Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Göyçay icra başçısına ittihamlar

“Bələdiyyə sədrinin intiharına külli miqdarda rüşvət tələbi səbəb olub”

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçay rayonunda bələdiyyə sədri Mahmud Şıxməmmədovun intiharını müstəqil şəkildə araşdırıb.

V.İsgəndərli ilə əlaqə saxlayıb araşdırmasının nəticəsi ilə maraqlandıq.

V.İsgəndərli müsavat.coma açıqlamasında dedi:

- Öncə qeyd edim ki, Mahmud Şıxməmmədovla mən hələ həbs olunmamışdan qabaq tanış idim. 2010-cu ildə ona zarafatla dedim ki, bəs Mansur Məmmədov Göyçayı talan edib, səkiləri də satıb. Mənə 10 sot kənd ətrafında torpaq verə bilərsinizmi? Hələ o vaxt mərhum mənə dedi ki, Mansur Məmmədov Göyçayda torpaq alqı-satqısını nəzarətə götürüb. Bir qarış yer onun razılığı olmadan satıla bilməz. Onun intiharı Göyçayda tüğyan edən rüşvət və korrupsiya ilə bağlıdır. Rayon prokurorluğuna Göyçay rayon Xəlitli kəndində məskunlaşmış qaçqınlar müraciət edib. Deyiblər ki, Mahmud Şıxməmmədova torpaq almaq üçün pul veriblər. O da həmin pulu Mansur Məmmədova verib. Məmmədov onlarla vətəndaşların pulunu alıb, sənəd verməyib. Rayon prokurorluğuna qaçqınlar mərhumdan şikayət ediblər. Mərhum Şıxməmmədov vasitəçilərə deyib ki, Mansur müəllimə bu barədə desinlər. Məmmədov da heç bir reaksiya verməyib və alınmış pulları geri qaytarmayıb. Mərhum məcbur olub dost-tanışlarından borc alıb rayon prokurorluğunda şikayətçilərin pulunu geri qaytarıb. Bundan sonra həmin şəxslər ərizələrini geri götürüblər. Bir müddət sonra mərhumu yenə prokurorluğa dəvət edib bildiriblər ki, o, 10 min manat yenidən qaçqınlara verməli, 5 min manat isə cinayət məsuliyyətinə cəlb edilməmək üçün pul gətirməlidir. Şıxməmmədova 15 min pulu ödəməsi üçün 22 sentyabra kimi vaxt qoyulub. Mahmud Şıxməmmədov 2 gün bankların, dost-tanışın qapılarını gəzib. Amma pul tapmayıb. Və 22 sentyabrda tezdən intihar edib.

- Dedikləriniz nə dərəcədə əsaslıdır, fakta əsaslanırmı?

- Mən hüquqşünasam, uzun müddət prokurorluq orqanlarında çalışmışam. Analoji hadisə 2001-ci ildə İsmayıllı Prokurorluğunda müstəntiq işləyərkən baş vermişdi. İsmayıllı rayon Mican kənd sakini, hansısa bir varlı şəxsin mal-qarasına baxan Həsrət Rüstəmov bir məcburi köçkünlə mübahisə zəminində onun üstünə avtomat çəkmişdi. Material polisin təhqiqatçısında idi. O vaxt İsmayıllı rayon prokuroru əvəzi Mübariz Nəcəfov ona 50 qoyunu satdırıb pulunu rüşvət kimi almışdı.

Sonra tamahını saxlaya bilməyib yenə ondan rüşvət istəmişdi. Həsrət Rüstəmov da qalan mal-qarasını qorumaq üçün özünü Acıdərə deyilən otlaq sahəsində ağacdan asmışdı. O vaxt mən Mübariz Nəcəfovla hadisə yerinə getdik. Nəcəfov dərhal onun ciblərini axtardı və mərhumun cibindən ölümün səbəblərini açıqlayan yazını götürdü. Mən CM-nin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başladım. Baş prokuror Zakir Qaralovun yanına getdim. O məni qəbul etmədi. Onun idarə rəislərindən birinə Nəcəfovun törətdiyi cinayət barədə məlumat verdim. Geri dönub cinayət işini Nəcəfova verdim, dedim necə öldürmüsən, indi özün istintaq elə. O da Tircan bələdiyyəsinin sədrini bu cinayətdə suçlayıb ona ittiham verdi. Hadisədən qabaq onların arasında söz-söhbət olmuşdu. O vaxt Rəşid İslamov 300 yaxın ərizə yazmışdı ki, mərhumun ölümünə səbəb ondan rüşvət alınmasıdır.

Mən o vaxt Qaralovun adına ərizə yazıb prokurorluq orqanlarından istefa verdim. Ərizəni qəbul etməyərək prokurorluğa yoxlama göndərdilər. Və heç bir qanun pozuntusu aşkar etməsələr də, qanunsuz işdən azad etdilər.



2000-ci il sentyabrın 1-də CM-də dəyişikliklər edildi. Qabaqlar prokurorluq orqanları istədiyi cinayət hadisəsini istintaq etmək hüququ var idi. Qanunda qeyd edilib ki, əgər hər hansı bir orqana istintaq aidiyyəti olmayan material daxil olarsa, o material dərhal aidiyyəti orqana göndərməlidir. Prokurorluğun verdiyi məlumata əsasən Mahmud Şıxməmmədov barəsində 178.3.2 maddəsi ilə 20 sentyabrda cinayət işi başlanıb və dərhal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu, tam qanunsuz və əsassızdır. Kim rayon prokurorluğuna səlahiyyət verib ki, ona aidiyyəti olmayan dələduzluğun “razborka”sını aparsın? Çox güman ki, bu cinayət işi intihardan dərhal sonra arxa tarixlə başlanıb. Çünki 100 illik praktikada hələ belə hadisə baş verməyib ki, kiminsə barəsində cinayət işi başlayasan, o da səhəri gün özünü asa. Fikir verin, Mahmud Şıxməmmədov intihar edəndən sonra prokurorluq dərhal faktla bağlı CM-nin 125-ji maddəsi ilə cinayət işi başlayır. Bilirsiniz hansı səbəbdən? İndi formal istintaq edib belə nəticəyə gələcəklər ki, borcu olduğundan intihar edib. Əminliklə deyə bilərəm ki, Azərbaycanda ən azı 100 minlərlə insanın banklara, fiziki şəxslərə və s. borcu var. Kimsə bu səbəbdən intihar edir? Məlumat üçün deyim ki, bu gün Azərbaycan xalqının təkcə banklara 15 milyard borcu var.

- Göyçaya səfəriniz zamanı daha hansı məlumatlar əldə etdiniz?

- Göyçaya bu intiharı araşdırmaq niyyəti ilə səfərimin olacağını eşidən kimi rayon rəhbərliyi başda icra başçısı Mansur Məmmədov olmaqla mərhumun hüzr mərasiminə gediblər. Mansur Məmmədovun tapşırığı ilə mərhumun yaxınları ilə qeyri-rəsmi söhbətlər aparılıb, bütün problemlərini icra başçısının öz üzərinə götürdüyünü deyiblər. Şərtləri də bu olub ki, onlar şikayətçi olmayacaqlar və bu işin araşdırılmasında Vidadi İsgəndərliyə heç bir formada kömək etməyəcəklər. Əlavə olaraq onu da bildirmək istəyirəm ki, mən rayonda olanda bir neçə bələdiyyə sədrləri ilə görüşdüm. Onlar dedilər ki, Mansur Məmmədov qarşıdan gələn bələdiyyə seçkilərinə yenə “stavka” qoyub. Rayonda belə xəbərlər dolaşır ki, Mahmud Şıxməmmədovdan 20 min manat tələb edilib. Bələdiyyə sədrləri üçün rüşvət 5 mindən 30 minə kimidir. Qiyməti bələdiyyə torpaqlarının münbitliyi müəyyən edir. Mənə dedilər ki, biz Mansur Məmmədova başa sala bilmirik ki, daha torpaq qalmayıb. Artıq kəndlərdə səkilər də satılıb. O isə “yox” sözünü anlamır. Xahiş etdilər ki, ictimaiyyətə çatdırım ki, nəqliyyat naziri Ziya Məmmədov bilərəkdən kurasiyasında olan Göyçayda, Ucarda, Zərdabda elə bir despotik şərait yaradıb ki, sanki bu əhalinin mövcud hakimiyyətə qarşı (Qubada olduqu kimi) üsyanına şərait hazırlayır. Bütün bunlar acı həqiqətdir. Ancaq indi bu cinayətlərin açılmasında heç kim maraqlı deyil.

- Mərhumun yaxınlarına çatdırdım ki, təmənnasız onlara vəkillik etməyə hazıram ki, Mənsur Məmmədov bir daha insanları intihar etməyə məcbur etməsin.

- Xatırladım ki, Mansur Məmmədov Zərdabda başçı işləyərkən rayon səhiyyə şöbəsinin müdirini kabinetinə çağırıb ondan 50 min rüşvət istəmişdi. Sonuncu elə icra hakimiyyətində bu sözləri eşidib infarkt keçirərək vəfat etmişdi. Bu adam bir neçə nəfərin ölümünə səbəb olub. Yəqin mərhum Şıxməmmədovun da qanını o birilər kimi batıracaqlar.

- Sizə qarşı terror hadisəsinin istintaqının nəticəsi nə ilə yekunlaşdı ?

- Bu, analoqu olmayan bir hadisədir. 4 aydır yoxlama gedir, hələ heç bir nəticə yoxdur.

V.İsgəndərli Göyçayda barəsində dövriyyəyə buraxılan şayiələrdən də danışdı: “Məmmədovlar şayiə yayırlar ki, guya onlar mənə villa bağışlayıblar. Digər nazirlər pul, var-dövlət veriblər. Bu şayiələri yayan təxribatçılara bildirirəm ki, əqidə insanın şərəf və ləyaqətidir, o satılmır, girov qoyulmur, dəyişdirilmir. Sadəcə hər şeyin zamana ehtiyacı var.
901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP