Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

Rövnəq Abdullayevin heykəli

Odessalılar qəribə adamlardır. Onlara sual verəndə cavab əvəzinə sual alırsan. Bu üzdən hələ çoxdan bəri belə bir ifadə yaranıb - “odessasayağı cavab”. Nə isə...

Bizim məşhur neftçi, “Neftçi” klubunun yiyəsi, braziliyalıların paxıllıq elədiyi baş futbolçumuz Rövnəq Abdullayev yoldaş nəyə görəsə belə qərara gəlib ki, Odessada neft buruğunun heykəli qoyulmalıdır. Buna da dübbədüz 1 milyon dollar xərclənməlidir. Qəpik də aşağı olmaz.

İndi bütün analitik mərkəzlər girinc qalıb. Ki, bu heykələ nə hacət vardı? Durub durduğun yerdə bu məzəli ideya haradan pırtlayıb çıxdı?

Beyin mərkəzlərinin buna iki fərqli cavabı var. Bir qrup bədxərc alim iddia eləyir ki, Rövnəq müəllim düz eləyir, pulumuz çoxdur, dalı da gəlir. Pul çoxdursa, onu insaf demədən hər yerə səpələmək, hətta avara işlərə də tozlamaq olar və bu, müstəhəb, hətta savabdır. Həmin analitiklər qətiyyətlə deyir ki, Rövnəq bəy 100 faiz pulumuzun çoxluğundan vəcdə və bu cür heykəl qayırmaq qərarına gəlib.

Amma digər təhlilçilərin ayrı versiyası var. Onların sözünün canı budur ki, Rövnəq bəy uzun illərdir ev növbəsi gözləyə-gözləyə it zülmü çəkən, yataqxanalarda, kirayələrdə çürüyən neftçiləri yuxuda görəndən sonra belə müdrik qərar verib. Ayılan kimi deyib əh, 500-600 min dollar xərcləyib öz neftçilərimizə ev tikincə elə odessalılara 1 milyonluq buruq heykəli qayıraram dəəə...

Nə isə, bunlar cılxa elmi versiyalardır. Elmi də buraxmalıyıq alim ümidinə, bizlik deyil. Bizim işimiz odur ki, xəbərin məğzini deyək. Deməli, Rövnəq bəy Odessada “Azərbaycan parkı” adlı bağça qayırmaq, ortasında da neft buruğu heykəli qayırmaq istəyib. Deyib 1 milyon dolları da bu dəqiqə sayıram ha... Amma odessalılar deyib buruq heykəli olmaz. Bununla da Rövnəq bəy pərt, işsə yat-yut olub...

Əslində elə bu da heç. 1 milyon dollarımızı bu asanlıqla küləyə verə bilməməyimiz elə də böyük faciə deyil. Allah vurmuşdu xoxolları. İstəsək onların acığına Monqolustana 10 milyon dollar aparıb orada ayaqqabı və ya diş şotkası heykəli qoydura bilərik. Pulumuz kalandır. Elə məntiqimiz və ağlımız da yerindədir...

Məni burada ayrı zadlar daha çox maraqlandırır.

Birincisi, neft pulunu başqa ölkələrdə sarsaq-sarsaq layihələrə dağıtmaq belə ağıllı işdirsə, bəs onda bp, “Statoil”, “LUKoil”... kimi zırpı şirkətlərə nə çor-azar dəyib?! Onlar hələ heç öz ölkələrini demirəm, nə əcəb məsələn, bizim Biləsuvarda, Qusarda, ya da Ucarda hələ heç buruq demirəm e, adicə çəllək, kanistr, benzin şlanqı heykəli qayırmır?! Rövnəq ağanın məntiqi ilə qayırmalı idilər axı. Üstəlik nəzərə alaq ki, o şirkətlər bizim ölkədə pul qazanır...

İkincisi, Rövnəq ağanın məntiqi ilə məsələn, Ziya Məmmədov da Amerikada... (Yox, Amerikada olmaz. Bu ölkə onun oğlu Anar balanın şəxsi kolxozudur. Anar bala orada yer belləyir, lək açır, ağac əkir, qonaqlıq verir...), Amerikada yox, tutalım, Peruda, ya da lap elə İordaniyada “QAZel” heykəli qoymalıdır. Olmasın 2-3 milyon dollar. Hə, nə olsun?! Ziya müəllim “həh” desə, o pulu dözümlü camaatımızın belindən öz nəqliyyatçı qoçularına bircə aya çıxartdırar.

Ya da Ziya müəllimin qudası, təzə kənd təsərrüfatı naziri Heydər Əsədov da o hesabla tutalım, Çexiyada dəryaz, kotan heykəli qoydurmalıdır. Pulumuz kalandır axı...

Üçüncüsü, Rövnəq ağa odessalıların timsalında ukraynalılara xoşməramlı jest eləmək istəyirdisə, Odessada 10-15 uşaq bağçası, körpələr və yetimlər evi, məktəb, kitabxana, əlil, imkansız tələbə, tənha qoca... tapıb bu 1 milyonu onların vəziyyətini yaxşılaşdırmağa xərcləsəydi, bu, daha böyük effekt verərdi, nəinki o sarsaq buruq heykəli. Bunu guya lobbi qayırmaq, Azərbaycanın təbliği işinə girişmək adı ilə neft pullarını amansızlıqla sağa-sola xərcləyənlərə sadəcə başa salmaq lazımdır. Və bunu anlamaq üçün akademiya-filan bitirməyə yarım barrel də ehtiyac yoxdur. Bunları məktəb dərsliklərindən də oxuyub öyrənmək olar.

Dördüncüsü, elə bunu da məktəb dərsliyindən öyrənmək olar ki, Ukraynada neft çıxmır. Nefti xaricdən baha alan ölkədə neft buruğu heykəli qoymaq ona yandı-qındı vermək kimi ucuz bir şeydir. Bu da təzə ayaqqabısını kasıb qonşusuna göstərmək istəyən adamın yerdəki daşları təpikləyə-təpikləyə gəzməyinə oxşayır. Heç ağıllı əməl deyil. Ən azı ona görə ki, ortada təzə çəkmə dağılıb zay olur. Bir də hesab elə ki, hansısa ölkə gətirib Bakıda corab heykəli qoyur. Axı biz heç onu da qayırmağı bacarmırıqsa, o heykəl bizə ləzzət eləyər? Yox.

Yox e, oğlum, elə bilmə ki, mən Rövnəq bəyin o 1 milyonu havaya sovurmasına qarşıyam. Əsla. Cəhənnəm olsun özümüzdə 1 milyona ehtiyac duyan neftçilər. Əgər Rövnəq bəyin məhz Odessada heykəl qoydurmaq fikri qətidirsə, onda elə öz heykəlini yapdırsın. Buruq xoxollarda qıcıq doğurar, özü - yox. Elə bilərlər hansısa azərbaycanlı mütəfəkkirin abidəsidir.

Yox, Rövnəq bəy “məhz Odessa”, Odessa əhli isə “yox ki, yox” deyib dirənsələr, yenə qəm yeməyə dəyməz. ABŞ-da da Odessa adlı şəhər var. Məşədi İbad demişkən, o olmasın, bu olsun. Buruq heykəlini Amerikaya daşımaq nədir ki?! Uzağı 2-3 milyon əlavə xərcimiz çıxacaq. Cəhənnəmə ki... Pulumuz çoxdur...

Famil Cəfərli/virtualaz

2408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44