Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun adı hallandı

Keçmiş deputatın məhkəməsində Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun adı hallandı

Təranə Səfərova: «Sevincə dedi ki, «kompozitorla» danışmışam, Kəmaləddin Heydərovun yanında kabinetin hazırdır»

Gülər Əhmədovanın işi üzrə dünənki məhkəmə prosesi keçmiş deputatla Sevinc Babayevanın yaxınları arasında söz atışmasıyla yanaşı, həm də bir sıra yüksək vəzifəli şəxslərin adlarının hallanması ilə yadda qaldı. Konkret olaraq, söhbət Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan gedir.

“Siz Sevincdən yalnız ”koşelyok" kimi istifadə eləmisiz"

Dünənki məhkəmə iclasında əvvəlcə Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva şahid qismində ifadə verdi. O, bacısı qızının zəhərlənməsi, Elşad Abdullayevin yaydığı videodan sonra Türkiyəyə getməsi və ölümü barədə danışdı.
Məlum oldu ki, Zərifə Cəbiyeva təxminən 20 il bacısı qızı ilə danışmayıb: “Sevinc ərə getmişdi, oğlan narkoman çıxmışdı. Buna görə məni günahlandırırdı”.
Sevinc Babayevanın ötən ilin yayında zəhərləndiyini deyən şahidin sözlərinə görə, bacısı qızı ilə də həmin gün barışıblar: “Bacım dedi ki, Sevinc zəhərlənib, getdim. Heç bir xəstəxana onu qəbul etmirdi. Axırda tanışlıqla ”Semaşko"nun reanimasiya şöbəsinə yerləşdirdik. Orada bir tibb bacısı ona deyibmiş ki, səni burada öldürəcəklər. Sevinc yalvardı, ayaqlarıma düşdü ki, məni buradan apar, yoxsa öldürəcəklər. Şöbə müdiri ilə danışdım, razılaşmadı, hətta baş həkim də zəng elədi ki, çıxarmaq olmaz. Axırda dilindən iltizam aldılar ki, öz istəyilə çıxır. Evdə yenə vəziyyəti pisləşdi, Neftçilər Xəstəxanasına apardıq, amma qəbul etmədilər. Tanışlıqla Gömrük Hospitalına yerləşdirdik. Gömgöy idi, onu zəhərləmişdilər. Deyirdi ki, Gülər onu Sultan restoranına aparıb, orada toyuq yeyib. Görüb dadı acıdır, utandığından tüpürməyib".
Xalasının sözlərinə görə, bir də eşidib ki, Sevinc Babayeva Türkiyəyə gedib: “Anasına deyib ki, ürəyimi yoxlatdırmağa gedirəm, həftənin axırı üçün qayıdacam. Sonradan bacısı ilə oğlu getmişdi yanına. Orada onu saxlayan kişini (Səlcuq Ağlayan-red.) görmüşdülər, deyirdilər ki, çox dəhşətli adamdır. Sevinc orada ac-susuz, pis vəziyyətdə olub”.
Zərifə Cəbiyeva deyir ki, bacısı qızı Türkiyədə olarkən onunla telefon söhbətində Elşad Abdullayevin deputatlıq üçün verdiyi puldan ona çatıb-çatmadığını soruşub: “Dedi ki, mənə bir qəpik də çatmayıb. Mənə qanlı pul lazım deyil”.
Xalası deyir ki, Sevinc Babayeva Gülər Əhmədovanın sözüylə Türkiyədə oturmuşdu: “Gülər ona demişdi ki, nə vaxt desəm, onda gələrsən. Ona görə mən Gülərə zəng elədim ki, niyə qoymursan Sevinc gəlsin? Gülər dedi ki, onu mən göndərmişəm ki?”
Şahidin sözlərinə görə, G.Əhmədova bacısı qızına şirnikləndirici vədlər vermişdi: “Ona deyirmiş ki, sən qayıdanda ”kompozitor" sənə vəzifə verəcək".
S.Babayeva Türkiyədən ilk telefon danışığında xalasına Bolqarıstanda olduğunu deyibmiş.
Dindirmə zamanı Zərifə Cəbiyeva əsəbiləşərək, üzünü G.Əhmədovaya tutub dedi: “Onun arxasında bütün nəsil dayanıb. Sən indi necə yaşayırsan, Gülər? Mən Allahdan sənə cəza istəyirəm”.
Şahid prokuror və vəkilin, eləcə də G.Əhmədovanın suallarını cavablandırarkən isə məlum oldu ki, S.Babayeva Bakıda reanimasiyada olarkən yanındakı yaşlı qadın dünyasını dəyişib. O da bundan qorxub və tez xəstəxananı tərk etmək istəyib.
Bundan sonra şahidlə G.Əhmədova arasında sual-cavab oldu:

- Deyirsiz ki, onu Türkiyədə ac-susuz saxlayırdım, bəs niyə gətirmirdiniz onu?
- Siz qoymurduz. Sizdən qorxurdu.
- Mən neyləmişdim ona?
- Sizə inanırdı. Həm də demişdiniz ki, vəzifəyə qoyacam.
- Mən bəyəm vəzifə verən idim? Özümün vəzifəm yox idi...
- Siz yox, “kompozitor”.
- Deyirsiz ki, Türkiyədə pasportunu əlindən almışdılar. Pasportu yox idisə, maşınının satılması üçün oğluna necə etibarnamə verib?
- Mən bilmirəm.
- Bilirdiniz ki, Sevinc infarkt keçirib?
- Yox. Onda küsülü idik, zəhərlənəndə getdim, barışdıq.
- Siz başdan-ayağa yalan danışırsız. Onu narkomana verib, bədbəxt eləmisiz. Sonra da Sevinci yaşadığı bütün kişilərin yanında biabır edirdiz. Sevincdən yalnız “koşelyok” kimi istifadə eləmisiz. 20 il bacısı qızı ilə danışmayan, onun xəstəliyindən belə, xəbərdar olmayan xalanın nə mənəvi haqqı var ki, gəlib burada kiminsə üzünə dursun? Sevinc infarkt olub, ağciyərində, mədəsində də problemlər olub.
- Xəbərim yoxdu. 
- Sevincin “Hummer” maşınından xəbəriniz var idi?
- Xəbərim yox idi, amma bilirdim ki, özünə nəsə imkan düzəldib. Özü qazanıb alırdı.
- Nəynən? Kitabxanaçılıqla?
- Sizə görə pul qazana bilirdi.
- Mənə görə qazanmırdı. Mənə görə qazansaydı, həmişə işləyib qazanardı. Onun atasının yasında kimlər olubsa, onlar da onun üçün iş düzəldiblər.
- Gah deyirsiz, məndən qorxurdu deyə, Türkiyədən gəlmirdi, gah deyirsiz, vəzifə vəd etmişdim. Bunların hansı düzdü?
- O, sizi məndən çox istəyirdi.
- Çünki başına bir iş gələn kimi mənim üstümə qaçırdı. Siz fikirləşin ki, bu ailə üçün Gülər nələr eləyib, mən bir xala olaraq neyləmişəm. Sevinc kim idi ki, onu öldürsünlər? Hətta bir yerə gedib mənim adımdan istifadə eləmişdi, o adamda parlamentə gəlmişdi, ona görə Sevinci qovmuşdum. Sevincin oğlu Ayxan məhkəməyə gələndə suallarımın 80 faizini ona görə vermədim ki, yetimdir, 40 kişiyə ata deyib, heç biri də ona ata olmayıb. Mən Əzrayılam ki, Sevinci öldürüm? Sizin ailəyə dəyən ziyanın tamam başqa ünvanı var. Sevincin 200 manatlıq maaşla 200 min manatlıq maşını necə aldığını araşdırsaz, görərsiz.

“Gülər, sən bu oyunu uduzmusan!”

Prosesin ən qalmaqallı hissəsi isə S.Babayevanın bacısı Təranə Səfərovanın dindirilməsi zamanı oldu. T.Səfərova S.Babayevanın zəhərlənməsi barədə demək olar ki, xalasının dediklərini təkrarladı. Amma o dedi ki, bacısı balıqdan zəhərlənib: “Qalib adlı bir həkim bizə dedi ki, bacınız zəhərlənib, cəmi 6 ay ömrü var”.
Bacısının Istanbula getməyindən danışan şahidin sözlərinə görə, S.Babayeva sentyabrın 26-da gecə gedərkən iki həftəyə qayıdacağını deyib. Noyabrın 10-da isə bacısı və oğlu onun yanına gedib. Orada onları Səlcuq Ağlayanla oğlu qarşılayaraq, S.Babayevanın qaldığı evə aparıb: “Çox pis vəziyyətdə idi, ac-susuz. Gülər Əhmədova, buna görə səni bağışlamayacağam. Sevinc ölənə kimi sənə inanırdı. Yazıq bacım, gör ömrünün son günlərində nələr çəkdi”.
T.Səfərova onu da bildirdi ki, Türkiyədə olarkən onun yanında bacısı G.Əhmədova ilə “Skype”la danışıb: “Gülər dedi ki, Seva, xəbərin var, Ramiz Mehdiyevin yanına getdim. Ona demişəm, 5 gün o yana, 5 gün bu yana məsələ həll olunacaq. Ramiz Mehdiyev də bu məsələni prezidentlə danışıb. Sevincə dedim ki, inanma. Üç gün sonra yenə ”Skype"la danışdılar. Bu dəfə Gülər dedi ki, Seva, artıq sənin kabinetin hazırdır, Kəmaləddin Heydərovun yanında, “kompozitor”la danışmışam. Bacıma nə qədər dedim, xeyri olmadı, qayıtmadı".

T.Səfərovanın sözlərinə görə, bacısının Elşad Abdullayevlə yaxşı münasibətləri olub: “Sevinc instituta uşaqları düzəldirdi”.
Şahid sualları cavablandırarkən G.Əhmədova ilə aralarındakı dialoq kifayət qədər sərt oldu:

- Mən sizin ailəyə yaxşılıqdan başqa heç nə eləməmişəm. Bunu demək çirkinlikdir, amma sənin oğlunu Metropolitendə işə kim düzəltdirdi?
- Tağı müəllimin qəbuluna düşməyə sən kömək eləmisən.
- Bacının Elşadla Moskvaya getməyindən xəbərin var idi?
- Yox.
- Bacının evinə Elşad və onun prokuror qardaşı Elsevərin gəlib 91 nəfərə məxsus sənədləri, pulları götürdüyündən xəbərin var? Bilirsən bu qədər söhbəti? Sən təkcə mənim barəmdə yox, hörmətli adamlar barədə də yalan danışırsan.
- Bəs niyə deyirdin 100 yerə pul verirəm?
- Yüz yer deyəndə mən məgər polisi nəzərdə tutmuşam? Sənin kimi o qədər adamlar gəlirdi yanıma ki...
- Deyirsən, bacım zəhərlənmişdi. Kim zəhərləmişdi?
- Sən. Tapşırmışdın ki, heç bir xəstəxanaya qəbul etməsinlər.
- Heç həmin gün mən Bakıda yox idim...
- Gülər, başa düş, uduzmusan bu oyunu! Inanırsan, anam sənə necə qarğışlar edir? Daha sənin stolun yoxdur e, yekə-yekə danışasan.
- Burdan da çıxacağıq Allahın köməyi ilə.
- Sən yemisən Elşadın pullarını. O pulları alandan sonra varlandın. Səməd Vurğun bağında restoran, Qız Qalasının yanında hoteli nə ilə almısan? Sənə nifrət edirəm.
- Əgər dediyin obyektlər varsa, hamısını sənə bağışlayıram. Bu ailə birbaşa Elşad Abdullayev tərəfindən maliyyələşdirilir, o necə öyrədirsə, gəlib burada elə də danışırlar. Sevinc xalanla xəbər göndərmişdi ki, Təranəyə de, qayıtsın Türkiyəyə yanıma, niyə getmədin?
- Bilmirəm.

“Sevincin mənə ölüsü yox, dirisi lazım idi...”

Daha sonra G.Əhmədova məhkəməyə müraciət edərək açıqlama vermək istədiyini dedi: “Elşad Abdullayevin prokuror qardaşı Elsevər Abdullayev əvvəl Sevinci təhdid edirdi ki, başına oyun açaram, indi də ailəsinin başına eyni oyunları gətirirlər. Mən Sevinci 12 baş ailəyə baxan adam kimi tanımışam. Başına bir iş gələn kimi yanıma gəlib ağlayırdı. Sevincin ölümü ilə bağlı ailəsinin dərdinə şərikəm. Çünki Sevinc mənə də ölü yox, diri lazım idi. Ona görə axırıncı günə qədər onun müalicəsi üçün əlimdən nə gəlibsə, eləmişəm. Mənə də demişdi ki, müalicə alıb qayıdacam və Elşadın böhtanlarına aydınlıq gətirəcəm. Onu da deyim ki, Elşad Abdullayevlə Sevinc arasında söhbətlərin videoları yayılandan sonra orada onun nə danışdıqlarını eşidəndə, Sevinclə münasibətlərim pozuldu. Özünə də dedim ki, niyə bu yalanları danışmısan? Dedi ki, Elşadın qardaşından qorxurdum, məni məcbur eləyirdilər. Münasibətlərimiz korlanandan sonra onunla sərt danışdım, dedim ki, çıx gəl, nə var, onu da danış. Dedi ki, Elsevərdən qorxuram, məni oğlumla hədələyir. O qayıtmadı...”
G.Əhmədova S.Babayevanın ac qalmasıyla bağlı deyilənlərə də toxundu: “Mən ona iki dəfə pul göndərmişəm. Səlcuq onu ac saxlayıbsa, Allah bəlasını versin”.

“Müstəntiq hədə ilə Gülər Əhmədovaya qarşı ifadəyə qol çəkdirdi”

Daha sonra G.Əhmədovanın deputat kimi köməkçisi olmuş, həmçinin rəhbərlik etdiyi Uşaq Təşkilatında mühasib işləmiş işçiləri - Adilə Əlihüseynli və Günay Vəliyeva dindirildi. Onlar həm də bacıdılar. Hər iki şahid bildirdi ki, istintaqda dindirilərkən müstəntiq Emzar Qocayev onlara təzyiq göstərib, hədələyib. Bu səbəbdən istintaqdakı ifadələrini təsdiq etmirlər. Hətta prokurorluqda təzyiqlər və ifadələrində göstərilənlərin həqiqəti əks etdirmədiyi haqda məhkəməyə notarial qaydada təsdiqlənmiş məktub da göndəriblər.
Bacıların istintaqa ifadələri elan olundu. Orada yazılıb ki, G.Əhmədovanın iş otağında S.Babayeva ilə pula görə mübahisə etdiyini eşidiblər. Buna görə G.Əhmədova dəfələrlə kabinetində olduğu halda, S.Babayeva gələndə onun iş yerində olmadığı bildirib. Bacılar məhkəmədə bildirdilər ki, belə hal olmayıb.
Günay Vəliyevanın ifadəsində yazılıb ki, o, hətta vəkil Adil Ismayılovun da G.Əhmədovanın kabinetindən “sənədləri sonra verərik” deyərək çıxdığını görüb. Amma şahid məhkəmədə bildirdi ki, o, ümumiyyətlə, Adil Ismayılovu tanımır. Bütün bunları müstəntiq özündən yazıb və o da qorxudan imzalayıb.

“Bu, kişi hərəkəti deyil...”

G.Əhmədova bu yerdə bildirdi ki, onun müstəntiqə səmimi şəkildə danışdığı bəzi məqamları Emzar Qocayev şahidlərin adından yazıb: “Ayıb olsun Emzara, mənim danışdıqlarımı fırladıb bu uşaqların adından yazıb. Bu uşaqlara xox gəlib... Cavan gəlinlərin başına bu oyunu açmaq, mənim yaxınlarımı mənə qarşı qoymaq kişi işi deyil. 
Müstəntiqə mən danışmışdım ki, Sevinc mənim adımdan kimlərin yanına gedib, nə qələt qarışdırıb. Gəlib qabağımda dizlərini yerə atmışdı ki, məni bağışla.
Bundan sonra deyirlər ki, gəl, istintaqla səmimi ol..."

Prokuror G.Əhmədovaya etiraz etdi:

- Gülər xanım, prokurorluqda kimə xox edirlər ki?
- Siz nə danışırsınız? O Emzar Qocayev mənə də xox gəlib, 3 dəfə millət vəkili seçilmiş, 16 il canını qoymuş adama... 36 saat ac-susuz saxlayıb məni. Siz də məni bağışlayın, heç əl-üzümü yumağa icazə verməyib bizə".

Daha sonra Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev yayılmış videoların lentə alındığı ofisdə axtarış aparıldığı haqda ifadə verdi. Bildirdi ki, o ofisin dayısına məxsus olduğunu bilib, amma orada gizli çəkiliş aparılmasından xəbərsiz olub.
G.Əhmədovanın Mürsəliyevdən xahişi oldu: “Xahiş edirəm, dayınıza deyin ki, videoların əslini göndərsin”.
A.Mürsəliyev bu xahişə müsbət cavab verdi: “Nə mən, nə də Elşad Abdullayev sizin orada oturmağınızı istəmirik. Xahişinizi isə çatdıracağam”.
Məhkəmə prosesi noyabrın noyabrın 12-də davam edəcək./azadlıq/


2038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10