Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

AŞ PA-da Azərbaycan hökumətinə sərt etiraz - Foto

Məmmədyarov “Siyasi məhbuslara azadlıq” şüarı ilə qarşılandı

Avropalı deputat: “Niyə Heydər Əliyev Fondu deyil, müstəqil QHT-lər vergi təftişinə məruz qalırlar?”

Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqda AŞPA-nın payız sessiyasında çıxış edib. Onun çıxışı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə bağlı olub.

Elmar Məmmədyarov çıxışa başlayanda azərbaycanlı mühacirlərdən bir qrupu zalda etiraz aksiyası təşkil edib. Əyinlərinə azərbaycanlı siyasi məhbuslardan bir neçəsinin şəkli olan köynəklər geymiş fəallar naziri etiraz sədaları ilə qarşılayıblar. AŞPA prezidenti Anne Brasseur zalda sakitliyə çağırıb. Fəallar aksiyanı səsiz davam etdiriblər. Onlar ağızlarına qara lent yapışdıraraq, Azərbaycanda söz azadlığının pozulduğuna işarə vurublar.

***

Məmmədyarov çıxışına Ukraynadakı böhrandan başlayıb. O deyib ki, Nazirlər Komitəsi sentyabrın 5-dəki atəşkəs sazişini alqışlayır.

Nazir ölkədə korrupsiya ilə mübarizədə aparılan işlərdən danışıb, bu mübarizənin ölkə üçün prioritet olduğunu vurğulayıb.

Məmmədyarov Nazirlər Komitəsinə sədrlik çərçivəsində sentyabrda keçirilən dini tolerantlıq konfransını xatırladıb. Nazir Azərbaycanın dini tolerantlıq göstəricilərinə görə öndə gedən olduğunu bildirib.

Məmmədyarov çıxışında insan haqları pozuntularına dair beynəlxalq tənqidlərə cavab verməyib, ancaq ölkədə fundamental azadlıqların necə qorunmasından danışıb.

«Sizi əmin edirəm ki, gələn ay sədrliyimiz başa çatandan sonra əməkdaşlığı davam etdirəcəyik», - deyə o, bildirib.

İspaniyadan olan deputat Pedro Agramunt iyulda Dağlıq Qarabağda nə baş verdiyini, Rusiyanın həmin əraziyə əsgər göndərib-göndərmədiyini soruşub.

Pedro Agramunt insan haqları üzrə məruzəçidir. O, həm də siyasi məhbuslar məsələsini araşdırmalıdır. Maraqlıdır ki, ispaniyalı deputat ölkədəki həbslərlə, beynəlxalq qurumların repressiyaların dayandırılmasına dair çağırışları ilə bağlı sual verməyib.

Elmar Məmmədyarov bu suala cavabında Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmağa başlayıb: «Bildiyimiz odur ki, Ermənistan qüvvələri geri çəkilməlidir. Davamlı inkişaf barədə danışırıqsa, işğal, bir ölkənin digərini ərazisini işğal etməsi baş verməməlidir. Qaçqınlar öz vətənlərinə qayıtmalıdır».

Rusiyanın Krımı anneksiya etməsinə dair suala cavabında Məmmədyarov Rusiyanın Ukraynanı işğal etdiyini birmənalı deməyib.

***

Deputat Tini Coks soruşub ki, Azərbaycan prezidenti İlham Əliyevin insan haqlarına dair dəyirmi masa keçirmək təklifindən sonra niyə yalnız həbslər artıb və niyə bu müzakirənin keçirilməsi üzrə iş yubanır.

Məmmədyarov bunu yay tətilləri ilə izah edib. O, Bakıda iki gün Qurban bayramı olduğunu, gələn həftədən bu məsələ barədə işə başlanacağını deyib.

Məmmədyarov SMDT rəhbəri Anar Məmmədliyə Vaslav Havel mükafatı verilməsinə də münasibət bildirib. Deyib ki, bu mükafatı vermək AŞPA-nın hüququdur.

QHT-lərlə bağlı suala cavabında Elmar Məmmədyarov deyib ki, çox az sayda QHT fəaliyyətində şəffaflıq qaydalarına riayət edir. Qanunvericiliyə dəyişikliklər də hesabatlılığın artırılmasına görədir.

Deputat Robert Biedron soruşub ki, niyə Heydər Əliyev Fondu deyil, müstəqil QHT-lər vergi təftişinə məruz qalırlar.

Deputatlardan biri siyasi məhbuslarla bağlı sual verib: «Amnesty International» Azərbaycanda 20-dən çox vicdan məhbusunun olduğunu deyir. Siz də prezidentinizin yay sessiyasında dediyi kimi düşünürsünüz ki, Azərbaycanda siyasi məhbus yoxdur?».

Məmmədyarovun cavabı qısa olub: «Siz elə cavabı da verdiniz. AŞPA siyasi məhbus anlayışının tərifini verib, həmin tərifə görə, Azərbaycanda siyasi məhbus yoxdur. Başqa cavab hipotetik olardı. Təşəkkür edirəm».

İrlandiyalı deputat Maykl Maknamara Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və digərlərinin həbsinin Avropa Şurasının nüfuzuna necə təsir etdiyini soruşub.

Məmmədyarov belə cavab verib: «Cənab Maknamara, biz bu məsələ barədə Bakıda da danışdıq. Sizin və mənim mövqeyim fərqlidir. Siz öz mövqeyinizdə qalın, mən də öz mövqeyimdə. Vəssalam».

***

AŞPA prezidenti Anne Brasseur tvitter hesabında yazıb ki, Məmmədyarovu salamlayarkən ona Azərbaycanda Avropa Şurası standartlarının yerinə yetirilməsində çatışmazlıqları vurğulayıb.

«Mən həmçinin Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının son həbslərindən narahatlığımı bildirdim. Onların hamısı Avropa Şurası ilə çoxdan işləyən tərəfdaşlardır», - deyə Brasseur qeyd edib.

***

Elmar Məmmədyarovun çıxışı başa çatandan sonra etirazçılar «Siyasi məhbuslara azadlıq!» deyə qışqırıblar.

***

Məmmədyarovun çıxışı yekunlaşandan sonra avropalı deputatlar, jurnalist və hüquqçuların iştirakı ilə Azərbaycanda insan haqlarının durumu müzakirə edilib.

***

Etirazçılardan biri - Həbib Müntəzir “Azadlıq” radiosuna bildirib ki, Elmar Məmmədyarov zala daxil olarkən onları görüb, gülümsəyib keçib: «Nazir prezident İlham Əliyevin etdiyi yanlışı təkrarlamadı. Ötən dəfə prezident çıxışında bizi göstərərək, «bu uşaqlar 90-cı illərin əvvəlini görməyənlərdir» dedi və diqqəti birbaşa bizə yönəltdi. Nazir isə bizə heç bir işarə vurmadı»./azadlıq/

919 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı