Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Qubad İbadoğlu tərəfdarları Müsavatda "üsyan edir" - Foto

Hazırda Müsavatın qərargahında partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlu öz tərəfdarları ilə görüş keçirir. Əməkdaşımız xəbər verir ki, görüşdə 100-dən artıq partiya üzvü iştirak edir.

Toplantıdan məlumatları təqdim edirik. Ən yeni məlumat ən yuxarıda yerləşdirilir.

Sumqayıt müsavatçısı Məhəbbət Murad da seçkidəki bütün pozuntuların, saxtakarlığın başında İsa Qəmbərin dayandığını deyib.
Bu çıxışa Hikmət Hacızadə “başqan yaxşı oğlandır, ətrafı pis” replikasını verib.

***

Partiyanın Elman adlı sıravi üzvü:
“Mənim sözüm burda oturanlaradır. Burda oturanlardan kim qurultaya qədər İsa Qəmbərə indi dediyini deyə bilərdi? Mən hər şeyimi bu partiyanın yolunda qurban vermişəm. Mən beş il bundan öncə bildirmişdim ki, İsa Qəmbər bitib, istefa verməlidir. Bu gün Müsavatda seçki yox, əqidə pozğunluğu baş verib. Bunu bağışlamaq olmaz”.

***

Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbaslı:
“Səxavət Soltanlı bəyan etdi ki, Qubad bəyi Gənclər Təşkilatı, Qadınlar Şurası, Divan dəstəkləyir. Düzdür, amma Arif bəyi də İsa Qəmbər dəstəkləyirdi...
Pozuntuya yol verənlər tez bir zamanda cəzalandırılmalıdır. Onlar müsavatçılardan üzr istəməlidirlər. Sənəddə əksini tapan pozuntular araşdırılandan sonra yenidən yığılıb başqanın legitimlik məsələsinə baxmalı və qərar verməliyik”.

***

Əlövsət Sadıxlı:
“Mən Müsvat Partiyasının tərəfindəyəm, kiminsə yanında deyiləm. Hesab edirəm ki, mövzudan çox kənara çıxırıq...
Qurultay nümayəndələrindən biri məndən soruşdu ki, dedim Məclisə namizədəm. O adam kənara çəkilib əlindəki siyahıya baxdı və dəqiqləşdirdi ki, mənim adım siyahıda yoxdur. Mən də ondan rica etdim ki, kimi deyiblər ona səs versin. Mən bunu heş yerdə deməmişəm. Mənim tələbim ondan ibarətdir ki, bu məsələ aydınlaşdırılsın və günahkarlar cəzalandırılsın. Bu gün Müsavatda pozulan prinsiplər uğrunda hakimiyyətlə mübarizə aparırır. Daha bizim onlardan nə fərqimiz olur? Bu gün ortada qurultay günü əllərdə gəzən hazır siyahılar var. Bu məsələ araşdırılmalıdır. Heç kimə imkan verməməliyik ki, bu işi nəticəsiz buraxısn”.

***

Müsavat Suraxanı rayon təşkilatının üzvü Zakir İsmayılov “Mən intihar həddindəyəm”, - deyə qurultayın nəticəsinə etirazını bildirib. O, Qubad İbadoğludan soruşub ki, qurultayın nəticələrini tanıyır, yoxsa yox. Q.İbadoğlu da cavab verib ki, bu, araşdırmaların nəticəsindən asılı olacaq.
Zakir İsmayılov isə çıxışının davamında Arif Hacılıya səslənib: “Ambisiyanı yerə qoy, sənə münasibəti fərqli olanlarla ziddiyyətə getmə”.

***

Ellada Məmmədli:
“Bu gün Müsavatdakı bir qrup haqq yolunda olduğumuz üçün bizə hakimiyyətin demədiyi təhqirləri, hədyanları yağdırır. Ona görə ki, Arifin yox, Qubad bəyin yanındayıq. İsa bəy hər zaman partiya üzvlərini, haqlı olsalar da, susaraq çoxluğun yanında olmağa məcbur edir. Bu qrup bütün günü facebook-da bizi söyür. Biz həmişə sülh istəmişik. Bu gün Qubad bəyin seçilməməsi, ədalətsizliklə üzləşməsi yalnız İsa bəyin iradəsinə bağlıdır”.

***

Səxavət Soltanlı əks tərəfin, yəni Arif Hacılının nümayəndəsi kimi söz alıb. O, zaldakıları səbrli olmağa çağırıb. Bildirib ki, MNTK tam heyətlə Qubad İbadoğlunun tərəfində olub. Bundan sonra zaldan onun çıxışına etirazlar səslənib. 

S.Soltanlı isə çıxışını belə davam etdirib: “İlham Əliyevin sındıra bilmədiyi müsavatçıları hansısa partiya funksionerinin sındırıb özünə tabe etdirməsi inandırıcı deyil. Ona görə də  sizi vicdanlı olmağa səsləyirəm...”.

Bu yerdə Vurğun Əyyub yerdən “Sən kimsən mənə ağıl öyrədirsən?” deyə etiraz edib. 

Müsavatın Qadınlar Şurasının sədri Ellada Məmmədli isə Soltanlıya “Səni facebook-da yaxından izləyirik” deyə replika verib.

Nəticədə S.Soltanlı çıxışını yarımçıq kəsib.

***

Qubad İbadoğlu:
“Əgər biz qarşı tərəfə 40-50 səslə uduzsaydıq, bu pozuntuları gündəmə gətirməyə də bilərdik. Lakin cəmi iki səslə uduzmağımız və əldə etdiyimiz ciddi faktlar mübarizəmizin davam etməsini zəruri edir. Seçki komissiyasına müraciət edəcəyik. Pozuntular araşdırılıb bir ay müddətinə bizə izahatlar verilməlidir və günahı olan partiya üzvləri cəzalandırılmalıdır. Günahkarların cəzalandırılması hər bir müsavatçının şərəf məsələsidir. Biz partiyanın buxovlanmasını istəmirik, amma belə davam etsə, mübarizə dayanmayacaq. Biz heç kimə imkan verməyəcəyik ki, partiyanın nizamnaməsi pozulsun”.

Q.İbadoğlu məlumat verib ki, Samux rayon təşkilatında qurultaya nümayəndə seçmək üçün konfrans keçirilməyib, lakin Gəncə və Şəmikrdən bu rayon təşkiları adından nümayəndələr seşilib.

Zaldan belə fikirlər səslənib ki, pozuntulara yol verənlərin partiyadan qovulması tələbi qoyulsun.

***

Divan üzvü Hikmət Hacızadə:
“Biz ağıllı adamlarıq, əsəblərimizi qorumalıyıq. Düzdür, ola bilsin facebook-da daha az söyülən mənəm, ona görə belə sərbəst danışıram. Amma hələlik bu vəziyyəti müvafiq orqanlarda araşdırmalıyıq və onda məluma olacaq ki, biz partlamalıyıq, yoxsa yox”.

***

Növbəti çıxışçı partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvü Əlövsət Talışxanlı olub. O bildirib ki, seçkiyə qədər hər şey həll olunmuşdu. Seçkiyə ən çox müdaxilə edən isə İsa Qəmbər olub:
“İsa bəy öz hərəkətləri ilə Arif Hacılının qələbəsini təmin etdi. İsa bəy pozuntulardan sonra bildirir ki, kim hara gedir getsin. Arif Hacılı qurultaya bir gün qalmış hamının yanında bəyan edir ki, mən bilirəm İsa bəyin namizədi kimdir və onun qərarları heç vaxt məni məyus etmir. Bundan sonra hansı ədalətli seçkidən söhbət gedir? Lazım olanda İsa bəy MNTK-nı çağırır, amma başqa vaxt hərəkətsiz olur”.

Ə.Talışxanlı hazırladıqları hesabat üzrə məlumat verib ki, Arif Hacılını dəstəkləyən rayonlarda qurultaya kvotadan artıq nümayəndə seçilib. Qubad İbadoğlunu dəstəklədiyi ehtimal olunan rayonlarda isə kvotadan az nümayəndə seçilib. Bir neçə rayonda Qubad İbadoğlunu müdafiə edən şəxslər partiyadan qovulub. Bu pozuntularla bağlı İsa Qəmbərə məlumat verilsə də, o, heç bir tədbir görməyib.

O, çıxışının sonunda qurultayın nəticələrinin lağvini tələb etdiyini bildirib.

***

Qubad İbadoğlu replika verib: “Pozuntularla bağlı arayış hazırlamışıq və tələb edirik ki, bu pozuntularda iştirakçı olan bəlli adamlar cəzalandırılsın”. 

***

Müsavatın Divan üzvü Vurğun Əyyub çıxışında bildirib ki, Arif Hacılını heç vaxt partiyanın başqanı kimi qəbul etməyəcəklər:
“Qurultayın başlamasına yarım saat qalmış təşkilat komitəsinin sədri Zöhrab Məhərrəmovun bütün nümayəndələrə “Arif bəy seçilib” dediyini İsa Qəmbərə bildirsəm də, İsa bəy “Şişirtməyin” dedi. Xətai şöbəsindən bir nəfər mənə Məclisə seçiləcək adamların hazır siyahısını verdi. Bu adam eyni zamanda bu pozuntunu İsa Qəmbərə də yazdı. Amma İsa bəy hələ də bu biabırçılığa reaksiya verməyib. 
İndi mənə qara yaxırlar. Mən heş vaxt düşünə bilməzdim ki, Müsavatda bu qədər əxlaqdan və mənəviyyatdan uzaq adam var. 
Arif Hacılının qardaşı Vaqif Hacıbəyli Müsavatda nadzor olmaq fikrindədir. 
Mən Arif Hacılını başqan kimi qəbul etməmişəm, etmərəm də. 
Məni satqınlıqda ittiham edənlər bilməlidirlər ki, Qarsa balalarımı dolandırmaq üçün getmişəm, villa tikdirməmişəm”. 

***

“Biz haqqımızın tapdanmasını heç kimə güzəştə getməyəcəyik. Bizə məlumdur ki, həm seçkidən əvvəl, həm də seçki günü prosesə haram qatılıb. Biz mədəni mübarizə yolu seçsək də, başqaları bundan imtina etdi, Müsavatın yox, şəxsi mənafelərini üstün tutdular. Hazırda Müsavat partiyasını idarə edənlər hər şeyi olduğu kimi saxlamaqda maraqlıdır. Onlara güclü partiya qurmaq, ölkənin maraqlarını əsas götürmək önəmli deyil”, - deyə Qubad İbadoğlu çıxışında bildirib. 

1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı