Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2014

Leyla Yunusu mayor Yaqubov niyə döydü?

Hüquq müdafiəçisi ilə bağlı böyük skandal; Vicdan məhbusunun vəkilləri həyəcanlı bəyanat verdilər; "mayor Yaqubov onu boş kameraya aparıb, saçından tutub yerə yıxaraq, sürüyüb “ağıllanmırsan da, sən?” deyə, bağırıb; Penitensiar Xidmət iddiaları təkzib edir.

Həbsdə olan hüquq müdafiəçisi, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Leyla Yunus işgəncələrə məruz qalaraq döyülüb. Bu məlumatı sentyabrın 24-də musavat.com saytına hüquq müdafiəçisinin yaxınları verib. Həmin məlumatda iddia olunurdu ki, Leyla Yunus həbsxana əməkdaşlarının biri tərəfindən döyülüb. Həmin əməkdaşın kişi cinsinə mənsub olduğu və mayor rütbəsi daşıdığı iddia edilirdi.
Məlum olduğu kimi, Leyla Yunus son günlər vəkilləri ilə əlaqəyə çıxmırdı və “ayaqları tutulduğu üşün” görüşə gələ bilmədiyi xəbərini göndərirdi.

Döyülmə barədə məlumat yayılandan az sonra Leyla Yunusun vəkilləri birgə bəyanat veriblər. Vəkillərin birgə bəyanatında qeyd olunur ki, 24 sentyabr 2014-cü ildə vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. Vəkillər yalnız üçüncü cəhddən sonra xanım hüquq müdafiəçisi ilə görüşə bildiklərini və görüş zamanı L.Yunusun təcridxanada təzyiqlərə məruz qaldığının şahidi olublar.

Sitat: “Leyla xanımın bildirdiyinə görə, son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından o, soyuq su ilə çimməli olmuş, bunun nəticəsində bərk soyuqlayıb. Bir neçə gün qızdırmalı yatmalı olub. Bu duruma baxmayaraq, ona heç bir tibbi yardım göstərilməyib. Leyla xanım qızdırmalı yatdığı halda, sentyabrın 21-də onun kamerasında ”şmon" keçirilmiş və nəzarətçilər ciddi şəkildə hansısa yazılar axtarıblar".

Bundan başqa, bəyanatda qeyd olunur ki, axtarışdan sonra Leyla Yunusun yaxınları ilə telefonla danışmaq hüququna bir aylıq qadağa qoyulub. Leyla Yunusun özünün bildirdiyinə görə, bu həftənin 1-ci və 2-ci günü (sentyabrın 22 və 23-də) bərk qızdırması olduğu və yeriməyə halı olmadığından vəkillər Xalid Bağırov və Elçin Qəmbərovla görüşə gələ bilməyib. Bundan başqa, təcridxananın əməkdaşı Leyla Yunusa zorakılıq tətbiq edərək onu döyüb: “Leyla xanım onu da bildirib ki, sentyabrın 23-də günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov onun kamerasına gəlmiş, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb, orada saçından tutub yerə yıxıb və yerdə sürüyüb. Bu zaman ona ”ağıllanmırsan da, sən?" deyə, bağırıb. Bundan sonra onun böyründən zərbələr endirib.

Müvəkkilin saçının yolunmuş olmasını vəkillər də müşahidə ediblər. Leyla Yunusun vəkilləri olaraq bu yaranmış durumun biabırçılıq hesab edir, bu cür hadisələrin yolverilməz olduğunu bildirir və aidiyyəti orqanlardan təxirəsalınmadan araşdırma aparmasını, təqsirli şəxslərin cəzalandırılmasını və Leyla Yunusa təcili müvafiq yardım göstərilməsini tələb edirik. Beynəlxalq Qırmızı Xaçın Bakıdakı nümayəndələrindən Leyla Yunusun təcridxanada yoluxulmasını rica edirik".

Müraciəti vəkillər: Elçin Qəmbərov; Fariz Namazlı; Cavad Cavadov; Xalid Bağırov, Əlayif Həsənov imzalayıb.

“Leyla Yunus insan ləyaqətinə hörməti təmin edən şəraitdə saxlanılır”

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə xəbəri təkzib edib. Penitensiar Xidmətin mətbuat xidmətindən “Yeni Müsavat”a bildiriblər ki, Leyla Yunusun saxlanma şəraitində heç bir problem yoxdur: “Leyla Yunus insan ləyaqətinə hörməti təmin edən şəraitdə saxlanılır. Bütün məhbuslar kimi o da həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının qorunması haqqına Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada saxlanılır”.

Hüquq müdafiəçisinin döyülməsi barədə məlumata gəlincə, xidmətdən bunu da təkzib etdilər: “Hər hansı təzyiqlərdən söhbət gedə bilməz”. /musavat/
852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17