandan buna oxşar xəbərlər gəlirdi. Keçən il yayılan xəbərlərdə deyilirdi ki, Naxçıvandan Bakıya köçmək istəyən yerli sakinlərə ev əşyalarını şəhərdən çıxarmağa icazə verilmir. Bu qadağa da yerli camaatın Naxçıvanı tərk etməsinin qarşısını almaq istəyi ilə izah edilirdi./azvision/
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber