Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Məmur istixanaları Bakı kəndlərini qazsız qoyub

Vəzifəli şəxslərin istixanalarının istisinə isinməyən, tüstüsünə kor olan bakılılar qış uzunu soyuqdan donurlar; “Azəriqaz” rəhbərliyi isə qaz oğrularına qarşı heç bir tədbir görmür
Bakının bir neçə kəndində mənzillərin təbii qazla təminatı problemi davam edir. Səbəb bir sıra məmurların Bakı kəndlərinin kənarındakı iri torpaq sahələrində istixanalar quraşdırması və əhali üçün nəzərdə tutulan qazı mənimsəməsidir. Araşdırmalar zamanı ortaya xeyli ilginc fakt çıxdı.

Qarşıdakı həftədə “Azəriqaz” abunəçilərə xidmət üzrə qış rejiminə keçməli olsa da bir sıra yaşayış massivlərinə qaz heç yay rejimi üzrə də verilmir. Əldə etdiyimiz informasiyaya görə, ən gərgin vəziyyət Bakının Sabunçu və Xəzər rayonlarının ərazilərindədir. İki rayonda təxminən 500 min istifadəçinin 30 faizi belə təbii qaz ala bilmir.
Məsələ ilə bağlı bir neçə il öncəyə qədər səslənən səbəblər, daha dəqiqi, bəhanələr artıq keçərli deyil. Çünki son 7 il müddətində Bakının sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Bakı kəndlərində qaz xətlərinin tamamilə yenilənməsi üçün dövlət büdcəsindən yüz milyonlarla vəsait ayrılıb və bu işlər başa çatdırılıb. Ancaq yeni qaz xətlərinin çəkilməsi Bakı kəndlərinin sakinləri üçün göz dağından başqa bir şey deyil.
“Yeni Müsavat”ın Maştağa, Bilgəh, Nardaran, Balaxanı, Buzovna, Zağulba, Zirə, Şüvəlan, Mərdəkan qəsəbələrində apardığı araşdırmanın nəticələri demək olar eynidir. Bu qəsəbələrdə qaz xətləri tamamilə yenidən qurulub, hətta bir sıra kəndlərdə smartkart tipli sayğaclar quraşdırlıb, ancaq qaz çox kiçik təzyiqlə yalnız mərkəzi küçələrdə var. Magistral qaz xəttinə paralel küçələrdə belə təbii qaz yoxdur. Əslində mərkəzi küçələrin də qaz probleminin tamamilə çözüldüyünü demək mümkün deyil. Çünki “Azəriqaz” həftənin hər günü bir kəndə qaz verilişini ən azı 8-9 saatlığa dayandırır, səhər saatlarında kəsilən qazın verilişi yalnız gecə saatlarında bərpa olunur. Bazar günü Maştağada, bazar ertəsi Bilgəhdə, çərşənbə axşamı Nardaranda təbii qaz qəhətə çəkilir. Bundan başqa, digər günlərdə də qaz bir neçə saatlıq fasilələrlə gəlir. Bu, məişətdə xeyli çətinlik yaratmaqla yanaşı, mənzillərdə qazla bağlı qəza şəraitlərinin sayını artırır.

“Azəriqaz”ın yerli bölmələri ilə əlaqə saxladıqda bizə noyabrın 15-dən sonra təbii qazın kəndlərə fasiləsiz veriləcəyini bildirdilər. Ancaq vətəndaşlar bu vədi real saymır. Hər il təxminən eyni məzmunlu vədləri eşidən sakinlərin sözlərinə görə, nə qədər ki, Bakı kəndlərində məmur istixanaları var, vətəndaşlar təbii qaz üzünə həsrət qalacaq.
Müşahidələrimiz zamanı Bakı kəndlərinin kənarındakı xeyli ərazidə istixanaların quraşdırıldığını gördük. Maraqlıdır ki, bu istixanalar yaşayış məhəllələrindən xeyli aralıdadır. Bakının istixana praktikası ilə tanış olanlar bilir ki, yerli sakinlər adətən istixanaları daimi yaşadıqları evlərin, yaxud bağ evlərinin həyətlərində salır. Ancaq təbii qazın əhaliyə satış qiyməti bahalaşandan sonra çoxları istixana işinə son verib. Qazın fasilələrlə gəlməsi, üstəlik, qaz idarəsinin istixanalara tətbiq etdiyi qanuni və qanunsuz ödəmələr istixanada gül, tərəvəz yetişdirmək işini əhali üçün əlçatmaz edib. Təbii, bu məsələyə yerli bazardakı monopoliya, xaricə məhsul çıxarmaq istəyənlərə gömrükdə yaradılan problemlər də təsir edir. Yerli sakinlərlə söhbət zamanı öyrəndik ki, təxminən 300 kvadratmetrlik istixananın qış mövsümündə “yaşaması” üçün texniki məsələlərə 20 min manata qədər vəsait tələb olunur. Bu məbləğin 5 mini “Azəriqaz”a verilir. Yalnız bundan sonra istixanaya qış boyu fasiləsiz və normal təzyiqli qazın gəlişini təmin etmək mümkündür.

Yerli sakinlərin sözlərinə görə, kəndlərin kənarındakı istixanalar ərazilərin “kiçik padşahları”nın - icra başçısının, polis rəisinin, prokurorun, məhkəmə sədrinin və deputatındır. Bu şəxslərə məxsus istixanalarda becərilən məhsul yerli bazarla yanaşı xaricə də çıxarılır. Məsələn, qış uzunu Bakı kəndlərindən Dərbənd bazarına daşınan göyərti, pomidor, xiyar, qərənfil Rusiyanın bir çox bazarında satılır. Hər il bu biznes məmurların şəxsi büdcəsinə milyonlarla gəlir gətirir.

Əldə etdiyimiz xəbərlərə görə, məsələ ilə bağlı “Azəriqaz”la icra hakimiyyətləri arasında da müəyyən narazılıqlar var. Çünki icra hakimiyyətlərinin göstərişi ilə vətəndaşların istifadəsi üçün ayrılan qaz magistral kəmərlərə qoşulan əlavə borularla sözügedən istixanalara ötürülür. Hətta bir sıra ərazilərdə “Azəriqaz”a xəbərdarlıq edilmədən qaz idarələrinin rəhbərliyindən magistral kəmərlərə xüsusi açarlar qoymaq tələb edilib ki, axınla gələn qazın hamısını istixanalara yönləndirmək mümkün olsun. Bir neçə dəfə eyni problem üzündən “Azəriqaz” rəhbərliyi və yerli hakimiyyət orqanları arasında gərginlik yaşanıb, ancaq sonradan məsələ, belə demək mümkünsə, istixanaların xeyrinə çözülüb.
Məsələ ilə bağlı daha bir diqqətçəkən məqam rayonlara ayrılan təbii qaz limitinin pulunun vətəndaşlardan alınmasıdır. Qaz idarəsi əməkdaşlarının köhnə sayğaclara müdaxiləsi daha asan olduğundan kəndlərə smartkart tipli sayğacların quraşdırılması prosesi ləng aparılır. Köhnə sayğaclar üzrə borclar isə idarə əməkdaşlarının “peşəkar”lığı sayəsində artırılır. Bəzi ərazilərdə belə illərlə qaz gəlməyən məhəllələrin sakinlərindən müxtəlif bəhanələrlə qazpulu yığılır. Beləliklə də əhali üçün nəzərdə tutulan ancaq onun evini deyil, məmurların istixanalarını qızdıran təbii qazın pulu zorla vətəndaşın cibindən çıxarılır.

Bakı kəndlərində illərdir davam edən bu qanunsuz məqama dur deyən yoxdur. Görünən odur ki, faktiki neft-qaz üzərində yaşayan Bakı sakinləri qışı uzaqdan məmur istixanalarına baxıb qızınmaqla keçirməli olacaqlar./musavat/
2060 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:51