Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2014

O dünyadan şahidlik

Və ya Sevinc Babayevanı kimlər dirildir?

Mətbuat ölməkdə olan bir mövzunu yenidən dirildir. Bu, Elşad Abdullayev məsələsidir. Elşad Abdullayev bir il əvvəl mediada yayılan məhşur videoserialların müəllifi kimi Azərbaycan cəmiyyətinin yadındadır. Professor, hüquq elmləri doktoru, Azərbaycan Beynəlxalq Universitetinin rektoru və sahiblərindən biri (bu Universitetin ikinci ortağı indiki dövlət başçısı Ilham Əliyevin əmisi Aqil Əliyev idi) olan bu adam Azərbaycan mətbuatına qardaşının oğurlanması və Azərbaycan parlamentində mandat satılması ilə bağlı söhbətləri əks etdirən geniş bir videosilsilə yaymışdı.

Bu prosesin gedişində bir hakim “Ağababa Babayev), bir vasitəçi jurnalist (indi səs yazısı yayılan Sevinc Babayeva) müəmmalı şəraitdə öldü”, bir biznesmen (Arzu Kazımov), bir millət vəkili (Gülər Əhmədova) həbs edildi. Gülər Əhmədova qısa müddət həbsdə qaldıqdan sonra azadlığı çıxdı. Arzu Kazımov isə hələ də həbsdədir. Ümumiyyətlə isə bu çirkli intriqalarda MTN-nin, prokurorluğun, Ramiz Mehdiyevin simasında prezident administrasiyasının, məhkəmə hakimlərinin, polis rəislərinin, millət vəkillərinin daxil olduğu böyük bir çevrənin adı hallanırdı. Təfərrüatlar Azərbaycan cəmiyyətinin yadındadır.

Indi həyatda olmayan, Türkiyəyə qaçıb getdikdən sonra orada müəmmalı şəkildə ölən Sevinc Babayevanın yeni səs yazısının meydana çıxması, təbii ki, yeni müzakirələrə əsas verir.

Birincisi, Sevinc Babayevanın bu səs yazısı özünütəqdimatla başlasa da sonradan sanki, kiminləsə telefon söhbəti effektinə çevrilir. Girişdən sonra monoloq şəklində davam etmir. Amma məsələ bunda deyil.

Sevinc Babayeva Elşad Abdullayevi və onun qardaşlarını ən murdar əməllərdə ittiham edir. Bu, qarışılıqlı ittihamdır. Elşad Abdullayev də təmasda olduğu və videogörüntülərini yaydığı adamları və çevrələri adam oğurluğunda və bir sıra başqa cinayətlərdə ittiham edirdi. Sevinc Babayevanı isə mandat alveri prosesinin dəllallarından biri kimi təqdim edən görüntü yaymışdı.

Ölkə ictimaiyyəti ya hər iki tərəfin ittihamlarını qəbul etməli, ya da onların ikisini də rədd eləməlidir. Amma ortada bu qədər sübutlar və faktlar varsa, deməli, hər iki tərəfin ittihamlarına inanmaq lazım gəlir. Bu, nə deməkdir?

Xatırlayırsınzsa, Elşad Abdullayev qardaşının oğurlanması və öldürülməsi, eləcə də özünün parlamentə düşməsi üçün rüşvət verməsi olaylarını bütünlüklə “Hacı Məmmədov sindromu”na bənzədirdi. O, haqlıdır. Bütün bu olaylar qanqster oyunlarıdır. Hakimiyyət, bu prosesin istintaqını aparanlar (əslində isə aparmayanlar) “Hacı Məmmədov sindromu”nu təkzib edə bilmədilər. Buna cəhd etdilər. Amma bu cəhdlər Elşad Abdullayevi söyməkdən o yana getmədi.

Elşad Abdullayevin rəhbərlik və sahiblik etdiyi Azərbaycan Beynəlxalq Universitetində hansı əməllərin baş verdiyini bütün cəmiyyət bilir. Amma unutmaq olmaz ki, bu proseslər hakimiyyətin ali zirvəsini zəbt edən bir ailənin üzvünü patronajlığı ilə baş verirdi. Mərhum Aqil Əliyevin bu universitetin sahibi olduğu ilə bağlı bilgilər heç kimə sirr deyildi. Hətta mətbuatda o da yazılırdı ki, Aqil Əliyev vəfat etdikdən sonra Universitetin yeni sahibliyi ilə bağlı söhbətlər Elşad Abdullayevin qiyam qaldırmasına səbəb olub. Yəni Aqil Əliyevdən sonra Elşad Abdullayev onun yerinə başqa bir ortağın peyda olmasını istəməyib və hesab edib ki, növbəti ortaq onu Universitetdən tamamilə kənarlaşdıracaq. Buna görə də bu qiyam baş verdi.

Elşad Abdullayevin qiyamı onun itkin düşən və böyük ehtimalla öldürülən qardaşının taleyi iləmi, ya bu ikinci ortaq söhbəti iləmi bağlı idi, onu hər kəs ehtimal edə bilər. Elşad Abdullayevin qardaşı Mahir Abdullayev 2003-cü ildə oğurlanıb, qiyam isə Aqil Əliyev vəfat etdikdən sonra başlayıb. Əvvəlcə Elşad Abdullayevin baş prokurora və prezidentə müraciətləri ilə (2009-a təsadüf edən bu müraciətlər mətbautda dərc edilib), sonra isə mühacirətdən videoartilleriya atəşləri ilə.

Bu qiyam, videoartilleriya və ona verilən cavablar çox murdar bir mənzərəni ortaya çıxardı. Məlum oldu ki, Azərbaycanın inzibati elitası və konkret halda professura və təhsil elitası hansı natəmiz ünsiyyət müstəvisində yerləşirlər. “Hacı Məmmədov sindromu” eynilə, hətta daha iyrənc nüanslarla təkrar olunurdu.

Sevinc Babayevanın səsinin hələri hayqırmasından asılı olmayaraq, bu qadının mandat sövdələşmələrində xüsusi canfəşanlıqla iştirak etməsi arqumentlərlə sübut edilib. Buna görə də Türkiyəyə qaçırılıb və orada vəfat edib. Təkrar edirik, ən müəmmalı şəkildə.

Amma daha bir maraqlı detal var. O zamanlar Elşad Abdullayev bəyan etmişdi ki, onun əlində Ramiz Mehdiyevin qızının da səs yazısı var. Amma bu səs yazısı yayılmadı. Ümumiyyətlə isə Abdullayevin şərti olaraq “Birinci müharibə” adlandıra biləcəyimiz həmin kampaniyada tamamilə və bütünlüklə Ramiz Mehdiyevin üzərinə fokuslaşması çox ilginc idi (Belə görünür ki, “Ikinci müharibə” də olacaq). O, bütün bu cinayətlərdə və ən dolaşıq oyunlarda məhz, Ramiz Mehdiyevin əsas və həlledici sima olduğunu bildirirdi. Pul söhbətləri, açılmayan çemodan, “otverka” ilə bağlı lətifələr də buna görə yayılmaqda idi.

Sanki kimsə onu Ramiz Mehdiyevin üzərinə yönəldir, ondan başqasına aid olan faktlar barədə susmağı və ya Ramiz Mehdiyevə dəxli olmayan faktları da onun adı ilə əlaqələndirməyi tövsiyyə edirdi.

Amma kim?

Indi Sevinc Babayevanın, demək olar, heç nəyə təsir etməyən, sadəcə olaraq, bir neçə günlük media mövzusu yarada biləcək səs yazısı da cənab Mehdiyevlə bağlı xatirələri dirildəcək. Çünki Birinci Müharibənin əsas tərəflərindən biri, məhz, Mehdiyevdir. Ikinci Müharibə başlayırsa, deməli, Birincinin nəticələri kimlərisə qane etmir. Yadınızdadırsa, Ikinci Dünya Müharibəsi də Birinci Dünya Müharibəsinin nəticələrindən narazı olanların təşəbbüsü ilə başlamışdı.

Birinci Müharibədə Elşad Abdulleyevi kim istiqamətləndirirdi, bu o qədər də böyük sirr deyil. Böyük sirr budur ki, Mehdiyevin əleyhdarları ilə Elşad Abdullayev arasında vasitəçiliyi kimlər edirdi.

Sevinc Babayevanın o dünyadan gələn səsi ilə başlayacaq ikinci müharibə isə bu detalların üstünü açacaq. Deyəsən, bu detallar bəzi adamlara məlumdur. Yoxsa, mərhumənin səsi bu qədər yüksəkdən səsləndirilməzdi. Ölülər də şahidlik edə bilirlər, həm də onların şahidliyi növbəti qurbanların o dünyaya göndərilməsi üçün başlanğıc olur./azadlıq/
985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı