Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Doktor Mövsüm Səmədov karserdən çıxarılıb

Azərbaycan İslam Partiyasının məhbus lideri Mövsüm Səmədov sentyabrın 30-da karserdən çıxarılıb. Bunu partiyanın sədri Elçin Manafov deyib.

Partiya lideri sentyabrın 18-də 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.

Elçin Manafov karser cəzasının səbəbini öyrənmək üçün Penitensiar Xidmətə etdikləri müraciətə cavab verildiyini bildirib: “Mövsüm Səmədovun cəzaçəkmə müəssisəsinin daxili nizam-intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına salındığını iddia edirlər. Onun daha 7 gün karserdə saxlanmasının səbəbi həbsxana yeməklərindən imtina etməsi olub. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan islamçılardan aldığımız məlumata görə, Mövsüm bəy aclıq edib, iradəsini sındırmaq üçün cəzasını artırıblar.

Karserə evdən göndərilən qida buraxılmır. Uzun müddət ac qaldığına görə səhhətindən narahatıq. Görüşmək üçün davamlı olaraq həbsxanaya getmişik. Sentyabrın 30-da dedilər rəisin göstərişi ilə iki həftə karantində saxlana bilər, bu müddətdə özünü intizamlı apararsa, görüş verilməsi mümkündür. Mövsüm Səmədovla görüşmək üçün ombudsmana da müraciət etməyi düşünürük”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, şərlənərək hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub./mediaforum/
941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber