Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Müfəttişlər yol kəsib, xərac yığır...

Sürücülər müfəttişlərin açıq-aşkar qoçuluq etdiyini deyir; hüquqşünas Mehman Muradlı: “Nazirlik məsələ ilə bağlı dərhal hərəkətə keçməlidir”
Nəqliyyat Nazirliyi müfəttişlərinin sürücülərə qarşı özbaşınalığı və qanunsuz hərəkətləri davam edir. Artıq bir neçə gündür ki, nazirliyin müfəttişləri paytaxt Bakının müxtəlif yerlərində reydlər aparılar. Düzdür, bəzi reydlər sürücülük vəsiqəsi olmadan avtobus idarə edən, artıq yük götürən sürücülərə qarşı keçirilsə də, bundan istifadə edən işbazlar da var. Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsi boyunca reydlər keçirən müfəttişlərin məqsədi heç də qanunun tələbinə cavab verməyən avtonəqliyyat vasitələrini və sürücüləri cəzalandırmaq deyil.
Redaksiyamıza şikayət edən yük maşını sürücüləri deyir ki, hər gün gedib-gəldikləri M.Əliyev küçəsində müfəttişlər tərəfindən saxlanılırlar. Adının çəkilməsini istəməyən sürücülərdən biri deyir ki, nəqliyyat müfəttişləri onları saxlayan zaman heç bir sənəd tələb etmirlər: “Bu yaxınlarda televiziyalar da onları rüşvət alarkən çəkdi. Yenə də əməllərindən çəkinmirlər. Kiməsə arxayındırlar. Elə vaxt olub ki, gün ərzində məni iki dəfə saxlayıblar. Deyirəm buyur bu mənim sənədlərim, deyir o sənə qalsın. Nəyin var? Açıq aşkar pul istəyirlər. 5 manatdan yığırlar. İmkanımız olmur, verə bilmirik. Onda da maşının arxa və qabağını kəsib imkan vermirlər getməyə. Bir neçə dəfə bu barədə nazirliyə şikayət etmişik. Nə dinləyən var, nə də ki, tədbir görən”.

“Kinolardakı kimi saxlayırlar... ”

Yoldan keçən yük maşınlarının sürücülərini danışdırdıq. Onlar bildirdilər ki, bütün normativlərə riayət etsələr də müfəttişlər tərəfindən saxlanılırlar. Onlardan Səhlab adlı sürücü başına gələn maraqlı olayı bizimlə bölüşdü: “Şirkətlərin birində sürücü işləyirəm. “KamAZ” özümündür. Hər gün bu yoldan keçirəm və yadıma gəlmir ki, məni nə vaxtsa burda saxlamasınlar. Nəqliyyat Nazirliyinə məxsus maşınlar 99 EK 902 dövlət nömrə nişanlı “Chevrolet Aveo” və 10 PB 041 nömərli “Daewoo Nexia” , həmişə bu yolda durur. Sürücülərə pusqu qururlar. Bilmirsən dərdləri nədir. Nə istəyirlər. Xarici kinolardakı kimi birdə görürsən ki, ağacın arxasından iki maşın sürətlə çıxıb səni qovmağa başlayır. Yolda nəyinki sənə digər sürücülər də təhlükə yaradırlar. Qovub-qovub bir yerdə səni sıxışdırırlar. Sənəd istəyirlər verirsən, başlarını yelləyib deyirlər ki, bəs üçdən-beşdən nəyin var ver gəlsin. Açıq-aşkar qoçuluq edirlər. Bunlara dur deyən də yoxdur”.

Yollarda post qurulub, amma...

Sürücünün sözlərinə görə, qanuna görə, yük maşınlarının hər oxuna 10 ton yük düşməlidir: “Maksimal kütlə isə qoşqu ilə birlikdə 44 tondan artıq ola bilməz. Avtomobilin daşınan yük ilə birgə hündürlüyü 4 metr, eni 2 metr, uzunluğu isə 20 metrdən çox olmamalıdır. Cərimələrdən də xəbərimiz var. Bu qaydalara riayət edilməsə 15-20 manat cərimə ödənilməlidir. Normadan artıq yük götürdükdə və yola ziyan verdikdə 15-20 manatdan əlavə 80-100 manat da ziyana görə cərimə ödənilir. Yollarda post qurublar. Niyə orada yük maşınlarını yoxlayıb yollara buraxmırlar? Çünki qanunla işləsələr, rüşvət ala bilməyəcəklər”.

Nəqliyyat reketlərinin hücumları ilə üzləşən sürücülərin sözlərinə görə, son dövrlər müfəttişlər heç bir sənəd təqdim etmədən bildiklərini edirlər. Mülki geyimdə sürücülərə yaxınlaşıb onlardan rüşvət istəyən nazirlik əməkdaşları ilə bağlı ölçü götürülmür, onlara cəza tətbiq olunmur. Halbuki nazir bu hərəkəti edənlərin cəzalandırılacağını, onlara qarşı mübarizə aparıldığını demişdi.

Hüquqşünas: “Hansısa yük maşınını saxlamaq çox zəruridirsə...”

“İnformasiyalı Cəmiyyət Uğrunda” İctimai Birliyin baş direktoru, vəkil Mehman Muradlı deyir ki, hansısa yük maşınını saxlamaq çox zəruridirsə, bu zaman müfəttişlər Yol Patrul Xidmətinə məlumat verməlidir: “Nəqliyyat müfəttişlərinin qanunsuz əməlləri ilə bağlı tez-tez şikayətlər eşidirik. Son aylar müfəttişlərin sürücülərlə kobud rəftarı ilə bağlı hüquq-mühafizə orqanlarına da çoxsaylı şikayətlər daxil olub. Müfəttişlər təkcə sürücülərə qarşı deyil, sərnişinlərə qarşı da kobudluq nümayiş etdirir. Bu yolverilməz haldır. Nazirlik məsələ ilə bağlı dərhal hərəkətə keçməlidir. Sürücülərdən açıq-aşkar rüşvət alan, onları döyən, təhqir edən qoluzorlu müfəttişlər dərhal məsuliyyətə cəlb olunmalıdır. Məncə bu məsələdə sürücülər həmrəy olmalı, başlarına bu kimi bənzəri olaylar gələrsə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”./musavat/
2494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı