Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

"Hər gün gələn xəbərlər bizi şoka salır"

Cəmil Həsənli: "Hər gün gələn xəbərlər bizi şoka salır"

Leyla Yunus və Mövsüm Səmədovun hüquqlarının müdafiəsi ilə bağlı konfrans keçirilib

Hüquq müdafiəçisi Leyla Yunusun təcridxanada fiziki zorakılığa məruz qalması və Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səməmdovun cərimə təcridxanasına (“kars”a) salınması ilə əlaqədar bu gün vətəndaş cəmiyyətlərinin üzvləri, hüquq müdafiəçiləri və siyasi partiyaların təmsilçilərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

FaktXəbər-in məlumatına görə, konfransda Milli Şuranın sədri Cəmil Həsənli baş verənlərə öz kəskin münasibətini bildirib: “Son günlər ölkədə hüquq pozuntuları ilə bağlı narahatlıq yaradan xəbərlər aldığımızdan, təcili toplantı keçirmək qərarına gəldik. Hər gün gələn xəbərlər bizi şoka salır. Həbsə düşmək vətəndaşın konstitusion hüquqlarını tamamilə məhdud etmir. Ancaq biz fərqli hadisələrin şahidi oluruq. Vəhşiliyin miqyası getdikcə böyüyür. Yalnız Stalinin və Hitlerin dövründə həbsdə saxlanılan şəxsə qanuni olaraq işgəncə verilib və döyülüb. Leyla Yunusun 1993-cü ildən etibarən göstərdiyi fəaliyyətinin nəticəsidir ki, bu gün siyasi məhbusların böyük əksəriyyəti azad edilib və ictimailəşib. Digər dövlətlər bu cür vətəndaşla fəxr etdiyi halda, Azərbaycanda həbs olunur. Yaqubov adlı təcridxana işçisi “şmon” adı altında zorakılıq edərək, Leyla xanımı boş otağa aparır və zorakılıq göstərir. Halbuki Penitensiar Xidmət bu hadisədən bir neçə gün öncə açıqlamışdı ki, təcridxanada sıxlıq olduğundan, bir otaqda bir neçə məhbus saxlanılır. Maraqlıdır, adam döyməyə boş otaq varsa, niyə məhbusları bir otağa cəm edirlər?

İslam Partiyasının sədri Mövsüm Səmədov ləyaqətli din adamıdır, öz prinsiplərinə sadiqdir. Onun əsassız olaraq “kars”a salınması, ona qarşı təhqiredici sözlərdən isitfadə olunması isə cinayətdir. Mövsüm Səmədov böyük iradə sahibidir ki, bu haqsızlığa baxmayaraq, mübarizə aparır.

Baş verənlərlə bağlı SOS siqnalı verilməlidir. Bütün səfirliklərə, beynəlxalq qurumlara baş verənlərlə əlaqədar xəbərdarlıq edilməlidir. Məhkəmə sistemi tamamilə hakimiyyətdən asıldır. Sovet dönəmində məhkəmələr daha müstəqil idi.”

Daha sonra konfransda Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev çıxış edərək bildirdi ki, son olaylarla bağlı həyəcan təbili çalınmalıdır: “Son günlərdə baş verənlərə şərh edərək bildirirəm ki, həbsxana ilə qorxu sindiromu yaratmaq istəyirlər. Bir müddət öncə həbsxanaya düşən insanlar bundan qorxmadıqlarını və mübarizə aparacaqlarını bildirirdilər. Bu isə hakimiyyətin son silahını təsirsiz edirdi. Lakin sonuncu həbslər zamanı hakimiyyət adam döyməklə xof yaratmaq istəyir. Mən buradan səslənirəm, heç olmasa bir dəfə vicdanımızın səsinə qulaq asıb “olmaz belə” deyək.”

Konfransda daha sonra çıxış edənlər də baş verən problemlərə toxunaraq, bundan çıxış yollarını müzakirə ediblər.

Toplantıda AXCP sədri Əli Kərimli, Neftçilərin Hüquqlarının Müdafiə Mərkəzinin sədri Mirvari Qəhrəmanlı, hüquq müdafiəçisi Namizəd Səfərov, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, keçmiş millət vəkili Gültəkin Hacıbəyli və digər vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber