Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

AXCP-nin partladılan qərargahının sahibi vətəndaşlıqdan imtina etdi

«Belə bir hökumətin rəhbərliyi altında bu dövlətin vətəndaşı olmaq istəmirəm»

AXCP-nin bu il martın 3-də partladılan, ertəsi gün isə sökülərək yerlə yeksan edilən qərargahının sahibi Azər Əsgərov bu ölkədə mülkiyyət və digər hüquqlarının kobud şəkildə pozulmasına etiraz olaraq, Azərbaycan vətəndaşlığından imtina edib. O, bu addımını ölkədə vətəndaş kimi hüquq və azadlıqlarına hörmət olunmamasıyla izah edib.

Qeyd edək ki, AXCP-yə icarəyə verilmiş mülkün partladılaraq sökülməsindən artıq 8 aya yaxın vaxt keçir. Lakin mülk sahibi əmlakına görə kompensasiya ala bilmir. Heç qərargahla birlikdə icarəyə verdiyi əşyalarını da ona qaytarmaq istəmirlər.

Nərimanov rayonu ərazisində yerləşən, sahəsi 320 kvadrat metr olan tam təmirli qərargahın hər kvadrat metri üçün hökumət 1050 manatdan kompensasiya vermək niyyətindədir. Əlbəttə ki, hazırkı bazar qiymətlərini nəzərə alan Azər Əsgərov bu məbləğlə razılaşmır.

Azər Əsgərov bildirir ki, Azərbaycan Konstitusiyasının 29-cu maddəsi məhkəmə qərarı olmadan vətəndaşın mülkiyyətindən məhrum edilməsini birmənalı şəkildə qadağan edir. Əmlakın tam müsadirəsinə yol verilmir. Qanuna görə, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Məlum məsələdir ki, Azər Əsgərovun mülkiyyəti dövlət ehtiyacları məqsədilə sökülməyib. Sadəcə o, ofisini müxalifət partiyası olan AXCP-yə icarəyə verdiyi üçün mülk öncə partladılıb və qəzalı olduğu bəhanəsilə ertəsi gün sökülüb.

Istər yerli, istərsə də beynəlxalq hüquq normaları deyir ki, vətəndaşın mülkiyyətinin bazar qiymətlərinə uyğun dəyəri ödənilməlidir.

Onu da qeyd edək ki, Azər Əsgərov mülkiyyət hüququnun müdafiəsi üçün Azərbaycanda məhkəmələrə də müraciət edib. Lakin bu ölkədəki məhkəmələr müstəqil olmadığından və bu cür məsələlərdə qərarlar “yuxarıdan” gələn göstərişlər əsasında verildiyindən, Azər Əsgərov müsbət nəticə əldə edə bilməyib.

Hələ üstəlik, Azər Əsgərovun etirazlarına görə onun özünü həbs edərək, iki gün saxlayıb, sonra da “polisə müqavimət” adı altında 200 manat cərimələyiblər.

“Mən Azərbaycan prezidentinə (22.09.2014, saat 15:45-də) ölkədə insan haqları, mülkiyyət hüququ pozulduğuna görə, vətəndaşlıqdan imtina etməyim barədə ərizə verdim. Belə bir hökumətin rəhbərliyi altında bu dövlətin vətəndaşı olmaq istəmirəm”, - deyə Azər Əsgərov “facebook” səhifəsində yazıb./azadlıq/
833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber