Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

“Mövsüm Səmədovun artan nüfuzundan narahat oldular”

Elçin Manafov: “Onu günahsız adam kimi nəinki hansısa bəhanə ilə azadlığa buraxmaq, hətta bu müddət ərzində nahaqdan həbsdə saxladıqları üçün üzr istəməlidirlər”

Məlum olduğu kimi, bir neçə gündür ki, Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov müəmmalı şəkildə 11 saylı cəzaçəkmə müəssisəsindən çıxarılaraq, 12 saylı müəssisəyə aparılıb. Srağagün isə AİP İdarə Heyətinin üzvləri – qurumun sədr əvəzi Elçin Manafov, onun müavinləri Akif Heydərli, Elşən Orucov və Vüqar İbayev M.Səmədova baş çəkmək üçün Güzdəkdəki 12 saylı cəzaçəkmə müəssisəndə olublar. Lakin naməlum səbəblərdən onunla görüşə icazə verilməyib.

Məsələ ilə bağlı “Yeni Nəbz”ə məlumat verən Elçin Manafov hələ bir qədər əvvəl M.Səmədova baş çəkmək istədiklərini, bundan ötrü 11 saylı cəzaçəkmə müəssisəsinə müraciət etdiklərini bildirdi. Onun dediyinə görə, müraciətdən sonra Hacı Mövsümün həmin müəssisədən köçürüldüyünü bildirsələr də, hara aparılması barədə məlumat verməyiblər:

“Hacının vəkili Anar Qasımlı ilə əlaqə saxladıq və məlum oldu ki, onu Güzdəkdəki 12 saylı cəzaçəkmə müəssisəsinə aparıblar. Səbəbini isə bildirmədilər. Sonradan qeyri-rəsmi mənbədən əldə etdiyimiz məlumata görə, 11 saylı müəssisədə insident baş verib. Hansısa məhbusu döyüblər və M.Səmədov da qanunsuzluğa dözməyərək narazılığını bildirib. Ona görə də yerini dəyişdirərək, 12 saylı müəssisəyə köçürüblər. Və elə köçürən kimi də «kars»a salıblar. Biz də vəkillə birlikdə cəzaçəkmə müəssisəsinə getdik.

A.Qasımlı M.Səmədovla görüşə icazə verilməyəcəyini ehtimal edərək, hər halda həmin müəssisədə cəza çəkən digər müvəkkili ilə – Dəyanət Səmədovla da görüşmək üçün müraciət etdi. Doğrudan da Hacı Mövsümlə görüşə icazə vermədilər. Ona görə də vəkil yalnız D.Səmədovla görüşə bildi. Və məlum oldu ki, gecə namazı qıldığı üçün onu da «kars»a salıblarmış. Bu gün (dünən – red.) isə məlumat aldıq ki, artıq 4 gündür «kars»da olan M.Səmədovun «kars» cəzası daha 7 gün artırılıb. Sonradan bu məlumat da rəsmi təsdiqini tapdı”.

E.Manafovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, M.Səmədova qarşı qərəzli münasibət var. Və bu da təsadüfi deyil: “İstər bütövlükdə cəmiyyətdə, istərsə də məhbuslar arasında Hacı Mövsümün nüfuzu gündən-günə artır. 11 saylı cəzaçəkmə müəssisəsində hamı, hətta rəis və nəzarətçilər də ona hörmətlə yanaşır, sözünü eşidirdilər. Ona görə də narahat olurlar”.

Hacı Elçin M.Səmədova qarşı qərəzli münasibəti ilə bağlı Məmundan misal da gətirdi: «Məmun bütün Mədinədə İmam Rzanın (ə) nüfuzunun sürətlə artdığını görüb bərk narahat oldu. Ona görə də hiyləyə əl atdı. Guya hörmət əlaməti olaraq İmam Rzanı (ə) öz yanına, Mərv şəhərinə dəvət etdi. Hətta vəliəhdlik təklifi də verdi. Amma İmam Rza (ə) getmək istəmirdi. Dedi: «Bu mənim son gedişimdir, Məmun mənə zərbə vurmaq istəyir». Yəni demək istəyirəm ki, Hacı Mövsümün nüfuzundan qorxduqları üçün onun 11 saylı müəssisədə cəza çəkən məhbuslarla əlaqəsini kəsmək istədilər. Amma düşünürəm ki, bu üsul nəticə verməyəcək. Əksinə, bununla M.Səmədovun nüfuzunu daha da artıracaq, qəhrəmana çevirəcəklər».

E.Manafov daha sonra AİP adından Penitensiar Xidmətin rəhbərliyinə müraciət etdiklərini də bildirdi. Və dedi ki, əgər müsbət cavab verilməzsə, o zaman qanunlar çərçivəsində sivil mübarizəni davam etdirəcəklər: «M.Səmədov nəinki bizim, bütövlükdə xalqın sevimlisidir. Günahsız adam kimi onun həbsxanada bir an belə qalması haqsızlıqdır və yolverilməzdir. Bunu nəzərə alaraq, onun nəinki hansısa bəhanə ilə azadlığa buraxmaq, hətta bu müddət ərzində nahaqdan həbsdə saxladıqları üçün üzr istəməlidirlər»./İslaminsesi/
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09