Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Müsavatçılar Milli Şuranın mitinqinə qatılacaqlar

Başqanlığa sabiq namizəd partiyadaşlarına müraciət etdi

Milli Şura 12 oktyabr saat 15.00-da Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda mitinq keçirəcək. Mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Milli Şuranın üzvləri, əsasən AXCP təmsilçiləri sosial şəbəkələrdə hər kəsi 12 oktyabr mitinqinə çağırırlar. AXCP Təşkilat Komitəsinin sədri Rafiq Daşdəmirli mitinqə ciddi hazırlaşdıqlarını bildirib.

R.Daşdəmirli hafta.az-a açıqlamasında deyib ki, hazırlıq prosesi mitinq gününə qədər davam edəcək: “Sosial şəbəkələrdə, mətbuat orqanlarında çağırışlarımızla həm də təbliğat işini yüksək səviyyədə qurmağa çalışırıq. Hesab edirəm ki, bu cür hazırlıqla keçirəcəyimiz mitinqə 10 mindən çox adam gələcək”.

Partiya funksioneri MŞ-nin Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflıdan fərqli olaraq, mitinqə dəvətlilər haqqında başqa fikirdədir: “Rafiq Manaflı bildirib ki, başqa partiyaları dəvət etməyəcəyik. Hesab edirəm ki, mitinq üçün dəvətə ehtiyac yoxdur. Bu toy deyil ki, kiməsə dəvət göndərək. Şüarlarımız bəllidir. Kim bizimlə eyni fikirdədirsə, buyurub gələ bilər”.

Mitinqə dəvət almamasına baxmayaraq Müsavat Partiyasının üzvləri də Milli Şuranın 12 oktyabr mitinqində iştirak edəcəklər. Bu barədə Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı “Yeni Müsavat!”a bildirib. Onun sözlərinə görə, mitinq “Siyasi məhbuslara azadlıq” şüarı ilə keçirildiyi üçün müsavatçılar iştirak edəcəklər: “Müsavat Partiyası həmişə ümumi maraqları partiya maraqlarından üstün tutub. Odur ki, mitinqə qatılacağıq. Şəxsən mən və ətrafımda olan dostlarım 12 oktyabr mitinqində iştirak edəcəyik. Bu mitinq siyasi məhbuslara azadlıq tələbi ilə keçirilir. Siyasi məhbuslar arasında Müsavat Partiyasının üzvləri də, dostlarımız da var.

Yəni əslində bu mitinq hansısa bir siyasi təşkilatın adına yazılacaq bir seçkiqabağı təbliğat mitinqi deyil ki, hansısa partiyanın inhisarında olsun. Bu mitinqdə iştirak edib bütün siyasi məhbuslara azadlıq tələb edəcəyik. Çox yaxşı olar ki, siyasi məhbusların azad olunmasını istəyən hər kəs 12 oktyabr mitinqində iştirak etsin. ”Filan partiyaların mitinqdə iştirakı vacib deyil" tipli fikirlər işlədilməsi isə heç də yaxşı hal deyil. Çünki siyasi məhbusların üzərindən siyasət oynamaq heç kimə, heç bir partiyaya üstünlük gətirməz. 12 oktyabr mitinqinin təşkilatçılarından və iştirakçılardan xahişimiz bu olardı ki, bu məsələni siyasi rəqabət halına gətirməsinlər. Aksiyanın daha kütləvi keçirilməsi və siyasi məhbuslara xeyir gətirməsi üçün addımlar ataq. Mən Müsavat Partiyasının üzvlərinə çağırış edirəm ki, siyasi məhbuslara azadlıq şüarı ilə keçirilən mitinqə qatılsınlar. Müsavat Partiyasının Divanı hələ formalaşmayıb. Yəqin ki, indiyə qədər formalaşmış olsaydı 12 oktyabr mitinqi ilə bağlı partiya olaraq rəsmi qərar da verilərdi. Buna əminəm".
1019 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı