Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Sentyabr 2014

Müxalifət mitinqlərə qərar verir

«Ölkədə yaranmış vəziyyət kütləvi aksiyaların keçirilməsini vacib edir»

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin son toplantısında ölkədəki mövcud durumdan irəli gələrək qarşıdakı həftələrdə kütləvi aksiyaların keçiriləcəyi anonsu da verilib. AXCP sədri Əli Kərimli bildirib ki, bir neçə həftədiri, təmsil etdiyi partiyada mitinqlərlə bağlı ciddi müzakirələr gedir. Milli Şurada da bu istiqamətdə müzakirələrə başlanıldığını deyən Ə.Kərimli gələn həftə AXCP-də və Milli Şurada mitinq müzakirələrinin başa çatacağını düşünür.

Fuad Qəhrəmanlı: «Cəmiyyət öz probleminə sahib çıxmalıdır, öz etirazını ifadə etməlidir»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bildirdi ki, mitinqlə bağlı müzakilərə həm təmsiol etdiyi partiyada, həm də Milli şurada aparılmaqdadır. AXCP Rəyasət Heyətinin bir müddət əvvəl mitinq müzakirələrinə başlamaqla bağlı qərarının olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, indiyə qədər partiyanın yerli təşkilatlarında keçirilən görüşlər onu göstərir ki, cəbhəçilər aksiyalara başlamağı zəruri hesab edirlər: «Mitinq keçirilməsinin zərurətə çevrilməsi təkcə AXCP-nin, Milli Şuranın istəyi deyil. Bu artıq cəmiyyətin tələbidir. Çünki ölkədəki durum bu zərurəti vacib edir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə birmənalı olaraq göstərdi ki, Avropa Azərbaycanda insan haqları və demokratiya məsələsinə öncüllük verir. Enerji maraqları fonunda demokratiya, insan haqları məsələsi ikinci dərəcəli prioritet hesab olunmur. Avropa Parlamenti eyni zamanda Azərbaycanda siyasi məhbuslar məsələsini gündəmə gətirdi. Siyasi repressiyaların dayandırılması Avropa Birliyi ilə əməkdaşlıq üçün bir şərt kimi irəli sürüldü. Nəticədə Azərbaycana qarşı sanksiyalar məsələsi gündəmə gətirildi. Belə olan halda da Azərbaycan cəmiyyəti siyasi məhbusların azad olunması, Azərbaycanın assosiasiya sazişinə qoşulması ilə bağlı öz mövqeyini ifadə etməlidir. Əgər beynəlxalq birlik Azərbaycandan insan haqlarına hörmət etməyi, syiasi məhbusların azad olunmasını tələb edirsə, cəmiyyət öz probleminə sahib çıxmalıdır, öz etirazını ifadə etməlidir». Bir müddət əvvəl Obamanın Azərbaycanla bağlı sərt tənqidi fikirlərinin səslənməsinə də diqqət yetirən F.Qəhrəmanlı bildirdi ki, bu onu göstərir ki, beynəlxalq birlik öz üzərinə düşən məsuliyyətə uyğun olaraq Azərbaycanda baş verənlərə münasibət ifadə edir, demokratiyaya öncüllük verir: «Belə olan halda biz cəmiyyət olaraq baş verənləri oturub müşahidə etməli deyilik. Bu ölkədə baş verənlər, siyasi məhbusların olması, repressiyaların hələ də davam etməsi cəmiyyəti cərəyan edən proseslərə reaksiya verməsini zəruri edir. Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı hazırkı durumla ölkənin daxili məsələsi kimi məşğul olmayacaq. Həm Avropa Parlamentinin qətnaməsindən, həm də Obamanın çıxışından sonra Azərbaycanda demokratiya məsələsi beynəlxalq məsələyə çevrilib. Ona görə kütləvi aksiyaların keçirilməsi beynəlxalq birlik ilə Azərbaycan ictimaiyyəti arasında həmrəyliyin olmasına stimul verəcək. Dünya görməlidir ki, Azərbaycan cəmiyyəti yalnız kənardan olan tənqidləri dinləmir. Cəmiyyət ölkəsində baş verənlərlə bağlı narazılığını, tələblərini ifadə edir. Belə olan halda Azərbaycana demokratik dəyişikliklər istiqamətində verilən beynəlxalq dəstək daha da arta, ölkəmizlə bağlı məsələlərə daha fəal reaksiya verilə bilər. Ona görə bu məqamda aksiyaların keçirilməsinə zərurət var».

F.Qəhrəmanlı hesab edir ki, AP-nın son qətnaməsi eyni zamanda Azərbaycanın Avropaya inteqrasiyası məsələsinə diqqət cəlb etməyi zəruri edir. Bu baxımdan keçiriləcək mitinqin əsas tələblərindən biri də Azərbaycanın assosiasiya sazişinə qoşulması olmalıdır. «Avrointeqrasiya prosesi ölkənin həm demokratikləşməsi, həm də inkişafı üçün olduqca mühüm istiqamətdir. Ona görə bu məsələlər yalnız hakimiyyətin öhdəsinə buraxılmamalıdır. Hakimiyyət assosiasiya sazişinə imzalamaq niyyətində olmadığını bildirib. Ona görə də siyasi məhbuslarla yanaşı, Avrointeqrasiya tələbini də gündəmə gətirməyə ehtiyac var».

Namizəd Səfərov: «Hakimiyyətə qarşı etirazın miqyasını genişləndirməyə, kütləvi etiraz aksiyalarını keçirilməyə ehtiyac var» 

Hazırkı durumu nəzərə alaraq mitinq keçirmək zərurətinin yarandığı ilə bağlı Milli Şurada müzakirələrin başlandığını deyən təşkilatın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov isə hesab edir ki, hakimiyyət ona qarşı bütün beynəlxalq təpkilərə rəğmən repressiyalarını davam etdirir: «İstər ölkə daxili, istərsə də beynəlxalq hüquq müdafiə təşkilatlarının etirazlarına baxmayaraq hakimiyyət repressiv siyasətini dayandırmır. Bu təpkilər heç bir effekt vermir. Ona görə hakimiyyətə qarşı etirazın miqyasını genişləndirməyə ehtiyac var. Bu baxımdan kütləvi etiraz aksiyalarının keçirilməsi gündəmdədir». 

Eldəniz Quliyev: «Cəmiyyətin kütləvi aksiyalara müraciət etməkdən başqa əlacı yoxdur»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də bildirdi ki, hakimiyyət ona qarşı olan beynəlxalq reaksiyalara baxmayaraq repressiv siyasətini davam etdirməkdədir və bu repressiyalar pik nöqtəsinə çatıb: «Hakimiyyət istər Ukraynada baş verən hadisələrdən, istərsə də cəmiyyətin müqavimət imkanlarının aşağı düşməsindən istifadə edərək öz siyasi rəqibləri ilə haqq-hesab çürüdür. Cəmiyyətin də kütləvi aksiyalara müraciət etməkdən başqa əlacı yoxdur. Sadəcə olaraq düşünürəm ki, etiraz mitinqləri, siyasi dustaqlara qarşı etiraz aksiyaları bir qədər kreativ vasitələrlə aparılsın. Ənənəvi mitinqlər bəzi hallarda nəticə vermir. Biz elə addımlar atmalıyıq ki, keçirəcəyimiz aksiyalar nəticə versin. Ziyalılar, cəmiyyətin mütərəqi fikirli kəsimi üçün artıq son damla da dolub. Leyla Yunusun döyülməsi, Hacı Mövsüm Səmədovun göz görə-görə öldürülməsinə cəhd edilməsi, Xədicə İsmayıla qarşı ənənəvi ssenarinin işə düşməsi, mənim hədəfə alınmam bütün bunlar hakimiyyətin niyyətini göstərir»./azadlıq/

735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber